Məhkəmə qərarları › İş №2(049)-672/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-672/2024

26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-672/2024 26.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ““xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777.60 manat qaz borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 istismarı idarəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* saylı aktın əsasında hesablanmış 777 manat 60 qəpik məbləğində bocun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayır, evin öz qaz xətti və öz sayğacı vardır. İstehlakçı mərhum əri X3 olmuşdur və o, rəhmətə gedəndən sonra qaz sayğacı onun adına sənədləşdirilmişdir və hal-hazırda istehlakçı özünə və qazın sərfiyyatına görə ödənişləri özü edir. Hər ay o qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq evdə təbii qazla işləyən avadanlıqların sərf etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtı vaxtında ödəyir. “Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsinin əməkdaşları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən istifadə olan qaz sayğacını digər qaz sayğacı ilə əvəz etmişlər. Qaz sayğacının yenisi ilə əvəz edilməsi onun iştirakı ilə keçirilməmişdir. Qaz İdarəsinin əməkdaşları sayğacı dəyişdirərkən onlar evdə olmamışlar. Əməkdaşlar heç bir savadı olmayan anasına təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta imza etdirmişlər. Həmin sayğac çıxarılarkən nə video çəkiliş, nə də şahidlərinin iştirakı təmin olunmamışdır. Sözsüz ki, qaz sayğacı yenisi ilə əvəz edilərkən videoçəkiliş aparılsaydı “Azəriqaz” X1 Regional Qaz İstismarı idarəsinin rəisi Namiq Məmmədovun imzası ilə olan dəymiş ziyanın bərpasına dair tələbnamədə aşkar olunmuş nöqsan videoçəkilişdə diqqəti cəlb edərdi və ya nöqsan olmadığı təqdirdə həmin sayğacın tam işlək vəziyyətdə olduğu açıq aşkar görünərdi. O tam əminliklə deyə bilər ki, qaz sayğacında heç bir problem olmayıb, qeyd olunan nöqsanların heç biri mövcüd olmayıb. Qaz idarəsinin əməkdaşları sayğacı yenisi ilə əvəz edəndə heç bir nasazlıq və ya nöqsan olmamışdır. Bu yaxınlarda ona məlum olub ki, “Azəriqaz” istehsalat Birliyi tərəfindən onun barəsində akt tərtib olunmuş və həmin akta görə guya yuxanda qeyd olunan nöqsan aşkar edilmiş və nəticədə ümumilikdə idarəyə 6480 m3 itirilmiş təbii qaza görə ziyan dəymiş və həmin itirilmiş təbii qaza görə dəymiş ziyanın onun tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunaraq iddiaçıya məxsus olan ünvanda qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə ******* qaz sayğac istifadə qaydalarının pozulması” haqqında aktla müəyyən edilmişdir ki, «sayğaca ümümi baxış keçirilmiş və sayğacın h/m-nan mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarnda əzik-cızıq izləri var sayğacın istismara yararsızdır. Ona görə də istehlakçı İddiaçı üçün 6480 m3 metr qaz itkisinə görə 777 manat 60 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğaca müdaxilə ilə əlaqədar ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı hesablanmış 777 manat 60 qəpik manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt əsasında İddiaçı abonent hesabına (abonent kodu: **********01480) hesablanmış 777 manat 60 qəpik borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar