Məhkəmə qərarları › İş №2(049)-738/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-738/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-738/2024 15.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ilkin müqavilə üzrə 4688 manat pulun, məhkəmədə hüquqlarının müdafiəsı üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın gostərilməsi haqqında 650 nömrəli müqavilə üçün hesaba köçürdüyü 170 manat pulun ödənilmiş 69 manat dövlət rüsumunun Cavabdeh barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli ilkin müqavilənin 1.1-ci bəndinə əsasən AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA 212807 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Opel Astra” minik markalı, 99TC782 dövlət qeydiyyat nişanlı, ban nömrəsi W0L0AHL**********, buraxılış ili 2006 olan nəqliyyat vasitəsinə dair cavabdeh alıcı qismində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanılmasını və bundan əlavə olaraq müqavilənin 2.1-ci bəndində qeyd olunan nəqliyyat vasitəsinin satış qiyməti olan 31.755 manat məbləği 3 il müddətinədək - xx.xx.2026-cı il tarixinə kimi gündəlik 29 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.15-ci bəndinə görə gündəlik ödənişlər olunmadığına görə avtomobil xx.xx.2023-cü il tarixdə cavabdehdən geri alınmışdır. Cavabdeh xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə heç bir ödəniş etməmişdir və beləliklə müqavilənin 2.2-ci bəndinə görə 2668 manat icarə ödənişinə görə borcu yaranmışdır (92 gün X 29 manat=2668 manat). Müqavilənin 2.10-cu bəndinə əsasən avtomobil geri qaytarılarkən onun görünüşündə, əvvəlki vəziyyətində və sazlığında problem olduğundan iddiaçı cavabdehdən avtomobili əvvəlki vəziyyətə gətirilməsini xahiş etmişdir, lakin o, maddi imkanı olmadığından müqavilənin 2.10-cu bəndinin tələblərini yerinə yetirə bilməyəcəyini bildirib, iddiaçı nəqliyyat vasitəsində olan nasazlığı aradan qaldırdıqdan sonra 2020 manat xərcinin olduğunu cavabdehə bildirib və beləliklə, xx.xx.2023-cü il tarixdə sözügedən müqavilənin aşağı hissəsində 4.688 manat borcun yarandığını cavabdeh öz xətti ilə yazaraq imza etməklə etiraf etmişdir (2668 manat icarə haqqı + 2020 manat avtomobilin sazlığının bərpa edilməsi üçün çəkilən xərc). Yaranmış borcun ödənilməsi barədə cavabdehə şifahi olaraq xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdehə İddiaçının nümayəndə və vəkili tərəfindən borcun ödənilməsi barədə pretenziya qaydasında bildiriş göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə görə müqavilənin müddəaları tərəflər üçün məcburi hesab edilmiş, lakin cavabdeh tərəfindən götürülən öhdəçilik pozulduğundan yaranmış borc məbləğinin alınması üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat veərərk, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı Cavabdeh qısa izahatında bildirmişdir ki, onun İddiaçı heç bir borcu qalmamışdır. Həmçinin iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş 26 aprel 2023-cü il tarixli “İlkin müqavilə”nin ikinci səhifəsinin sonunda yazılmış əlyazma və ona məxsus deyildir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin müqavilənin 1.1ci bəndinə əsasən AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə BA 212807 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Opel Astra” minik markalı, 99TC782 dövlət qeydiyyat nişanlı, ban nömrəsi W0L0AHL**********, buraxılış ili 2006 olan nəqliyyat vasitəsinə dair cavabdeh alıcı qismində gələcəkdə alqısatqı müqaviləsinin bağlanılmasını və bundan əlavə olaraq müqavilənin 2.1-ci bəndində qeyd olunan nəqliyyat vasitəsinin satış qiyməti olan 31.755 manat məbləği 3 il müddətinədək - xx.xx.2026-cı il tarixinə kimi gündəlik 29 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 26 aprel 2023-cü il tarixli “İlkin müqavilə”nin ikinci səhifəsinin sonunda əlyazma ilə qeyd edilmişdir ki, “Mən Cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı ilə müqavilə bağlamış Opel Astra **-TC-*** nömrəli arenda götürmüşəm. 27 iyul tarixində maşını geri qaytarmış, lakin gündəlik ödənişləri gecikdirdiyim üçün və maşında texniki problemlər yaranarkən İddiaçı problemləri aradan qaldırdığı üçün ona 4.688 manat borcum yaranmışdır. xx.xx.2023. İmza.” Məhkəmənin təşəbbüsü əsasında təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasına dair təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/804 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, əlyazmalar və imza, ekspertizaya təqdim edilmiş mülki işin 4-cü vərəqində olan 26 aprel 2023-cü il tarixli İlkin müaviləsinin arxasındakı “Mən Cavabdeh 26 aprel 2023 tarixdə İddiaçı ilə Müqavilə Bağlamış...” sözləriylə başlayıb "... Ona 4688 m borcum yaranmışdır xx.xx.2023 İmza ... sözləri ilə bitən əlyazmalar və imza sözü-nün qarşındakı imza - SADİXZADƏ BƏHRUZ ELNUR oğlu tərəfindən icra olunmuşdur. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 650 saylı müqavilədən, vəkil orderindən və ödəniş qəbzindən görünür ki, İddiaçı ilə Lənkəran rayon vəkil bürosunun vəkili Vəkil arasında hüquqi yardımla əlaqadar müqavilə bağlanmışdır və müqaviləyə əsasən, 170 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh borcun 10 gün müddətinə ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1 maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasına gəlməmişdir və öhdəliyinin icrası ilə əlaqadar məhkəməyə heç bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4.688 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu və hüquqi xidmətə dair ödənilmiş vəsaitin 10 manatı da cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.688 manat məbləğində borc, hüquqi yardıma dair 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat, cəmi 4.857 məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar