Məhkəmə qərarları › İş №2(049)-74/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-74/2023

30.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-74/2023 30.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 Cavabdeh tərəfindən tikilmiş yaşayış və qeyri yaşayış sahələri və mağazanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 22 iyun 2011-ci il tarixdə anası X4 tərəfindən 68 kv.m ümumi 17.9kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan bir mərtəbəli bir otaqlı yaşayış evi bağışlamışdır. Lakin cavabdeh ata babanın həyətində icazəsiz yaşayış və qeyri yaşayış sahələri mağaza tikmişdir. Onun giriş qapısının 6 metrini zəbt edərək 1 metr məsafə saxlamışdır. Bununla əlaqədar olaraq o, dəfələrlə cavabdehə iradlarını bildirsə də bunun heç bir nəticəsi olmamışdır. Rayon İcra Hakimiyyəti tərəfindən onun şikayəti əsasında evə baxış keçirilmiş və cavabdeh tərəfindən qanunsuz tikililər tikilməsi təsdiqini tapmışdır. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hələ anası X2 ikən və bağışlanma verməmişdən əvvəl Cavabdeh həmin yaşayış evinə qanunsuz tikililər əlavə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə verərək, bildirmişdir ki, mülki iş üzrə iddia tələbi tam absurt və əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Lənkəran ŞİHB-nın İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, mütəxəssislər tərəfindən təkrarən ona və Cavabdeh məxsus yaşayış evinə vizual baxış keçirilmişdir. Ərizədə qeyd edildiyi kimi Cavabdeh tərəfindən birgə yaşayış qaydalarının pozulduğu və ayrı-ayrı illərdə icazəsiz ümumi istifadədə olan sahədə qeyri qanuni yaşayış və qeyri yaşayış sahəsinin genişləndirildiyi faktı aşkar edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 68 kv.m ümumi, 17,9 kv.m yaşayış sahəsi, 50,1 kv.m olan olan 1 mərtəbəli, 1 otaq hissəsi Cavabdeh, 68,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 34 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı hissəsi isə İddiaçı mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 şəhəri, Mir- Mustafaxan küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136.6 kv.m ümumi, 52.5 kv.m yaşayış və 84.1 kv.m köməkçi sahəsindən ibarət 43 nömrəli yaşayış evinin ümumi istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68.6 kv.m ümumi 36.6 kv.m yaşayış sahəsi və 34 kv.m köməkçi sahəsi oaln 1 mərtəbəli 2 otaqlı yaşayış evini oğlu İddiaçı və qalan istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evini gəlini Cavabdeh bağışlamışdır. Belələliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 şəhəri, Mir- Mustafaxan küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136.6 kv.m ümumi, 52.5 kv.m yaşayış və 84.1 kv.m köməkçi sahəsindən ibarət 43 nömrəli yaşayış evinin ümumi istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68.6 kv.m ümumi 36.6 kv.m yaşayış sahəsi və 34 kv.m köməkçi sahəsi oaln 1 mərtəbəli 2 otaqlı yaşayış evini oğlu İddiaçı və qalan istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evini gəlini Cavabdeh bağışlamışdır. Bundan sonra isə yaşayış sahəsinə müvafiq köməkçi tikililər inşa etmişdir. İddia tələbində görünür ki, iddiaçı bir dam altında cavabdehlə və onun mülkiyyətində olan bağışlanma müqaviləsi əsasında bölünmüş fərdi yaşayış evinə cavabdeh tərəfindən inşa edilən tikililərin onun hüquqların və qanuni mənafelərinə toxunduğunu və buna görə də sökülməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin fərdi yaşayış evi bir dam altında olsa da bağışlanma müqaviləsi əsasında naturada ayrılıqda həm iddiaçının, həm də cavabdehin mülkiyyətində olduğundan mübahisəyə qonşuluq hüququnu tənzimləyən mülki hüquq normalarının tətbiq zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Qeyd olunan Məcəllənin 172.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, bir torpaq sahəsinin mülkiyyətçisi ona qonşu olan digər torpaq sahəsinin mülkiyyyətçisindən qurğuların tikilməsinin və ya istismarının qadağan olunmasını o halda tələb edə bilər ki, həmin qurğular özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki işin hallarından müəyyən olunur ki, Cavabdeh əmlak ona 2011-ci il tarixdə bağışlanmamışdan əvvəl hələ əmlakı bağışlayan Xalidə Qasımovanın sağlığında yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə tikililər inşa etmiş, Xalidə Qasımova və onun oğlu hazırki İddiaçı buna heç bir etiraz etməmişdir. Belə olan halda İddiaçı bağışlanan əmlakı qəbul edərkən sökülməsini tələb etdiyi tikililərin mövcudluğu vəziyyətində qəbul etmişdir. Digər tərəfdən həmin inşa edilmiş tikililərin iddiaçının hansı hüquqlarının pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarları) mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunması baxımından iddia tələbinə qiymət verərək, hesab edir ki, həmin hal İddiaçı iddiasının təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Göründüyü kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinin tələbi baxımından tikinti obyektinin sökülməsini məhkəmə qaydasında tələb etmək hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir və hazırki iş üzrə iddiaçı o halda tikintinin sökülməsini tələb edə bilər ki, o bununla əlaqədar subyektiv hüquqa malik olsun. Hazırkı halda isə iddiaçı iddia tələbi ilə əlaqədar subyektiv hüquqa malik olması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı « ünvan 2 Cavabdeh tərəfindən tikilmiş yaşayış və qeyri yaşayış sahələri və mağazanın sökülməsi» tələbinə dair iddiası rədd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı « ünvan 2 Cavabdeh tərəfindən tikilmiş yaşayış və qeyri yaşayış sahələri və mağazanın sökülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar