Məhkəmə qərarları › İş №2(049)-683/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-683/2024

04.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-683/2024 04.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Osaküçə kəndində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh azyaşlı uşaqları ilə birlikdə istifadə hüququna 4000 manat miqdarında kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi və onlarınhəmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Rusiya Federasiyasında qeydiyyatda olmaqla yaşasa da, Lənkəran rayonu Osaküçə kəndində mülkiyyətində fərdi yaşayış evi vardır. Həmin evdə onun arvadı və oğlu yaşayır. Oğlu Nümayəndə hazırki iş üzrə Cavabdeh (Gözəlova) ilə 2011-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və cavabdeh ona məxsus olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evə gəlin köçmüşdür. Qeyd olunan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Oğlu Nümayəndəla cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə Əli adlı, xx.xx.2013-cü il tarixdə isə Ruqəyya və Zəhra adlı əkiz uşaqları doğulmuşdur. Sonradan onlar təsərrüfatdan ayrılaraq öz təsərrüfatlarını qurmuşlar. Daha sonra ailə münasibətləri zəmnində yaranmış mübahisələr səbəbindən cavabdeh 2019-cu ilin may ayında Nümayəndə ayrılıb valideynlərinin evinə getmişdir. Həmin vaxtdan da cavabdeh övladları ilə birlikdə Lənkəran rayonu Moloja kəndində öz valideynlərinə məxsus olan evdə yaşamışdır. Həmin müddət ərzində Nümayəndə cavabdehlə aralarında olan nikah qeydinin pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Bundan sonra cavabdeh ona, Nümayəndə və Nərminə Gözəlovaya qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli yekun məhkəmə qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün icra qurumuna göndərilmiş və icra sənədi icra mərhələsində olarkən cavabdeh onun oğlu Nümayəndəla barışdığından onlar yenidən ona məxsus evdə ər-arvad kimi yaşamağa başlamışlar. Bu yaxınlarda yenidən onlar arasında münasibətlər pozulmuş və cavabdeh uşaqları ilə birlikdə ona məxsus evi tərk edərək çıxıb getmişdir. B undan sonra cavabdeh yenidən ərizə yazaraq əvvəlki icra sənədinin icra edilməsini tələb etdiyindən həmin icra sənədi təkrar icraya yönəldilmişdir. Hazırda cavabdehin onun evində yaşaması qeyri-mümkündür. Çünki, onılar birgə yaşayarkən evdə tez-tez mübahisələr baş vermişdir. Əgər cavabdeh onlarla bir yerdə yaşasa bu gələcəkdə hər hansı bir xoşagəlməz hadisə ilə nəticələnə bilər. Bu səbəbdən də mülkiyyət hüququ əsasında ona məxsus olan evdən cavabdehin qanuni yolla çıxarılmasını tələb edir. İşin məhkəmə hazırlıq iclasının gedişində iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən yaşayış sahəsindən cavabdehin uşaqlarla birgə istifadə hüquqlarına ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin uşaqlarla birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, Nümayəndə valideynləri el adəti ilə toy edərək onu özlərinə məxsus olan, Lənkəran rayonu Osakücə kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə gəlin aparmışlar. Həmin evin hər iki otağında indiyədək onun cehiz əmlakları yerləşdirilmişdir. Gəlin köçdüyü evdə Nümayəndə ilə birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Uşaqlardan böyüyü xx.xx.2012-ci il tarixdə doğulmuş Əli anadangəlmə lal-kar və ruhi xəstədir. xx.xx.2013cü il tarixdə isə əkiz övladları Ruqəyya və Zəhra dünyaya gəlmişlər. Gəlin köçdüyü zaman əri və evin digər sakinləri ona heç bir şərt qoymamış, onlar qeyd-şərtsiz onu ailə üzvlüyünə qəbul etmişlər. Qeyd etdiyi kimi, böyük övladı xəstə olduğundan, əri onun qarşısına ya həmin uşaqdan imtina edib həmişəlik xüsusi internat məktəbinə qoymaq, buna razı olmadığı təqdirdə isə ondan rəsmi ayrılmaq şərtini qoymuşdur. O isə öz övladından vaz keçməmiş, nəticədə xx.xx.2019-cu il tarixdə əri nikahlarının məhkəmə qaydasında pozulmasına nail olmuşdur. Daha sonra o, evə köçürülmə tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş və həmin məhkəmənin qətnaməsi ilə iddiası təmin edilmişdir. Ali Məhkəmə isə Şirvan Apellyasiya Məhkəməsinin həmin qətnaməsini qüvvədə saxlamışdır. Bir müddət sonra əri ilə barışaraq yenidən qayınatasına məxsus evdə yaşamışdır. İddiaçının göstərdiyi kompensasiya məbləği ilə razı deyil. Çünki, həmin pula heç bir yerdə yaşayış sahəsi əldə edə bilməz. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi, məhkəməyə ünvanladığı etirazın dəlillərinə uyğun izahat verərək iddiaçının tələbində göstərdiyi kompensasiyanın məbləğindən asılı olmayaraq məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdən çıxmaq istəmədiyini, iddiaçı tərəfindən təklif edilən heç bir kompensasiya məbləğini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2019-cu il tarixli Texniki Pasportun və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87.2 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.12 hektar torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə hazırki iş üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bununla bağlı onun adına Texniki Pasport tərtib edilmişdir. JN-474F KOD 80216018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-648/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, hazırki iş üzrə cavabdeh İddiaçı, Nümayəndə və Nərminə Gözəlovaya qarşı yaşayış evinə köçürülmə və evin bütün yardımçı sahələrindən istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 2503/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2503/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməklə Seyfullayeva (Gözəlova) Rufanə İslam qızının azyaşlı uşaqları xx.xx.2012-ci il tarixdə doğulmuş X7, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 ilə birlikdə İddiaçı məxsus olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən 2 mərtəbəli yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evin ikinci mərtəbəsindəki cehiz əşyalarının olduğu və gəlin köçdüyü otağa köçürülməsi qət edilmişdir. “Beynəlxalq Əmlak və Qiymətləndirmə Agentliyi” tərəfindən verilmiş arayışda Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin aylıq icarə haqqının 130 manat təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş arayışda Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyərinin 25.000 manat təşkil etdiyi qeyd edilmişdir. Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti tərəfindən verilmiş “Fərdi yaşayış evinin bazar qiymətlərinə dair” xx.xx.2024-cü il tarixli mütəxəssis arayışında Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin ƏDV nəzərə alınmadan 24500, likvid dəyərinin 22050 manat təşkil etdiyi qeyd edilmişdir. Həmin rəyə əsasən Lənkəran rayonu Osaküçə kəndində 0.12 hektar torpaq sahəsində yerləşən, 1990-cı ildə inşa edilmiş və tam təmir olunmamış, ümumi sahəsi 87,2 kv.metr olan fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 20,4 kv.metr olan bir otağın xx.xx.2024-cü il tarixə bazar dəyəti ƏDV nəzərə alınmadan 5161 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2024-cü il tarixli 19/438 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən zəif təmirli fərdi yaşayış evinin aylıq kirayə haqqının orta bazar qiyməti, təxminən, 200 manat müəyyən edilir. Sorğuda qeyd edilən, mülkiyyətçi ilə və mülkiyyətçisiz fərdi yaşayış evinin bir otağının aylıq kirayə haqqı barədə məlumat olmadığından həmin sualı cavablandırmaq mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu Osaküçə kəndində yerləşən, ümumi sahəsi 87.2 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 hektar torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə iddiaçının oğlu Nümayəndə 2011-ci ildə nikah münasibətlərinə daxil olmuş, həmin vaxt cavabdeh Nümayəndə və onun digər ailə üzvlərinin yaşadığı, Lənkəran rayonu Osakücə kəndində yerləşən bir mərtəbəli, fərdi yaşayış evinə gəlin köçmüşdür. Nümayəndəla cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X7, xx.xx.2013-cü il tarixdə X4 və xx.xx.2013-cü il tarixdə X3 adlı uşaqları doğulmuş, onların nikahı xx.xx.2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında Seyfullayeva (Gözəlova) Rufanə İslam qızının azyaşlı uşaqları - xx.xx.2012-ci il tarixdə doğulmuş X7, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 ilə birlikdə İddiaçı məxsus olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən 2 mərtəbəli yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evin ikinci mərtəbəsindəki cehiz əşyalarının olduğu və gəlin köçdüyü otağa köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan, Lənkəran rayonu Osaküçə kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsini, cavabdeh və onun azyaşlı uşaqlarının həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir. İddiaçı hazırki iddia tələblərinin əsasları kimi mübahisə predmetinə aid olan fərdi yaşayış evinin özünün xüsusi mülkiyyətində olması ilə bağlı hüquqmüəyyənedici sənədlərə, həmçinin, həmin evin şəraitinə uyğun olan digər yaşayış sahələrinin kirayə haqqının miqdarı ilə bağlı mütəxəssis arayışına istinad edir. İddiaçı cavabdehlə aralarında kəskin münasibətlər olduğuna görə onunla bir evdə yaşamasının qeyri-mümkün olduğunu bildirir. Cavabdeh hazırki iddia tələbi ilə razı deyil, ona təklif olunan kompensasiyanın məbləğindən asılı olmayaraq məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdən çıxmaq istəmədiyini, iddiaçı tərəfindən təklif edilən heç bir kompensasiya məbləğini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçının ona fərdi yaşayış evindən çıxmasının müqabilində təklif etdiyi 5000 manat məbləğə heç bir yerdə yaşayış sahəsi əldə edə bilməyəcəyini qeyd edərək iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, dinləyərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2019-cu ildə cavabdeh yaşayış evinə köçürülmə və evin bütün yardımçı sahələrindən istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərkən mübahisə predmetinə aid olan ev həmin tələbin yönəldildiyi şəxslərdən hər hansı birinin xüsusi mülkiyyətində olmasa da, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun məhkəmə qərarı qəbul edilərkən həmin yaşayış sahəsi artıq hazırki iş üzrə iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Həmin hal apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun məhkəmə qərarı qəbul edilərkən diqqətə də alınmışdır. Cavabdehin azyaşlı uşaqları ilə birlikdə mübahisə predmetinə olan yaşayış evinin yardımçı sahələrindən də (hamam, tualet və s.) istifadələri mümkün hesab edilməklə həmin evin ikinci mərtəbəsindəki, cehiz əşyalarının olduğu və gəlin köçdüyü otağa köçürülməsi qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan prosessual hüquq normasının məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, hazırki iş üzrə cavabdehin 2011-ci ildə Nümayəndəla ailə qurarkən gəlin köçdüyü, sonradan xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmış yaşayış sahəsində cavabdehin istifadə hüquqlarının yarandığı və hazırda da mövcud olduğu qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Şərh olunan əsaslara görə və qeyd edilən hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsinə dair yaranmış hüquqlarla bağlı hazırki iş üzrə tərəflər arasında narazılıq və fikir ayrılığı olduğuna görə onların birgəyaşayış qaydalarına riayət etməklə həmin əmlak üzərində öz hüquqlarını birgə həyata keçirmələri praktiki cəhətdən qeyri-mümkündür. Mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) mövcud olduğu halda, cavabdehin isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ yarandığından, mülkiyyət hüququ isə digər hüquqlara, o cümlədən, istifadə hüququna nisbətən daha üstün hüquqi qüvvəyə malik olduğuna görə tərəflər arasında yaranan mübahisələrin həlli üçün cavabdehin yaşayış sahəsinə dair yaranmış hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından iddiaçının (yaşayış sahəsinin mülkiyyətçisinin) məhkəmə qaydasında tələbinə əsasən müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair yaranmış istifadə hüququnun xitam verilməsi üçün ödənilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, ona müəyyən müddət ərzində də olsa, başqa yerdə əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Bu zaman, həmçinin, cavabdehin hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evində uzun müddətdən bəri yaşadığı və bu şəraitə uyğunlaşdığı, habelə, cavabdehin həmin evin yerləşdiyi məkanla bu və ya digər şəkildə bağlılığı da nəzərə alınmalıdır. Məhkəmə mübahisə predmetinə aid olan fərdi yaşayış evinin kirayə haqqının miqdarı, habelə, fərdi yaşayış evinin bazar və likvid dəyərləri ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş ekspert rəyini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək həm iddiaçının təqdim etdiyi səndləri, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilən rəy mübahisə predmetinə aid olan fərdi yaşayış evinin yerləşdiyi ərazidəki, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı mövcud bazar qiymətlərinə uyğun olaraq tələb və təklifin həddlərinin müəyyən edilməsi baxımından mötəbər sübut hesab edir. Bu baxımdan məhkəmə həmin fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarının, orta hesabla, 150 manat olmasını qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsindən cavabdehin istifadə hüquqları, iddiaçının isə mülkiyyət hüquqları, o cümlədən, istifadə hüququ mövcuddur. Hazırki vəziyyətdə isə iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyindən mübahisə predmetinə aid olan fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarı, orta hesabla, 85 manat miqdarına uyğun olaraq, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququnun əvəzində iddiaçının ona təklif etdiyi 5000 manat məbləğ cavabdehin yaşayış sahəsindən, təxminən, 3 illik (35 aylıq) istifadə hüququnun əvəzinə bərabər olan bir məbləğdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun əvəzində 5000 manat miqdarından daha yüksək kompensasiya məbləğinin müəyyən edilməsi mövcud şərait baxımından evin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Məhkəmə cavabdehin kompensasiyanın məbləğindən asılı olmayaraq məhkəmə qətnaməsi əsasında köçürüldüyü evdən çıxmaq istəmədiyini, iddiaçı tərəfindən təklif edilən heç bir kompensasiya məbləğini qəbul etmədiyi ilə bağlı izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi haqqında qüvvədə olan qanunvericilik normaları yaşayış sahəsinin mülkiyyətçisinin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olan şəxsə kompensasiya ödənilməklə həmin istifadə hüququna xitam verilməsini tələb etmək imkanlarını təsbit edir. Eyni zamanda, qanunvericilik yaşayış sahəsindən istifadə hüququna malik olan şəxsə, həmin istifadə hüququna xitam verilməsinin müqabilində ödənilən kompensasiyanın miqdarının istifadə hüququ olan şəxsin bu yaşayış sahəsinə bənzər yeni yaşayış sahəsini mülkiyyət hüququ əsasında əldə etməsinə deyil, başqa yerdə əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsinə yetərli olmasını nəzərdə tutur. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evinin, həmçinin, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri üzrə orta göstəricilər əsas meyar kimi nəzərə alınmaqla, iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği cavabdehin hazırda yaşadığı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə imkan verən ağlabatan və qənaətbəxş məbləğ hesab edilir. Hansı ki bu mövqe Konstitusiya Məhkəməsinin yaratdığı təcrübəyə uyğundur. Bundan başqa gəlinən nəticə iddiaçının mülkiyyət hüquqlarının da real olaraq müstəqil həyata keçirilməsinə rəvac verir. Çünki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının hazırki iddia tələbi təmin edilməlidir. İddiaçının xüsusi mülkiyyətində olan, Lənkəran rayonu Osakücə kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-648/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələbini və işin faktiki hallarını, habelə, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunu hazırda cavabdehdən tələb etmədiyini nəzərə alaraq iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləğinin onun özünə aid edilməli, habelə, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Lənkəran rayonu Osakücə kəndində yerləşən, xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-648/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş X7, xx.xx.2013-cü il tarixdə doğulmuş X4 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 adlı uşaqları ilə birlikdə Lənkəran rayonu Osakücə kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Ekspertiza xərcinin məbləği olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar