Məhkəmə qərarları › İş №2(049)-513/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-513/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-513/2024 15.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən istehlakçı kimi ona hesablanmış 3110 manat 40 qəpik məbləğində bocun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqsiri sübut edilmədən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla və “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” sənədi üzrə qazdan sayğacdan kənar qanunsuz istifadə halına görə 360 gün, hər gün 12 saat müddətində istifadə nəzərdə tutulmaqla 25920 m3 həcmində 3110 manat 40 qəpik məbləğində itirilmiş qazın bərpası göstərişi verilmişdir. Qanunsuz və əsassız hesablanmış 3110.40 manat məbləğindəki borc onun adına olan "Abonent Saldosu” sənədinin 2023-cü ilin sentyabr ayı qrafasına onun adına yüklənilmişdir. İstehalkçı hüquqlarını məhkəmə qaydasında müdafiə etmək üçün borcun hesablanması üçün əsas sayılan sənədlərin təsdiq edilmiş surətlərinin bəzilərini ala bilsə də X4 İstismarı İdarəsindən onunla bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətini tapıb ona verə bilmədilər. Ona hesablanmış 3110.40 manat məbləğindəki borc qanunsuz və əsassız olduğundan həmin borcun silinməsini tələb edir. Lənkəran şəhəri, Əliağa Vahid küçəsinin təzə məhəlləsindəki fərdi yaşayış evində 2020-ci ilin fevral ayından **********00011 saylı abunəçi kodu üzrə təbii qaz istehlak edir. Evinin qaz sayğacı "Smart’ tipli qaz saygacı olmaqla küçə ərazisində yerləşir. Həmin sayğaca kart vasitəsi ilə pul yüklədikdən sonra qaz istifadə etmək olur. Sürücü olduğundan çox vaxtı evdə olmurular. O, uzaqlarda, həyat yoldaşı isə ata evində olur. Evdə olmadığı vaxtlarda da qazdan istifadə edən olmur. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən, həyətinin daş hasarından təxminən 6 (altı) metr aralıda, “X1’’nin daş hasarı dibində, orta təzyiqli qaz xətti üzərində dəmir boru birləşməsinə keçən və yerin alt hissəsində yerləşən rezin boru xətt birləşməsi aşkar edilmişdir. Cavabdehin nümayəndələrinin dediklərinə görə həmin sayğacdan kənar rezin boru təxminən 1.0 metr uzunluğunda, onun daş hasarına təxminən 4.5-5 metr qalmış “X1”nin daş hasarının dibində, yerin altında torpaq altında olmaqla, son-uc nöqtəsi kəsilmiş və rezin boruya tıxac vurulması aşkar edilmişdir. Həmin yerdə onun tərəfindən dəfnə ağacı da əkilmişdir. Yəni, sayğacdan kənar rezin boru xətti nəinki onun daş hasarının altından keçməmiş, hətta onun daş hasarından 4.5-5 metr aralıda torpaq altında olmaqla əkdiyi ağacdan daş hasarına tərəf keçməmişdir. Bununla təsdiq olunur ki, qanunsuz qaz xəttinə birləşmə nəticəsində qazdan istifadə halı deyil, qaz xəttinə rezin boru ilə qanunsuz birləşmə faktı aşkar edilmişdir. Həmin məqamda isə evdə olmadığından mövcüd vəziyyəti ona cavabdehin nümayəndələri olan ******* nömrəli aktı tərtib edənlər izah etmişlər. Aktın tərtib edilməsindən xəbəri olmamışdır, xəbəri olsaydı, belə ona imza etməzdi. Çünki həmin akt qanunsuz və əsası olmayan bir aktdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, məhkəmədə mübahisələndirdiyi aktda qeyd edilən sayğacdan kənar aşkar edilən az xətti onun evinə getməmişdir, o, heç vaxt həmin xəttdən istifadə etməmişdir. Həmin aşkar edilmiş sayğacdan kənar xətt onun daş hasarının başlanğıcından 7 metr kənarda yerləşmişdir. Cavabdeh təşkilatın nümayndələri onun qaz sayğacına az məbləğdə pul yüklənməsinə əsaslanaraq həmin xəttin onun evinə getdiyini ehtimal edərək, onun üçün 3110 manat 40 qəpik əlavə borc hesablamışlar. Lakin həmin aşkar edilmiş xəttin hara istiqamətləndiyi cavabdeh təşkilatın nümayədələri tərəfindən araşdırılmamışdır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 09 oktyabr 2023-cü il tarixdə “Azəriqaz” X2 rayon Qaz İstismat İdarəsinin əməkdaşları tərəfindən ərazidə müvafiq yoxlama işləri aparılarkən sayğacdan kənar qaz xətti aşkar edilmişdir. Həmin qaz xəttindən iş üzrə iddiaçı olan abonent İddiaçı tərəfindən istifadə edildiyi müəyyən edilmiş, bu barədə müvafiq akt tərtib edilərək İddiaçı həmin xəttdən istifadəyə görə 3110 manat 40 qəpik borc hesablanmışdır. Həmçinin həmin sayğacdan kənar xətt aşkar edilən zaman videoçəkiliş aparılmışdır. Eyni zamanda abonentin saldosuna baxdıqda müəyyən edilir ki, həmin xətt aşkar edildikdən sonra abonent İddiaçı təbii qazdan istifadə ilə əlaqədar ödənişləri artmışdır ki, bu fakt da onu sübut edir ki, həmin sayğacdan kənar xəttdən İddiaçı özü istifadə etmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-ci il tarixdə saat 16:00-da “Azəriqaz” X2 rayon Qaz İstismat İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhəri, Ə.Vahid küçəsində yoxlama aparılaraq “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunaraq, həmin aktda “abonentin sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni olaraq qazdan istifadə etməsi” qeyd edilmişdir. “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən və abonentin saldosundan görünür ki, abonent İddiaçı xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında dəymiş ziyanın hesablanması ilə əlaqadar 6 kib.metr günlük qaz sərfiyyatına dair, günlük iş rejimi 12 saatlıq, 360 günlük = 25920 kub metr qaz sərfiyyatına görə 3110 manat 40 qəpik qaz borcu hesablanmışdır. Cavabdehin nümayəndəsin tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş videoçəkilişə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, həmin videoçəkilişdə yoxlama zamanı küşədə yerləşən qaz xəttinə qoşulmuş sayğacdan kənar xətt aşkar edilir, həmin xətt aşağıya yəni yerə doğru qaz xəttini saxlayan boru dirəyin içinə doğru yönəlmişdir. Lakin videoçəkilişin davamında həmin sayğacdan kənar xəttin hansı abonen tərəfindən istifadə edilməsinə dair müvafiq araşdırılmanın aparılması, yəni qazıntı işləri aparılaraq qaz xəttinin hansı ünvana doğru getməsinin araşdırılması müəyyən olunmur. Aşkar edilmiş həmin xətt videoçəkilişə baxış keçirilərkən iddiaçının və cavabdehin nümayəndəsinin qeyd etdiyi xüsusatlar üzrə iddiaçının həyətinin başladığı hissəyə təxminən 6 -7 meetr aralıda yerləşir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azəriqaz” X2 rayon Qaz İstismat İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhəri, Ə.Vahid küçəsində yoxlama aparılarkən sayğacdan kənar xətt aşkar edilmiş, bu barədə müvafiq akt tərtib edilərək, həmin xəttdən istifadə ilə əlaqadar iddiaçıya borc hesablanmış, lakin aşkar edilmiş sayğacdan kənar qaz xəttinin hansı ünvana doğru getdiyi və hansı kimin tərəfindən istifadə edildiyinə dair məhkəməyə müvafiq sübut təqdim edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Araşdırma zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının ünvanına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ümumilikdə 3110,4 manat borc hesablanmışdır. Zərərin hesablanmasına əsas olmuş akt isə tərtib edilən zamanı iddiaçı və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş və aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Eyni zamanda iddiaçı məhkəmə iclasında həmin ünvanda onun tərəfindən qanunsuz qoşulma halına yol verilmədiyini qeyd etmişdir ki, cavabdeh tərəf bu halı təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Ümumilikdə, məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən iddiaçı X3 abonent koduna (abonent kodu **********00011) hesablanmış 3110.40 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00011) hesablanmış 3110 manat 40 qəpik məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar