Məhkəmə qərarları › İş №2(049)-800/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-800/2024

19.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-800/2024 19.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı cavabdeh «Azəriqaz»İB-nə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 19 yanvar 2024-cü il tarixdə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh «Azəriqaz»İB-nə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Belə ki, iddiaçı ya iddia ərizəsində məhkəməyə təqdim edəcəyi sübutlarının olmadığını göstərməli, ya da ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində (içərisində) göstərməlidir ki, “mən iddia tələbimi aşağıdakı sübutlarla sübuta yetirirəm: (məsələn)

1. Filan qəbzlə, filan şəhadətnamə, qətnamə ilə;

2. Filan aktla və s.

3. Məhkəməyə dəvət edəcəyim filan şahidlə və s.” Həmin sübutların siyahısının göstərilməsində məqsəd, cavabdehlər tərəfindən iddia etiraf edildiyi təqdirdə, qısa bir zaman kəsiyində iddiaya yekun vurmaqdır. Çünki, cavabdeh sübutların siyahını gördüyü halda, ona qarşı qoyulmuş suallara cavab olaraq iddiaya etiraz etməyib onu qəbul edə bilər. Bu hal öz əksini MPM-nin 154-cü maddəsində tapmışdır. Belə ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.2. İddiaya etirazda aşağıdakılar göstərilməlidir:... 154.2.3. iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə; 154.2.4. iddianı etiraf etmirsə, onun etirazının əsaslandığı fakt və hallar; 154.2.5. istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı. Bundan əlavə İddiaçı iddia ərizəsində ona qoşulan sənədlərin siyahısı göstərilməmişdir. O yalnız “qoşma” sözünü yazmaqla kifayətlənmişdir, halbuki iddia ərizəsinə əlavə etdiyi sənədləri bir-bir qeyd etməlidir. Belə ki, MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-nin 149.2.5-ci maddəsindən fərqli olaraq MPM-nin 149.2.3-cü maddəsinin tələbi ondan ibarətdir ki, iddia ərizəsinin özündə (mətnində, əsaslandırılcı hissəsində) iddiaçının istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsinə bir sıra sənədlər əlavə edilə bilər. Lakin, iddiaçı öz iddia ərizəsində konkret olaraq hansı sübutlarla özünü haqlı olduğunu göstərməlidir. Onu da qeyd edim ki, MPM-nin 149.2.3-cü maddəsi də imperativ normadır və həmin maddənin tələblərinin də tam icrası mütləqdir.

Onu da qeyd edim ki, iddiaçı iddia ərizəsinin başlığında düsgün olaraq cərimənin silinməsi tələbini qoyduğu halda, tələb hissəsində, yəni “xahiş edirəm” hissəsində yalnız xx.xx.2023cü il tarixli akt əsasında hesablanmış borcun silinməsini tələb etməli olduğu halda, səhvən aktın özünün də etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə aktın etibarsız hesab edilməsi hissəsinə baxarsa, həmin hissəsi üzrə icraata xitam verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin qeyd olunan müddəasının məzmunundan göründüyü kimi, iki halda - pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün məhkəmədə mülki işə başlamaq mümkündür. Hazırkı iş də öz xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmazdan əvvəl, ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirmənin mümkünlüyü isə tərtib edilmiş aktın bilavasitə iddiaçının hər hansı ehtimal edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Hazırki iş üzrə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt isə özü-özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə olunduğunu müəyyən etmir. Belə ki, həmin akt iddiaçının yaşadığı evə keçirilmiş baxışın nəticəsində aşkar edilən hallara dair cavabdeh təşkilatın əməkdaşlarının mövqeyini əks etdirir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, həmin aktda yalnız cavabdeh təşkilatın əməkdaşlarının aşkar etdikləri hallar əks olunmuş və bununla bağlı tələbnamə göndərilmişdir. Qeyd olunan akt əsasında iddiaçıya münasibətdə maddi və hüquqi məsuliyyət yaradan qərar, yəni hesablanmış debitor borcun ödənilməsi ilə bağlı qərar qəbul edilərək borcun ödənilməsi ondan tələb olunduqdan sonra həmin andan etibarən artıq iddiaçının hüquqlarının pozulduğu güman edilir. İddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinin ayrı-ayrı mərhələləridir. Belə ki, cavabdeh tərəfindən akt tərtib edilməsinə baxmayaraq iddiaçı üçün məsuliyyət yaradan qərar qəbul edilməyə də bilər. Qanunvericiliyin tələbinə əsasən şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilə və bunun nəticəsində güman edilən pozuntu yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında yarana bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Hesab edirəm ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması qənaətinə gəlmək də ağlabatan deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Bununla yanaşı, hətta borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsızlığına (ləğvinə) yox, məhz əsassız və qanunsuz hesablandığını iddia etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağın müəyyən olunması halında ehtiyac yaranır. Qeyd edim ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yəni qeyd olunan maddənin məzmununa görə, yalnız qərardad iddiaçıya göndərilməli, iddia ərizəsi isə ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmədə qalmalı, qərardad qüvvəyə mindikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Əgər iddiaçı qərardaddan şikayət verərsə və onun şikayəti əsasında qərardad ləğv olunarsa, onda məhkəmə məhkəmədə saxladığı iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətləri davam etdirəcəkdir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını göstərməməsi, tələbinin qeyri dəqiq olması ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM :

İddiaçı cavabdeh «Azəriqaz»İB-nə qarşı aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar