Məhkəmə qərarları › İş №2(049)-789/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-789/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-789/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında istehlakçıya əsassız hesablanmış 8640 kub metr qaz sərfiyyatı üzrə 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Tükəvilə kəndində yerləşən fərdi yaşayış evində istismarda olan xx.xx.2019-cu il tarixində vəfat etmiş həyat yoldaşı X2 adına olmuş (hazırda sayğac onun adınadır) qaz sayğacında yaranmış problemlər ilə əlaqədar olaraq sahə nəzarətçisinə məlumat verilmişdir. Yaranmış problemin aradan qaldırılması ilə bağlı sayğaca baxış keçirməyə gələn qaz idarəsinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında ******* nömrəli akt tərtib olunaraq Elster G-4 markalı 10263162 nömrəli sayğac yenisi ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. ARNDŞ-nin «Azəriqaz» İstehsalat Birliyinin, Metrologiya Departamentinin, Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710-4526-1 saylı aktına əsasən G-4 markalı 10263162 nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilib. Nəticədə həmin laborator rəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Bununla da ona 8640 kub metr cərimə kimi əlavə qaz sərfiyyatı yazılmaqla barəsində 1036.80 manat məbləğində cərimə hesablanmışdır. Hazırda ona məxsus qaz sayğacı onun təqsiri üzündən zədələnmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt və həmin akt əsasında cərimənin hesablanması barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə tam” əsassızdır. Belə ki, sayğac yaşadığı evin həyətyanı sahəsindən kənarda yerləşdiyindən ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyildir. Sayğacın hər hansı kənar təsirlər nəticəsində əzilməsi nəzərə alsalar həmin sayğaca məqsədli şəkildə müdaxilə edilməsi də mümkünsüzdür. Onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olmamışdır. Hesab edir ki, qaz sayğacına nəzarəti həmin qurumun sahə nəzarətçiləri həyata keçirməlidirlər. Çünki qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, X2 yaşadığı Lənkəran rayonu Tükəvilə kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, 10263162 saylı qaz sayğacı Zenner tipli G-4 markalı **********9 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2022ci il tarixli ******* saylı aktdan görünür ki, Elster tipli, G-4 markalı, 10263162 saylı sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilmiş, sayğac istismara yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayı üçün 1036.80 manat borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Nikah haqqında Arayışdan görünür ki, X4 ilə X3 xx.xx.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Paşayev, arvada isə Paşayeva soyadı verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh «Azəriqaz» X1 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.036,80 manat məbləğində borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 regional Qaz İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 1.036,80 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar