Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-535/2023 28.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X23 Əhmədağa oğlunun sədrliyi, Məhkəmənin iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 28 aprel 2023-cü il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1948-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, hazırda Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Qızlıq soyadı Nurullayeva olmuş, xx.xx.1965-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olduqdan sonra Məmmədova soyadını qəbul etmişdir. 10 övladı doğulmuş, onlardan X14 03 iyul 2002-ci il tarixdə ölmüşdür. X10 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonunun Separadi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ona və digər övladlarına verilmiş torpaq sahələrinin qonşuluğunda yerləşdiyindən Vüqar sağlığında həmin torpaq sahəsindən istifadə etmədiyi üçün torpaq sahəsinin onlar tərəfindən istifadə olunmasına etiraz etməmiş, həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə torpaqdan təyinatı üzrə istifadə etməklə həmin miras əmlakı faktiki olaraq qəbul edib ondan istifadə edirlər. Mərhüm oğlu X27 adlı qadınla ailə həyatı qurmuş, lakin onların nikahı rəsmiləşdirilməmişdir. Onların birgə münasibətindən cavabdehlər Gülşən və İlahə doğulmuşlar. Vüqarın arvadı Vəsilə və Gülşən birlikdə Bakı şəhərində yaşamaqla müvafiq olaraq Məmmədova və Məmmədzadə soyadını daşıyırlar. Cavabdeh İlahə isə ailə qurması ilə bağlı olaraq hazırda Hacızadə soyadını daşıyır. Vüqar vəfat etdikdən sonra Vüqarın övladları və faktiki nikah münasibətində olduğu arvadı Bakı şəhərində yaşamağa başlamış və hazırda da 20 ildən artıqdır ki, Bakı şəhərində yaşayırlar. X12rın razılığı ilə ailə üzvlərinə və yaxın qohumlarına məxsus olan torpaq sahələrində sahibkar kimi kənd təsərrüfatı məhsullarının istehsalı ilə maşğul olur və ailə üzvlərinə maddi köməklik edir. Onun fəaliyyəti ilə bağlı olaraq “LENK- FRUİT“ MMC ilə məhkəmə mübahisəsi olmuş və 02 dekabr 2022-ci il tarixdə Masallı rayon Məhkəməsinin inzibati binasında (məhkəmə kompleksində) Şirvan Apelyasiya Məhkəməsinin icraatında olan işin məhkəmə baxışı zamanı "xxxx" MMC-nin rəhbəri Valehin onlara qarşı qaldırdığı iddialardan imtina etməyəcəyi halda Vüqarın torpaq sahəsindən çıxaracaqları ilə hədələyərək həmin torpaq sahəsini vərəsəlik qaydasında alqı-satqı yolu ilə aldıqlarını və həmin torpağın mülkiyyətçiləri onlar olduğunu bildirdikdən sonra Vüqarın birinci növbə vərəsəsi kimi notariat kontoruna xx.xx.2022-ci il tarixdə müraciət etmiş və mübahisələndirdiyi qanun üzrə vərəsəlik şəhadətnamənin surətini notariat kontorundan götürmüşdür. Həmin şəhadətnamə ilə tanış olandan sonra ona məlum olmuşdur ki, vərəsəlik işi açılarkən ərazi nümayəndəliyi vərəsə kimi yalnız cavabdehlər olan nəvələrinin adlarını qeyd etmiş, onun, Vüqarın anası olaraq adını isə göstərməmiş, müvafiq vərəsəlik şəhadətnaməsini alan nəvələri həmin vərəsəlik şəhadətnaməsi əsasında adlarına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alaraq onu bütünlüklə mirasdan məhrum etmiş, həmin Çıxarışa əsasən 3 gün sonra "xxxx" MMC ilə alqı satqı müqaviləsi bağlayıb həmin 0.14 ha torpaq sahəsini satmışlar. Yuxarıda göstərdiyi kimi qeyd olunan daşınmaz əmlak oğluna məxsus olmaqla ondan miras qalmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərasə kimi miras mərhum Vüqar Məmmədovun övladları və anası arasında bərabər bölünməlidir. Yəni, vərəsəlik şəhadətnaməsində cavabdehlərə hər birinə 1/3 pay olmaqla ümumilikdə 2/3 pay, ona isə 1/3 pay verilməli olduğu halda,vərəsəlik şəhadətnaməsində miras tamamilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş, nəticədə mərhum oğlu Vüqar Məmmədovdan qalan miras əmlaka onun hüquqları pozulmuşdur. Sadalanları nəzərə alaraq məhkəmədən Qanun üzrə vərəsəlik hüququ haqqında 25 noyabr 2022-ci il tarixli V-723/2022 reyestr nömrəli şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın, həmin Çıxarış əsasında bağlanılmış 28 noyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə üzrə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək bildirdi ki, oğlundan miras qalmış torpaq onundur və o, onu satmaq istəmir. O, mirasdan nəvələrinin xeyrinə imtina etməmişdir. Həmin imtinanı təsdiq edən ərizə ilə bağlı bildirir ki, o, Separadi kəndində, 2 mərtəbəli evdə tək qalır. 76 yaşı vardır. Kiril əlifbası ilə yazıb oxuya bilir. Latın qrafikalı əlifbanı bilmir. Cavabdehlər Gülşən və İlahə nəvələridirlər. 2022-ci ilin dekabr ayında, gecə saat 12 radələrində evində tək olduğu zaman əvvəllər tanımadığı bir şəxs onun yanına gəlmiş, ona bildirmişdir ki, sənədə imza elə ki, gəlininin satdığı torpağı geri götürəsən. O da latın qrafikalı əlifbanı bilmədiyi üçün həmin şəxsə inanaraq onun təqdim etdiyi sənədi 2-3 yerdə imzalamışdır. Məhkəmədə iddiaçının nümayəndəsii X15 iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının güya öz miras payından nəvələrinin xeyrinə imtina etməsi barədə yazdığı ərizə saxtadır. Belə ki, onun imzasını təsdiqləyən kənd İcra Nümayəndəliyinin ştampı vurulsa da, möhür vurulmamışdır. Həmin ərizə kənd İcra Nümayəndəliyinin kitabında qeydə alınmamış və həmin ərizədən kənd İcra nümayəndəsinin xəbəri olmamışdır. Həmin ərizəni kənd İcra nümayəndəsinin müavini iddiaçını aldadaraq imzalatdırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər cavabdehlər-Lənkəran rayonu 1 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi İdarəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Lakin üçüncü şəxsin nümayəndəsi məhkəməyə ərizə və məhkəmə çıxışını yazılı surətdə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə hüquqi şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sayır. xx.xx.2023-cü il tarixdə məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrıayrılıqda iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçı olan nənələri öz miras payından onların xeyirlərinə imtina etmişdir. Əvvəlki məhkəməiclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri “BHM və Partnyortları” Vəkil Bürosunun vəkili X8 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X19 ayrı-ayrılıqda iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. X1 əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında iddiaçı mirasadakı öz payından nəvələrinin xeyrinə imtina etdiyini dansa da, kənd İcra Nümayəndəliyin qeydiyyat jurnalda icra olunan imza məhz onun tərəfindən icra edilmişdir. "xxxx" MMC-i vicdanlı alıcıdır. Belə ki, o, qanuni əsaslarla həmin torpaq sahəsini onu satan iddiaçının nəvələrindən satın almışdır. Hətta iddiaçının nümayəndəsi Valeh Məmmədzadə də öz torpağını "xxxx" MMCə təklif etmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirlən zaman "xxxx" MMC-nin tərəflər arasında mübahisənin olduğundan xəbəri olmamışdır. "xxxx" MMC-nin aldığı torpaq sahəsində Valehə məxsus tövlə mövcud deyil. O, həmin tövləni başqa bir ərazidə tikdirib. X3 isə əlavə olaraq göstərdi ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikinti aparılması qadağandır. X1 əlavə olaraq məhkəməyə yazılı məhkəmə çıxışını ünvanlayaraq göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər və iddiaçı tərəfindən məhkəmədə qeyd edilən məsələlərlə bağlı aşağıdakıları yazılı olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir:
1. İlkin olaraq iddiaçı və onun məhkəmədə verdiyi izahatlarının, verilmiş suallara cavablarının üst-üstə düşməməsi, ziddiyyətli olmasını məhkəməyə bildirmək istəyir. Belə ki, iddiaçı izahatında ötən ilin dekabr ayında gecə saat 12.00 radələrində onun evinə tanımadığı bir şəxsin gələrək iddiaçıya bir neçə sənəd imzalamalı olduğunu, həmin sənədlər əsasında miras əmlakın iddiaçıya qaytarılacağını bildirdiyini deyir. İddiaçının ifadəsinin son dərəcə absurd səslənməsini kənara qoymaq istəsə də, “gecə saatlarında yad bir insanı nə üçün evinə buraxasan”, “yuxarı mərtəbədə oğlu və nəvəsi olduğu halda iddiaçının onlara bu barədə məlumat verməməsinin səbəbi nə idi”, “guya tanımadığı bir insanın verdiyi sənədləri iddiaçı nə üçün imzalamışdır”, “torpaq sahəsi kimdən iddiaçıya keçməli idi” kimi suallar cavabsız qalmışdır. Qeyd etmək istəyir ki, həmin suallar məhkəmə iclası zamanı iddiaçıya verilsə də, adekvat bir cavab alınmamış, iddiaçı yalnız gözünün yaxşı görmədiyini, özünün isə savadsız olduğunu bildirmişdir. Bütün bunları doğru məlumat kimi qəbul etmək olardı, lakin iddiaçının gözünün yaxşı görmədiyi, evdən çıxmadığı və savadsız olduğu doğrudursa, onda o necə 3 dəfə notariat ofisinə gedərək öz nümayəndəsinə etibarnamə verə bilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı öz nümayəndəsinə verdiyi iki etibarnamə və bir etibarnamənin ləğvi barədə ərizə üçün ən azı 3 dəfə Lənkəran rayon notariat ofisinə gedib-gəlib. Yəni, iddiaçı özünə sərf edən vaxt gözü də görür, savadlı da olur və s. Görünən isə odur ki, iddiaçı və onun nümayəndəsi məhkəməni və məhkəmə iştirakçılarını ağ yalanları ilə aldatmağa çalışır. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, iddiaçının ərizəni dekabr ayında imzalaması ilə bağlı göstərdiyi hal da öz əksini sübutlarda tapmadı. Belə ki, məhkəmənin və proses iştirakçılarının iştirakı ilə icra nümayəndəliyinin jurnalına keçirilmiş baxış zamanı iddiaçının imzaladığı ərizənin noyabr ayında jurnala işlənildiyi, həmin qeyddən əvvəl və sonra nömrələnmədə və tarixlərdə hər hansı bir uyğunsuzluq, ardıcıllığın pozulması aşkar edilmədi. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı verdiyi ərizənin mahiyyətini anlamadığını, jurnalda isə onun imzasının özü tərəfindən çəkilmədiyini bildirsə də, adıçəkilən sənədlərin etibarsızlığı iddiaçı tərəfindən bu günə qədər də mübahisələndirilməmişdir.
2. Çıxışında münasibət bildirmək istədiyi digər hal, iddiaçının iddia ərizəsində torpaq sahəsinin 1/3 hissələrdə cavabdehlər Gülşən və İlahənin paylarını tanımağı, lakin iddia tələblərində vərəsəlik haqqında şəhadətnamənin tam şəkildə etibarsız hesab edilməsini tələb etməsidir. Əgər iddiaçı torpaq sahəsinin 2/3 hissədə Gülşən və İlahəyə məxsus olmasını təsdiq edirsə, onda nə üçün şəhadətnamənin qismən deyil, bütövlükdə ləğv edilməsini tələb edir? Əslində iddiaçının belə bir iddia tələbləri ilə məhkəməyə müraciət etməsinin səbəbi "xxxx" MMC-nin mülkiyyətində olan hazırki torpaq sahəsinin X15 tərəfindən qanunsuz istifadəsinə son qoyulmaqla boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə məhkəmədə qaldırdığı iddia tələbləridir. Belə ki, torpaq sahəsi "xxxx" MMC-yə satıldıqdan bir müddət sonra torpaq sahəsinin X6 qanunsuz istifadəsində olması məlum olmuş, mülkiyyətçi öz hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. X15 mübahisəli torpaq sahəsinə heç bir hüququ olmadığından, nənəsi olan İddiaçı Yadulla qızının miras əmlak payından imtinasından imtina etməsi üçün onu yola gətirmiş, bu yolla o digər məhkəmə işinə təsir göstərməyə çalışaraq torpaq sahəsinin boşaldılmasını yubatmağa çalışır.
3. Məhkəmənin diqqətinə çardırmaq istəyir ki, iddiaçının mübahisə etdiyi Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,14 ha olan torpaq sahəsini iddiaçı "xxxx" MMC birgə mülkiyyətçilər Cavabdeh2 və Cavabdeh3 dəyəri ödənilməklə AN- İ N1106458 saylı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqı-satqı müqaviləsi əsasında iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış, iddiaçıya qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli elektron çıxarış və torpaq sahəsinin AN810198 saylı11.2022-ci il tarixli plan və ölçüsü verilmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı və mülkiyyətçilər arasında hər hansı bir mübahisənin olması barədə "xxxx" MMC məlumatlı olmamış, ümumiyyətlə torpaq sahəsi barədə həmin vaxt tərəflər arasında mübahisə olması təsdiqlənmir. "xxxx" MMC vicdanlı əldə edən olaraq ərazidə bir çox torpaq sahəsini mülkiyyətçilərdən dəyəri ödənilməklə əldə etmişdir. Hazırki müqavilə də istisna olmayaraq bütün alqı-satqı müqavilələri, mülkiyyətçilərin hüquqlarının dövlət qeydiyyatı yoxlanılmaqla, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyi təsdiq edildikdən sonra, hər hansı mübahisə olmadığı dəqiqləşdikdən sonra bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Yadulla qızının iddia tələbləri tam olaraq əsassızdır və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul etməyinizi xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli, Lənkəran Rayonu Separadi Kənd İcra Nümayəndəliyi barəsində ayrıca xüsusi qərardad çıxarılmaqla həmin qərardad nümayəndəliyin əməllərinə qiymət verilməsi üçün Lənkəran Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan JN-596 saylı, 80220018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair “Dövlət Aktı”nın surətindən görünür ki, Lənkəran rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə mərhum X2 təsərrüfatı məhsulları istehsalı məqsədilə Lənkəran rayonu, Separadi kəndinin ərazisində 0,14 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan ƏMDX DƏDK və RPHŞ-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndinin ərazisində 0,14 hektar torpaq sahəsi X9 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 1182 saylı arayışının surətindən görünür ki, X9 aşağıdakı ailə üzvləri vardır:
1. X22;
2. Qızı Cavabdeh2;
3. Qızı Cavabdeh3. İş materiallarında olan Separadi Kənd İcra Nümayəndəliyinin 2022-ci ilin noyabr ayında verilmiş 651 saylı arayışdan görünür ki, Vüqar Məmmədov xx.xx.2002-ci il tarixdə vəfat etmiş və onun aşağıdakı vərəsələri qalmışdır:
1. X22;
2. Qızı Cavabdeh2;
3. Qızı Cavabdeh3. İş materiallarında olan Separadi Kənd İcra Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 696 saylı arayışından görünür ki, Vüqar Məmmədovun vərəsələri kimi onun anası İddiaçı və uşaqları Vəsilə ilə İlahənin adlarını qeyd edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 1190 saylı arayışından görünür ki, X9 xx.xx.1987-xx.xx.2002-ci illər üzrə nikahı barədə avtomastlaşdırılmış informasiya sistemində məlumat aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İlahə və Gülçən Məmmədovaların atası X11r. İş materiallarında olan Separadi Kənd İcra Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 697 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Lənkəran rayonu, Separadi kəndində yaşayır. İş materiallarında olan arayışlardan görünür ki, X9 atası X7, anası isə X4r, sonuncu X7 ilə xx.xx.1965-ci il tarixdə rəsmi nikaha girdikdən sonra “Məmədova” soyadını qəbul etmiuşdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, X5 miras qalmış Lənkəran rayonu, Separadi kəndində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2, digər ½ hissəsinə isə Cavabdeh3 vərəsəlik hüququ tanınmış, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********PL72101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilinədək Lənkəran rayonui Separadi kəndində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, iddiaçının nümayəndəsi Valeh Məmmədzadə rayon prokurorluğuna ərizə ilkə müraciət edərək Lənkəran Rayonu Separadi Kənd İcra Nümayəndəliyi tərəfindən nənəsi İddiaçı vərəsəlik haqqında saxta arayışın verilməsi barədə məlumçat vermiş, Lənkəran Rayonu Separadi Kənd İcra Nümayəndəliyi barəsində çinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan və Lənkəran rayonu, Separadi kəndində yerləşən ümumi sahəsi 0,14 ha olan torpaq sahəsini 4000 manat məbləğinə "xxxx" MMC-nə satmışlar. Məhkəmə qeyd olunan mübahisəyə qiymət verərək hesab edir ki, ilk əvvəl Separadi kəndində yerləşən, ümumi sahəsi 0,14 ha olan torpaq sahəsinin üçüncü şəxs "xxxx" MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında aldığı zaman sonuncunun vicdanlı olubolmadığına qiymət verilməlidir. Çünki, vicdanlılıq məsələsinə qiymət vermədən iddianın təmin edilib edilməməsi məsələsini həll etmək mümkün deyildir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya). Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında da əks olunmuşdur.” Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı notariat ofislərində rəsmiləşdirilir. Notariat ofisləri bilavasitə Ədliyyə Nazirliyini tabeliyində olduqlarından, həmin orqanda rəsmiləşdirilən əqdlərin legitimliyinə həmin əqdi imzalamış tərəflər şübhəsiz inanırlar. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf özünə məxsus əşyanı satır, digər tərəf isə onun dəyərini ödəməklə onu alır. Üçüncü şəxs "xxxx" qanunla nəzərdə tutulmuş bu prosedurlara riayət edərək, torpaq sahəsinin mülkiyətçilərinə müvafiq ödənişi etməklə onu almış, alqı-satqı müqaviləsi notariat ofisində rəsmiləşdirlmişdir. Həmin alqısatqı müqaviləsi imzalanan zaman üçüncü şəxs bilə-bilməzdi ki, aldığı torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Çünki, torpaq sahəsinin mülkiyyətçiləri torpaq sahəsinin onların mülkiyyətlərində olmasını təsdiqləyən müvafiq Çıxarışı notariat ofisinə təqdim etmiş, notariat ofisi satılan torpaq sahəsi ilə bağlı hər-hansı bir problemin olmadığı qənaətinə gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Notariat ofisinin həmin torpaq sahəsi ilə bağlı mübahisənin olduğu məlum olsaydı, onda o, həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirməsindən imtina edərək tərəflərə mübahisəni məhkəmə yolu ilə həll edilməsini tövsiyyə edərdi. Məhkəmə qeyd eir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən üçüncü şəxs "xxxx"MMC-nin hesabına kompensasiya edilə bilməz və iddiaçı, onun hüquqlarını pozmuş hüquqi və ya fiziki şəxslərə qarşı birinci instansiya məhkəməsində iddia qaldırmaqla dəymiş zərərin əvəzini tələb edə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqları Separadi Kənd İcra Nümayəndəliyi tərəfindən pozulmuşdur. Bu faktı öz təsdiqini notariat icraatında olan Separadi Kənd İcra Nümayəndəliyinin 2022-ci ilin noyabr ayında verilmiş 651 saylı arayışda tapmışdır. Həmin arayışda Vüqar Məmmədovun vərəsələri kimi X22, qızları Cavabdeh3 və Cavabdeh2 göstərilsə də, onun digər vərəsəsi olan anası İddiaçı göstərilməmişdir. Göründüyü kimi, Separadi Kənd İcra Nümayəndəliyi notariat ofisinə təqdim etdiyi arayışı təhrif etmiş, vərəsələr sırasına daxil olmalı olan iddiaçını həmin siyahıya salmayaraq notariusa yanlış vərəsəlik haqqında şəhadətnamə verilməsinə şərait yaratmışdır. Halbuki, bundan çox qısa zaman sonra verdiyi xx.xx.2022-ci il tarixli, 696 saylı arayışında Vüqar Məmmədovun vərəsələri kimi onun anası olan iddiaçını və uşaqları olan Vəsilə ilə İlahənin adlarını qeyd etmişdir. X29 İcra Nümayəndəliyi bir birinə zidd iki arayış vermişdir. Əslində bu hal Separadi Kənd İcra Nümayəndəliyinin əməlinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilməsi üçün əsasdır. Lakin həmin xüsusata rayon prokurorluğunda artıq hüquqi qiymət verildiyindən, məhkəmə hesab edir ki, Separadi Kənd İcra Nümayəndəliyi barəsində xüsusi qərardad çıxarılmaqla onun hərəkətlərinə qiymət verilməsi üçün qərardad Lənkəran Rayon İcra Hakimiyyəti Başçısına göndərilməlidir. Çünki, Separadi Kənd İcra Nümayəndəliyi notariat ofisinə yanlış arayış verməsəydi, iddiaçının vərəsəliklə bağlı hüquları pozulmayacaqdı. Məhkəmə iş materiallarında olan iddiaçının mirasdakı payından nəvələri olan cavabdehlər Gülşən və İlahənin xeyrinə imtinası barədə ərizəsinə də qiymət verərək qeyd edir ki, hətta həmin ərizə etibarsız olsa belə, bu hal vicdanlı alıcı olan "xxxx" MMC-nin qanuni yolla əldə etdiyi torpaq sahəsinin geri qaytarılması üçün əsas deyildir. Həmin ərizənin etibarsız hesab edilməsi buna yol vermiş şəxslərə qarşı iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia qaldırmaq üçün əsasdır. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin ərizəsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, notariat icraatında olan, iddiaçı tərəfindən yazıldığı iddia olunan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş oğlu Vüqar Məmmədovdan miras qalmış 0,14 ha torpaq sahəsindəki payından nəvələrinin xeyrinə imtina edir. Əslində notarius bu ərizəni qəbul etməməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göründüyü kimi iddiaçının mirasdakı payından oğlunun vəfat etdiyi gündən başlayaraq 3 ay ərzində, yəni xx.xx.2002-ci il tarixədək, notariat orqanına ərizə verməklə imtina edə bilərdi. Lakin o, xx.xx.2002-ci il tarixədək bu hüquqdan istifadə etməmiş, yalnız 20 ildən sonra imtina etdiyi iddia edilir. Notarius xx.xx.2002-ci il tarixdən sonra verilmiş imtinanı qəbul edilməməli idi. Bundan əlavə həmin imtina notariat orqanında deyil, kənd icra nümayəndəliyində verilmişdir. Notariat ofisinin bu normalara riayət etməməsinə baxmayaraq, iddiaçının hüquqları məhz İcra Nümayəndəliyi tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Lənkəran Rayonu Separadi Kənd İcra Nümayəndəliyi barəsində ayrıca xüsusi qərardad çıxarılsın, həmin qərardad nümayəndəliyin əməllərinə qiymət verilməsi üçün Lənkəran Rayon İcra Hakimiyyətinə göndərilsin. İddiaçı izah olunsun ki, ona dəymiş ziyanla bağlı onun Lənkəran Rayonu Separadi Kənd İcra Nümayəndəliyinə qarşı iddia qaldırmaq hüququ vardır. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
X26