Məhkəmə qərarları › İş №2(049)-514/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-514/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-514/2025 01.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh Oktay oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Oktay oğluna qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Oktay oğluna qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, 8000 manat pulun, 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Oktay oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Lənkəran rayonu, Xarxatan kənd tam orta məktəbində müəllim işləyir. On ildən çoxdur Cavabdeh Oktay oğlunu tanıyır və onunla dostluq münasibəti olmuşdur. Özünə məxsus kompüter və digər əşyalar alıb uşaqların əyləncə yeri olan “Playstation” deyilən bir məkan işlədərək qazanc əldə etmiş, lakin həmin məkanda oğruluq hadisəsi olduğuna görə oranı bağlamalı olmuşdur. Sonra da əşyaları satmaq məcburiyyətində qalmış, 2020ci il tarixdə cavabdeh kompyuter və digər əşyaları ondan istədiyi üçün aralarında razılaşaraq 9000 manat məbləğində ona satmışdır. Cavabdeh hər ay ona 280 manat verməklə 3 ay ərzində cəmi 840 manat vermiş, sonra pandemiya düşdüyündən borcu qaytarmağa imkan edə bilməmişdir. Lakin obyekti, torpağı, evi və avtomobili olduğunu, ayrı-ayrı vaxtlarda hər dəfə onları satıb pulunu qaytaracağını vəd etsə də, borcunu halhazırki vaxtadək qaytarmamışdır. Dəfələrlə cavadeh və onun qardaşı ilə söhbət etmiş, lakin verdikləri sözə əməl etməmişlər. Bununla bağlı telefon yazışmaları və səs yazıları da var. Cavabdehlə aralarındakı razılaşmadan xeyli vaxt keççə də, cavabdeh onun borcunu könüllü olaraq qaytamadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Oktay oğlu iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ilə aralarında olan razılaşma əsasında ondan üçüncü əl kömpüter və digər əşyalar almış və həmin əşyaların müqabilində 6500 manat ona pul verəcəyini demişdir. O, həmin məbləğdən 2000 manat pul məbləğini hissə-hissə olmaqla iddiaçıya qaytarmış, qalan məbləği də maddi vəziyyətilə əlaqədar qaytara bilməmişdir. Onun mülkiyyətində avtomobili olmuş və onu satıb pulunu aldıqdan sonra borcunu qaytamaq fikri olsa da, avtomobilini satan Azər adlı şəxs onun avtomobilini satsa da pulunu verməmişdir. Belə ki, o, sonradan həmin şəxsin onunla yanaşı başqa şəxslərin də avtomobilini satıb pullarını qaytarmadığını, dələduzluq etdiyi üçün hüquq mühafizə orqanları tərəfindən saxlanıldığını eşitmişdir. İddiaçı ilə aralarında yaranmış mübahisə ilə əlaqədar qardaşı ilə iddiaçı arasında da söhbət olunmuşdur. O, İddiaçı borclu olduğunu etiraf edir, lakin tələbdə qeyd olunan məbləğlə razılaşmır. Çünki, iddiaçıdan pul deyil, əşyalar almış və razılaşdıqları məbləğ tələbdə qeyd olunan məbləğ deyil. Əşyaları aldığı vaxtdan xeyli vaxt keçdiyi üçün o, hazırda 7000 manat iddiaçıya qaytarmağa razıdır. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, İddiaçı cavabdeh X1 şikayətlənərək ondan kompüter və digər əşyalar aldığını və əvəzi olaraq 9000 manat pul verməyə razılaşmalarını, sonra da cavabdehin həmin pulu verməkdən yayındığını demişdir. O da hazırki mübahisəyə aydınlıq gətirmək üçün qohumu olduğu Cavabdeh Oktay oğlunu və onun qardaşı Elşəni çağırıb onlarla ayrı-ayrılıqda bu barədə söhbət etmişdir. Cavabdeh tərəf iddiaçıya borclu olduğunu və həmin borcu torpağını satıb qaytaracağını demişdir. Lakin, hal-hazıra kimi borc qaytarılmamlışdır. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. İddiaçı müəllimdir və onu müsbət insan kimi tanıyır. O, qardaşı Elşadla Pərviz müəllim arasında olan razılaşmada iştirak etməmiş, onların bir-birinə nə qədər pul borclu olduqlarını bilmir. Sadəcə qardaşının Pərviz müəllimdən kompüter və digər əşyalar aldığını və həmin əşyalara görə ona pul verəcəyini bilir. Sonra o, Pərviz müəllimlə özü bu barədə söhbət etmiş, müəllim əvvəlcə qardaşının ona hazırki iddia tələbində göstərdiyi məbləğdən az borcu olduğunu demiş, sonradan məbləği çoxaltmışdır. Qardaşı Elşad iddiaçıya borlu olduğunu özü də etiraf edir, lakin tələbdə göstərilən məbləğlə razılaşmır. O, Pərviz və Elşadın özlərinin aralarında razılığa gəlib məsələni həll etmələrini xahiş edir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh Oktay oğlu nisyə olaraq satın aldığı əşyaların dəyərini tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürsə də, həmin razılaşma üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. İddiaçı isə tərəflər arasında bağlanmış şifahi müqavilədən irəli gələn öhdəliklərini icra etməklə, həmin müqavilədə nəzərdə tutulan əşyanı alıcının, yəni cavabdehin mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, cavabdeh nisyə olaraq, yəni dəyəri sonradan ödənilmək şərti ilə kompüter və digər əşyaları almışdır. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan nisyə mal aldığını, həmin malların dəyəri kimi hazırda 7000 manat borcu olduğunu inkar etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Elşən Məmmədov cavabdehin İddiaçı nisyə olaraq aldığı əşyalara görə borclu olduğunu (yəni, cavabdehin etiraf etdiyi kimi 7000 manat) təsdiq etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçıya nisyə olaraq aldığı əşyaların dəyərindən hazırki tarixə 7000 manat borcunun olması faktını qəbul edir. Məhkəmə cavabdehin nisyə olaraq aldığı əşyaların ümumi dəyərinin hansı hissəsinin indiyədək ödənilməmiş qaldığı barədə tərəflərin dəlillərinə müqayisəli şəkildə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı həmin məbləğin 8000 manat olduğunu iddia etsə də, cavabdeh cəmi 7000 manat borcu qaldığını bildirmişdir. İddiaçı qalıq borcun miqdarının cavabdehin qeyd etdiyindən daha artıq olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının öz iddia tələbinin əsası olaraq digər sübut kimi istinad etdiyi, onun öz təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində cavabdehin iddiaçıdan nisyə olaraq məişət avadanlıqları aldığını təsdiq etsə də, cavabdehin iddiaçıya olan borcundan nə vaxt və nə qədər qaytarmasından, hazırki borc qalığından məlumatı olmasını dəqiq ifadə edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçıdan nisyə olaraq aldığı məişət avadanlıqlarına görə ödənilməmiş qalan borcun miqdarını cavabdehin özünün etiraf etdiyi həcmdə, yəni 7000 manat miqdarında sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların ödənilməmiş qalan dəyəri olaraq cavabdehdən 7000 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçı tərəfdən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin 90 manatdan ibarət hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənlməsini, 10 manatdan ibarət hissəsinin isə iddiaçının özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Şərh edilənələrə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Oktay oğlundan 7000 manat məbləğində pul və 90 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləğinin qalan 10 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar