Məhkəmə qərarları › İş №2(049)-806/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-806/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-806/2025 11.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18980 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 146.94 manat pulun, cəmi 19126.94 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Mərhum əri X4 əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2019-cu ildə Elmarın tanışları olan Əliabbas Rüstəmov və Raifə adlı şəxslər ona məişət avadanlıqları kreditə satan bir firma açmağı və həmin firmanı Elmarın çalışdırmasını, lakin məişət avadanlıqları almaq üçün pulu Əliabbas və Raifə adlı şəxslərin verməsini təklif etmişlər. versinlər. Elmar da onlarla razılaşmışdır. Elmarın adına “RTA elektroniks” adlı firma yaratmışlar. Elmar “Sədərək” ticarət mərkəzindən məişət avadanlıqlarını nağd pulla alaraq Lənkəran rayonunda kredit kimi ayrı-ayrı şəxlərə satırmış. Malları satarkən bəzən ilkin ödəniş almış, bəzən isə almamışdır. Elmardan məişət texnikası alan şəxslər əsasən X5, X6 və onların yaxınları olmuşdur. Həmin şəxlərdən bəziləri Elmarın dövründə krediti vaxtlı-vaxtında ödəsələr də, bir qismi aylıq ödənişləri gecikdirmişdir. Əri Elmar Zamiq və Vəfadan pullarını geri ala bilməmiş və 07 iyun 2023-cü il tarixdə işlətdiyi dükanda özünü asaraq intihar etmişdir. Hüzr mərasimi qurtardıqdan sonra o, Zamiq və Vəfadan pulları tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışlar. Belə ki, Zamiqin və onun gətirdiyi adamların 50000 manat, Vəfanın və onun gətirdiyi adamların 30000 manat borcu qalmışdır. Zamiq və Vəfa kreditə məişət avadanlıqları almaq üçün adam tapıb, mağazaya gətirirmişlər və Elmar həmin şəxslərlə məişət avadanlıqlarının qiymətini aylıq ödəmələrə bölüb, həmin şəxslərlə müqavilə bağlamışdır. Yuxarıda adlarını qeyd etdiyi şəxslər mərhum əri X3 olan borclarını ödəmədikləri üçün o, bununla bağlı Lənkəran ŞRPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun şikayəti araşdırılarkən məlum olmuşdur ki, iş üzrə cavabdeh olan Cavabdeh Xəlil qızının mərhum əri Elmardan kreditə götürdüyü məişət avadanlıqlara görə hazırki günə onun mərhum əri X3 18980 manat borcu vardır, lakin o, həmin borcu qaytarmaqdan yayınır və heç polis şöbəsinə belə gəlməmişdir. Hazırda o, heç bir yerdə işləmir və onun himayəsində iki uşağı vardır və gözləməyə vaxtı yoxdur. Ona görə əri X3 olan borcunu geri tələb edir və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək göstərdi ki, mərhum əri vəfat etdikdən sonra onun ayrıayrı şəxslərə nisyə satdığı məişət əşyalarının pulunu almaq üçün bir neçə şəxsə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaları təmin edilmişdir. Hazırki işdə olan Cavabdeh da həmin şəxslərdən biridir. Cavabdeh ilə mərhum əri Elmar Ağayev arasında etibarlı alıcısatıcı münasibətləri olmuş, Cavabdeh dəfələrlə ərindən müxtəlif məbləğlərdə nisyə məişət əşyaları alaraq başqa şəxslərə satıb qazanc əldə etmiş, hissə-hissə olaraq Elmara pulları qaytarmışdır. Lakin hazırda Cavabdeh ümumilikdə 18980 manat borcu vardır. Məhkəmədə iddia qaldırdırdan sonra cavabdehin də vergi ödəyicisi olması ona məlum olmuşdur. Mərhum ərinin nisyə mal satdığı şəxslərdən biri olan X1 qarşı qaldırdığı iddia Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilsə də, Şirvan Apellyasiya Məhkəməsi qəbul etdiyi qərardadla həmin qətnaməni ləğv edərək mübahisəsinin kommersiya mübahisəsi olması qənaətinə gələrək həmin mülki işi aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərmişdir. Həm mərhum ərinin, həm də cavabdehin fərdi sahibkar statusunda olmaları, eləcə də hazırki mübahisənin də həmin qəbildən olan mülki mübahisə olmasını nəzərə alıb, iddiaçı tərəf olduğu müvafiq mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hazırda iddia ərizəsi üzrə yaranmış mübahisənin kommersiya məhkəməsinə aid olmasını nəzərə alaraq diqqətin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına yönəldilməsini zəruri hesab edirəm. Belə ki, həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Sözügedən Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Eyni zamanda həmin Qərarın 22-ci bəndində göstərilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. MPM-nin müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eləcə də həmin Qanunun sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından bəhs edən 10-cu maddəsinin İ və İİ hissələrinin məzmunundan görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində “vergi məlumatları” bölməsinə edilmiş sorğuların cavabından görünür ki, həm iddiaçının mərhum əri X4 (VÖEN **********) həm də Cavabdeh (VÖEN **********) vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmışlar. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələb və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterindən aydın olur ki, hüquq münasibəti tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı mübahisənin predmetini təşkil edən tələbin və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin tərəflərdən hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılmasına imkan verir. Göründüyü kimi, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan və yuxarıda qeyd olunan Qərara, habelə sadalanan hüquq normalarına əsasən kommersiya məhkəməsində baxılmalı olduğundan mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qanunamüvafiqdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olduğundan və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-nin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 31-32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar