Məhkəmə qərarları › İş №2(049)-4484/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4484/2025

09.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4484/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - iddiaçı X4 Cavabdeh qarşı torpaq sahəsi və onun üzərindəki evin mərhum Muradov Cəfərin vəsaiti hesabına alındığının və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı Muadov Nikita Cəfəroviç Cavabdeh qarşı torpaq sahəsi və onun üzərindəki evin mərhum Muradov Cəfərin vəsaiti hesabına alındığının və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi bir çox prosessual normalarının tələblərinə cavab vermədən verildiyindən, geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbləri qeyri müəyyəndir. O, tələbində 1. Lənkəran şəhərində yerləşən və Cavabdeh adma rəsmiləşdirilmiş torpaq sahəsinin və onun üzərindəki evin mərhum Muradov Cəfərin vəsaiti hesabına alındığını və tikildiyini tanımağı; 2.Həmin torpaq sahəsi və evin mülkiyyət hüququnun Muradov Cəfərin varisi kimi onun İddiaçı adına tanınmasını təmin etməyi; 3.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373 və 377-ci maddələrinə əsasən iddia müddətinin bərpasına dair qərar qəbul edilməsini; 4. Qəbul edilmiş qərarda Daşınmaz Əmlakın Reyestr xidmətinin qarşısını, bu torpağın və evin mənim İddiaçı adma rəsmiləşdirilməsini öhdəçilik qoyulmasını tapşırıq verilməsini və məhkəmə xərclərinin cavabdehdən tutulmasının təmin edilməsini xahiş etmişdir. Lakin torpaq sahəsinin və onun üzərindəki evin hansı ünvanda yerləşdiyini göstərməməişdir. Onun 4-cü tələbi ümumiyyətlə ümumi məhkəmələrin səlahiyyətlərinə daxil deyildir. Həmin səlahiyyət İnzibati məhkəmələrə verilmişdir. Qeyd edilməlidir ki, Rusiya Federasiyasında verilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq azərbaycan dilinə tərcümə olunaraq işə əlavə edilməli etibarnamədən görünür ki, Nikita iddia ərizəsini imzalamaq səlahiyyətini Nümayəndə vermişdir. Yalnız bu etibarnamə əsasında sonuncu ilə Nikita arasında yaxın qohumluq əlaqələrinin olmasını təsdiq edən sənəd olmadan Teymurun həmin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin “Qeyd” hissəsinə əsasən yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aiddirlər. Lakin, Teymur Nikitanın bu “Qeyd”də göstərilən şəxslərin dairəsinə daxil olduğuna dair müvbafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda, hazırki vəziyyətdə onun Nikitanın adından iddia ərizəsini imzalamaq sələhiyyəti yoxdur. Bundan da əlavə, iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq rus dilində tərtib olunmuş sənədlərin azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş variantlarını da iddia ərizəsinə əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən isə məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının tələbini dəqiq ifadə etməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, eləcə də iddia ərizəsini imzalayan şəxsin bunu imzalamağa səlahiyyəti təsdiq edən müvafiq sənədini iddia ərizəsinə əlavə və bir sıra sənədləri tərcümə etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün X2 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qaytarıldığına görə 100 manat dövlət rüsumu onu ödəmiş şəxsə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1-ci,152-ci, 263-264cü, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı X4 Cavabdeh qarşı torpaq sahəsi və onun üzərindəki evin mərhum Muradov Cəfərin vəsaiti hesabına alındığının və s. tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçıya, eləcə də, xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu onu ödəmiş şəxsə geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar