Məhkəmə qərarları › İş №2(049)-641/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-641/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-641/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı “satılmış iribuynuzlu və xırdabuynuzlu heyvanların ödənilməmiş qalan pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat, ödənilmiş 59 manat dövlət rüsumunun və cavabdehin evinə gediş-gəlişə görə xərclədiyi 460 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X1 cinayət əməli törətdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Onun üçün vəkil tutmaq və digər xərclərini ödəmək məqsədilə təsərrüfatında olan iri buynuzlu və xırda buynuzlu mal-qaranın Cavabdeh 2024-cü ilin iyun və iyul aylarında hər birinin dəyəri 200 manat olmaqla balası ilə birlikdə 60 baş keçi və hər birinin dəyəri 210 manat olmaqla 20 baş balası ilə birlikdə keçi satmışdır. Bunlardan əlavə bir baş inəyi balası ilə birlikdə cavabdehə 1500 manata satmışdır. Cavabdeh 60 baş keçilərə görə 4500 manat ödəmiş, 1500 manat borcu qalmışdır. 20 baş keçilərə görə 1200 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Cavabdeh aldığı bir baş inəyə görə isə 1200 manat ödəmiş, 300 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh cəmi 2800 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh təqsiri üzündən 6 aydan artıq müddətdir ki, Lənkəran şəhərinə gedib-gəlir. Pulunu tələb etmək üçün 2800 manat borc ilə birlikdə cavabdehdən 460 manatı da tələb edir. Cavabdeh ona borclu olmasını şahidlər təsdiq edə bilərlər. Kənd yerində yaşayır, ailə ehtiyacını təmin etmək məqsədi ilə təsərrüfatda mal-qara saxlayır. Bunu Siyakü kənd inzibati ərazi dariəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24,12.2024-cü il tarixli 1471 saylı arayış bir daha təsdiq edir. Cavabdeh ödənilməmiş qalan pulunu könüllü qaytarmaqdan yayındığına görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, pula ehtiyacı olduğu üçün 2024-cü ilin iyun-avqust aylarında şəxsi təsərrüfatında olan balası ilə birlikdə ümumilikdə 80 baş keçini və inəyi öz həyətində Cavabdeh vasitəçiliyi ilə 2 nəfər Masallı və 1 nəfər Astara rayon sakini olan şəxslərə satmış, lakin həmin şəxslər onun pulunu tam şəkildə ödəməmişlər. O, Cavabdeh heç bir heyvan satmamışdır. İddia tələbini ona qarşı yönəltməsinin səbəbi həmin Masallı və Astara rayon sakinləri olan şəxsləri cavabdehin onun ünvanına gətirməsi olmuşdur. O, Masallı və Astara rayon sakinləri olan ona borclu olan şəxsləri tanımır, onların ad, soyad, ata adı və ünvanlarını bilmir. Yalnız Astara rayon sakini olan alıcını “Dima” kimi tanıyır. O, cavabdehə keçi və inək satmasa da, Masallı və Astara rayon sakinlərinin ona borclu olduqları 2800 manat pulu cavabdehdən tələb edir. Məhkəmənin cavabdehi əsl cavabdehlərlə əvəz etməsi ilə bağlı qanunvericiliyin tələbi ona aydın olsa da, o, Cavabdeh 2800 (iki min səkkiz yüz) manat, ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun və cavabdehin evinə gediş-gəlişə görə xərclədiyi 460 (dörd yüz altımış) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahatından göstərdi ki, o, iddiaçıdan heç vaxt keçi və inək almamışdır. 2024-cü ilin iyun-avqust aylarında Masallı rayon sakinləri olan adlarının “Fuad” və “Elvin” olduğunu bildiyi şəxslər heyvan almaq üçün ona müraciət etmiş, o da həmin şəxsləri İddiaçı ilə tanış etmiş, sonuncu təsərrüfatında olan keçiləri həmin şəxslərə satmış və pulunu almışdır. Vasitəçilik etdiyi üçün “Fuad” və “Elvin” adlı şəxslər ona 50 manat zəhmət haqqı vermişlər. Daha sonra Masallı rayon sakini olan “Hacı Şahbaz” kimi tanıdığı şəxsi də eyni qaydada iddiaçı ilə tanış etmiş, o da iddiaçıdan keçi almış və pulunu vermişdir. Həmin şəxs zəhmət haqqı olaraq ona 40 manat pul vermişdir. Sonuncu dəfə Astara rayon sakini olan “Dima” ləqəbli şəxsi iddiaçı ilə tanış etmiş, o da iddiaçıdan 1 baş inək almış və pulunu vermişdir. “Dima” ləqəbli şəxs zəhmət haqqı olaraq ona 20 manat pul ödəmişdir. O, zəhmət haqqını həmin şəxsləri öz avtomobili ilə ucqar kənddə yaşayan iddiaçının evinə aparmasına, ümumilikdə vasitəçilik xidməti göstərməsinə görə almışdır. Alğı-satqı prosesini kənardan müşahidə etmiş, satılan heyvanların sayı, qiyməti barədə o müdaxilə etməmişdir. Lakin, həmin şəxslər aldıqları heyvanların dəyərini iddiaçıya ödəmişdir. İddiaçı özü də təsdiq edir ki, ona hər hansı heyvan satmamışdır. “Fuad”, “Elvin”, “Hacı Şahbaz” və “Dima” ləqəbli şəxsləri Masallı və Astara rayon sakinləri kimi tanıyır, lakin onların ad, soyad, ata adı və ünvanlarını bilmir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin izahatını dinləyib hesab edir ki, iddia rədd edilməlidir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.[83] 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.[84] 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclasında MPM-nin yuxarıda qeyd edilən normasının tələbi izah edilmiş, lakin o, Masallı və Astara rayon sakinləri olan sözügedən şəxsləri tanımadığını və tələbi Cavabdeh yönəltdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia əsl olmayan cavabdehə qarşı yönəldiyindən və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq vermədiyindən İddiaçı və Cavabdeh qarşı “satılmış iribuynuzlu və xırdabuynuzlu heyvanların ödənilməmiş qalan pul” tələbi üzrə iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 224, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı və Cavabdeh qarşı “satılmış iribuynuzlu və xırdabuynuzlu heyvanların ödənilməmiş qalan pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 59 manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar