Məhkəmə qərarları › İş №2(049)-712/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-712/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-712/2024 22.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümyəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 22 aprel 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən ona hesablanmış 1555.20 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, təbii qaz istehlakçısıdır, istehlak etdiyi qazın pulunu qaz nəzarəti çilingərinin ona əqdim etdiyi “xəbərdarlıq-bildiriş” sənədi əsasında ödəyir. Lakin cavabdeh tərəfindən təqsiri sübut edilmədən 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı aktla ona 1555 manat 20 qəpik məbləğində əsassız və qanunsuz borc hesablanılmışdır. Həmin borc məbləği “Abonent Saldosu” cədvəlinin 2023-cü ilin noyabr ayı qrafasında onun adına yüklənilmişdir. Borcla bağlı bəzi sənədlər uzun bir müddət ərzində ona verilsə də, cavabdehin nümayəndəsi ilə onun arasında bağlanılmış qazın alqı-satqısı barədəki müqavilənin surətini tapıb ona verə bilməmişlər. Tələbi, cavabdeh “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona qanunsuz və əsassız hesablanmış 1555 manat 20 qəpik məbləğində borcun silinməsindən ibarətdir. Ona hesablanmış 1555 manat 20 qəpik borcun qanunsuz və əsassız olmasını aşağıdakılarla təsdiq edirəm. Yuxarıda göstərilən ünvanda yaşamaqla **********00000 saylı abonent kodu ilə cavabdeh təşkilatın qeydiyyatındadır. İstehlak etdiyi qaza görə borcunun çox olması səbəbindən evinin qaz xətti üzərində olan 12540410 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə çıxarılmış və yerinə **********884 nömrəli “Smartkart” tipli qaz sayğacı quraşdırlmışdır ki, yüklənən pulun yarısı avtomotik olaraq borca silinsin. Lakin buna baxmayaraq 2023-cü ilin oktyabr ayında cavabdeh tərəfindən “soyğunçuluq” cinayətinin elmə məlum olmayan növünə əsasən ona 410 manat 40 qəpik məbləğində pul yüklənmişdir. Həmin fakt barədə hüquqmühafizə orqanlarına şikayət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) xx.xx.2023-cü il tarixli, 2(049)-232/2023 saylı qətnaməsi ilə ona yüklənilmiş 410 manar 40 qəpik borc məbləği silinmişdir. Etdiyi şikayətlərin nəticələrinə görə “yükləmə əməliyyatı”nın memarı olan Elmir Axundov tərəfindən ondan qisas alınacağı istiqamətində hədələnməyə başlanılmışdır. Nəhayət 30 noyabr 2023-cü il tarixdə səhər radələrində fərdi yaşayış evinin qaz təminatı dayandırılmışdır. Səbəbini soruşanda demişlər ki, 29 noyabr 2023-cü il tarixdə, axşam radələrində cavabdehin nümayəndələri Asif İmanov, Elmir Axundov və Elman Nəcəfov reyd zamanı onun yaşadığı ünvanda evinin qaz təchizatı xətti üzərində evinə aid olmayan **********8 nömrəli qaz sayğacının olmasını aşkar etmişlər. Gecə ikən həmin qaz sayğacının qaz xətti üzərində olmasını telefonla videosunu çəkmişlər. Səhərisi yenidən onun ünvanına gələrək evinə aid olan “Smart” tipli, **********884 nömrəli qaz sayğacını görmüşlər. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı aktla ona 1555 manat 20 qəpik borc hesablamışlar. Müdaxilə halı aşkar edilmişdirsə, onlar səhərisi nə üçün gəlmişlər? Hesablanan "borc qanunsuz və əsassızdir. Çünki onun qaz təchizatı xətti üzərində videosunu çəkdikləri **********8 nömrəli qaz sayğacı cavabdehin ona təqdim etdiyi ******* nömrəli akta əsasən ünvan 1 ünvanında yaşayan qaz istehlakçısı X2 evinin qaz xətti üzərindən xx.xx.2022-ci il tarixdə çıxarılmış və cavabdehin anbarına təhvil verilmişdir. Cavabdehin anbarından sayğacın onun tərəfindən götürülməsi mümkün olan bir məsələ deyildir. Belə başa düşür ki, cavabdehin adları ona məlum olmayan nümayəndələri tərəfindən gecə vaxtı evinin qaz xətti üzərində olan “Smartkart” tipli qaz sayğacı çıxarılmış, yerinə onların anbarında olan qaz sayğacı quraşdırılmış, onların dediklərinə görə video çəkilmiş, yenidən “Smartkart” tipli qaz sayğacı yerinə quraşdırılmışdır. Bu səbəbdən də həmin vaxtı onun, nümayəndəsinin, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdehin nümayəndəsinin tərtib etdiyi 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” kı aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” bölümündə istehlakçı tərəfindən qaz sayğacının çıxarılması və başqa sayğacla qazın istehlak edilməsi yazılmışdır. Cavabdeh bunu məhkəmədə sübut etməlidi, əks təqdirdə barəsində “xüsusi qərardad çıxarılmalıdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iş vaxtından sonra qaz sayğacların yoxlanılması üzrə X6 İstismarı İdarəsinin rəisinin əmri olmalı və həmin əmr İdarəniun dəftərxanasının “daxil olma” kitabında qeydiyyatdan keçirilməli və aidiyyəti işçilərə elan edilməklə imzaları alınmalıdır. O, məhkəməyə müraciət etmək niyyətimi bildirəndə cavabdehin rəhbərinin reydlə bağlı əmrini tələb etmişdir. Cavab vermişlər ki, həmin sənəd vardır, lakin onu ona verə bilməzlər. Yuxanda qeyd edilənlərə əsasən qaz sayğacının dəyişdirilməsi və qanunsuz qaz istehlakı üzrə onun heç bir təqsiri yoxdur.Bu səbəbdən də ona hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik “imperativ” (məcburi) qaydada qaz paylayıcısmm vəzifələrinə aid edilmişdir. Qərarın 4.9-cu və “Qaz paylayıcı ilə fiziki şəxs arasında qazın alqı- satqısı barədə” nümunəvi müqavilənin 2.2.5-ci və 2.3.4-cü bəndlərinə əsasən istehlakçının təqsirli hərəkətləri nəticəsində qaz paylayıcısma dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Bu halda təqsirin hüquqi əsası göstərilməli və təqsirkar müəyyən edilməlidir. Konkret halda isə cavabdehin anbarındakı qaz sayğacı ilə onun heç bir təması olmamışdır. Təmasda olmadığı qaz sayğacı ilə qaz istehlak edə bilməz. Cavabdeh bunu məhkəmə qaydasında sübut etməlidir. Lakin, sübut edə bilməz, çünki cavabdehin anbarından olan qaz sayğacını o, heç cür əldə edə bilməzdi. Bu səbəbdən qanunsuz hesablanmış borc məbləği silinməlidir. 80 saylı Qərar əsasında tərtib edilmiş “Qaz paylayıcı ilə fiziki şəxs arasında qazın alqı-satqısı barədə” nümunəvi müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Yəni, birtərəfli qaydada cavabden tərəfindən borc hesablana bilməz. Ona görə də hüquqi əsası olmayan aktla hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlilc prezumpsiyası hüququ vardır. Şəxsin təqsiri ona sübut edilmədiyi halda o, təqsirsiz sayılır. Təqsir üzrə şübhə belə yarandıqda həmin şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Konkret halda isə onun təqsiri yoxdur, deməli borcun hesablanması hüçün hüquqi əsas da yoxdur.Bu səbəblərdən hesablanmış 1555 manat 20 qəpik borc məbləği silinməlidir. Cavabdeh “Azəriqaz” İB X7 İstismarı İdarəsinin işçisi Nəriman Mehtiyev tərəfindən Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsi üzrə məhkəməyə müraciət etmək hüququmun pozulması, Asif İmanov, Elmir Axundov və Elman Nəcəfov tərəfindən yazılmış akt əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən təqsirimin olması sübut edilmədiyi təqdirdə barələrində “xüsusi qərardad” qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçının nümyəndəsi Nümayəndə iddia ərizədə yazılanları müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qaz sayğacları çöldə quraşdırılmış və o, qutu ilə mühafizə olunmamışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin birinci məhkəmə hazırlıq iclasında onun nümayəndəsi X1 iddianı qəbul etməyib, videogörüntülər olan diski təqdim edib göstərmişdir ki, **********8 nömrəli qaz sayğacı anbara təhvil verilmişdir. Buna görə də abonentlərdən kiməsə məxsus olmamışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını və teleqramı nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu,Şilavar kəndində yerləşən fərdi evində quraşdırılmış “Honeyvvell” tipli 12540410 nömrəli köhnə sayğac, ”Zenner” tipli, **********41884 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. İşdə olan və cavabdeh tərəfindən iddiaçının öz evinə quraşdırdığını iddia edən xx.xx.2022cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X2 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evində quraşdırılmış “Zenner” tipli **********8 nömrəli köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Həmin sayğacın çıxarılması aktını cavabdehin nümayəndələri Aydın Babayev, Namiq Sadıxov və Nurcan Vəliyev, eləcə də evin sahibi Anar Hüseynov imzalamışlar. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçı qeydiyyatsız sayğac vasitəsilə təbii qazdan istifadə etmiş və itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin noyabr ayı üçün 1555.20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, abonent qeydiyyatsız sayğac vasitəsilə təbii qazdan istifadə etmişdir. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən qeydiyyatsız sayğac vasitəsilə təbii qazdan istifadə edilməsi sübuta yetirtilməmişdir. Belə ki, iddiaçıya ittiham olunan qeydiyyatsız qaz sayğacı elə cavabdehin nümayəndələrinin, eləcə də digər istehlakçı olan və ünvan 2 ünvanında yaşayan X2 iştirakı ilə sonuncunun ünvanından xx.xx.2022-cü il tarixdə çıxarılaraq anbara təhvil verilmişdir. Qeydiyyatsız sayğac özlərinin anbarlarında olduğu halda, həmin sayğacın iddiaçı tərəfindən öz evinə gələn qaz xətti üzərinə quraşdırılması barədə cavabdehin göstərdikləri inandırıcı deyildir. Məhkəmə hesab edir ki, qeydiyyatsız qaz sayğacının iddiaçının qaz xəttinə quraşdırılmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış borc ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555.20 manat olduğundan dövlət rüsumu 35.56 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555.20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 35.56 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinsin. 35.56 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar