Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-487/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2022-ci ol tarixli 028305 nömrəli akt əsasında yazılmış 706 manat cəriməmi azaldılmasına tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 028305 nömrəli akt əsasında yazılmış 760 manat cərimənin azaldılmasına dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Lənkəran rayonu Təngivan kəndində yaşayır. Evinin Cavabdeh tərəfindən elektrik xətti və sayğacı ilə təmin edilib.Bu ilin May ayının sonlarında sayğacın balansında vəsait bitdiyi üçün evində işıqlar sönmüş. Kəndində və yaxın ərazidə ödəmə terminalı olmadığı üçün həmin günü karta pul yükləyə bilməmiş. Gecəni işıqsız qalmamaq üçün sayğacın giriş xəttindən bir gecə istifadə etmək üçün evə işıq vermiş. Səhəri gün isə işıq kartına pul yüklədikdən sonra həmin xətti ləğv etmiş. Bundan bir neçə gün sonra özünü X6 Cəmiyətinin mühəndisi kimi təqdim edən Nazim adında biri nəfər onların elektrik sayğacımıza baxış keçirmiş. Sonra sayğacın və elektrik xətlərin şəklini çəkərək çıxıb getmişdir. Daha 2-3 həftə sonra kəndin nəzarətçisi ona 706 manat cərimə yazıldığını bildirərək onu ödəməli olduğunu ödəməyəcəyi halda isə 2-gün ərzində işıqları kəsəcəklərini bildirmişdir. O nə vaxtı və hansı səbəbə cərimə edildiyimi soruşanda o özünün də dəqiq məlumatı olmadığını, Bakıdan gələn yoxlamanın onu cərimə etdiyini qeyd edərək, daha dəqiq məlumat üçün idarəyə getməyini xahiş etmişdir. 30 avqust tarixində Lənkəran Elektrik şəbəkəsinə müraciət etmişdir. Oradan ona bildirildi ki, sayğacdan kənar xətt çəkildiyi üçün xx.xx.2022-ci il tarixdə Nazim Qurbanov adlı əməkdaş lərəfindən sizə akt tərtib edilib. O, aktın surətinin verilməsini xahiş etmişdir. Həmin aktda qeyd edilmişdi ki, o sayğacın giriş xəttini evin damına salaraq oradan da kənar xətt çəkmişdir. O, səmimi olaraq etiraf edir ki, karta pul yükləyə bilmədiyi üçün bir gecəlik qaranlıqda qalmamaq məqsədilə işıqdan istifadə etmişdir. Səhəri günü də həmin xətti ləğv etmişdir. Amma bir gecə istifadə etdiyi enerjiyə görə o təxminən 2-illik sərfiyatı qədər cərimə olunmuşdur. Bu səbəbdən cərimə həddindən çox şişirdilmiş və azaldılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmədə elan olunmaqla araşdırılmış 17 iyun 2022-ci il tarixli, 028305 nömrəli aktdan görünür ki, İddiaçı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evindəki sayğacdan kənar xətdən istifadə müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qərarın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Qeyd olunan qərarın 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPm-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 028305 nömrəli akt əsasında yazılmış 706 manat cərimədən 680 manat silinsin və həmin akt əsasında istehlakçı İddiaçı üzərində 26 manat cərimə saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-487/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-487/2023
10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver