Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-781/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» X1 X5 idarəsinin əməkdaşları tərəfindən hesablanmış 777.60 manat qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, təbii qaz istehlakçısıdır və **********00493 saylı kodla X7 İstismarı İdarəsində abonent kimi qeydiyyatdadır. Cavabdeh “Azəriqaz” İBnin ******* nömrəli, 30.11,.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla, təqsirini sübut edilmədən, ona 777 manat 60 qəpik məbləğində hüquqi əsası olmayan borc hesablanmışdır. Tələbi cavabdeh “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona hesablanmış 777 manat 60 qəpik məbləgində qanunsuz və əsassız borcun silinməsindən ibarətdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən evinin qaz təchizatı xətti üzərindən 10336788 nömrəli qaz sayğacı çıxarılarkən ******* nömrəli akt tərtib edilmişdir. Həmin vaxtı orada olmadığından həmin akta imza etməmişdir. Lakin cavabdehin nümayəndələri saxtakarlıq edərək onun ad və soy adının qarşısında onun yerinə imza etmişlər. Sayğacın çıxarılan anında müdaxilə faktı müəyyən edilsə belə həmin müdaxilənin ona heç bir aidiyyəti yoxdur. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarının (bundan sonra 80 saylı qərar) 4.8 bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətilə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, qaz sayğacının mühafizəsi “imperativ” (məcburi) qaydada Qaz Paylayıcının vəzifəsinə aid edilmişdir. Bu səbəbdən qaz sayğacı çıxarılan anda onun üzərində ola bilən hər hansı bir müdaxilə halına da istehlakçı cavabdeh deyildir. Ona görə də ona hesablanmış 777.60 manat borcun heç bir hüquqi əsası yoxdur. Bu 80 saylı Qərarın 4.9-cu və 30 iyun 1998-ci il tarixli “Qaz Təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Qaz paylayıcı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Tələbin hüquqi əsası göstərilməyən tələb qanunsuz və əsassızdır. Konkret halda isə ona hesablanmış borc üzrə təqsirin olması ona sübut edilməmişdir. Ona görə də hesablanmış 777 manat 60 qəpik məbləğindəki borc silinməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, ******* №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X2 yaşadığı Lənkəran rayonunun, Liman şəhəri, M.Ə.Rəsulzadə küç, ev 49-da yerləşən fərdi yaşayış evində quraşdırılmış Elestr G-4 markalı 10336788 nömrəli sayğac GCZ G-4 markalı ******* nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, X3 2023-cü ilin noyabr ayı üçün 777.60 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı bildirir ki, qaz paylayıcısının nümayəndələrinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X6) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X1 X8 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777.60 manat cərimə silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 X5 İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777.60 manat məbləğində borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-781/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-781/2024
12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver