Məhkəmə qərarları › İş №2(049)-84/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-84/2023

04.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-84/2023 04.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil, cavabdeh X5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı «qanun üzrə vərəsəlik hüququ əsasında notariat qaydasında təyin olunmuş miras əmlak üzrə payların naturada bölünməsi, miras əmlakın predmeti olan nəqliyyat vasitəsinin hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X7 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan 2014-cü il buraxılışlı, Mitsubishi minik markalı ** HX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/3 hissədə Qanun üzrə vərəsəlik hüququ əsasında notariat qaydasında təyin olunmuş miras əmlakın açıq hərracdan satılaraq pulunun paylara mütənasib surətdə bölüşdürülməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırmışdır ki, X4 və anaları X8 ilə 1979-cu ildən vətəndaş nikahında yaşayıblar və 29 mart 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan onların İddiaçı1 xx xxxxxx 1980-ci ildə və İddiaçı2 xx xxxx 1984-cü ildə anadan olublar. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 iyun 2010-cu il tarixli qətnaməsi ilə X4 və anaları X8 arasında bağlanmış nikah pozulmuşdur. Anasından boşandıqdan sonra atası X3 rayon Şıxakəran kənd sakini Cavabdeh ilə 02 noyabr 2010-cu il tarixdə nikah daxil olmuşlar və bu barədə Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində qeyd aparmışdır. Həmin nikahdan onların övladları olmamışdır. X4 24 may 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Lənkəran rayon qeydiyyat şöbəsində 04 iyun 2020-ci il tarixdə ölüm haqqında 13-N-li akt qeydi tərtib edilmişdir. Atasına məxsus 2014-cü il istehsalı MİTSUBİSHİ-minik markalı **-HX-*** dövlət nömrə nişanlı avtomobil hal-hazırda Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Lənkəran ŞİHB-nın Şıxakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12-34-108-N-li 22 fevral 2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən də, X10 vərəsi ikinci həyat yoldaşı X8 ilə yanaşı, birinci nikahdan doğulmuş vərəsələri oğlu İddiaçı1 və qızı İddiaçı2 da vardır. Lənkəran rayon notarial kontorundan verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 23 iyun 2021-ci il tarixli şəhadətnaməsində də qeydlər vardır. Həmin şəhadətnamədə bu barədə iş nömrəsi 431 olmaqla, reystrdə-2V-592-N-ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İHB-nın xx.xx.2011-ci il tarixli S-12 nömrəli Sərəncamından aydın olur ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin X2 “Orta dərəcəli kəmağıllıq” diaqnozu ilə qeydiyyatdadır. Eyni zamanda Sevincin anası X8 Azərbaycan Respublikası AM-nin 136- 141-ci maddələrinin və “Yerli icra hakimiyyəti” haqqında Əsasnamənin tələblərinə uyğun olaraq ona təyin edilmişdir. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi 23 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Cavabdeh, İddiaçı1 və İddiaçı2. Onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC 239816 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBSTA13AEH017 127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. X1 miras qalmış və hal-hazırda atalarının vərəsi olan ikinci həyat yoldaşı Cavabdeh şəxsi istifadəsində olan Mitsubishi minik markalı ** HX *** dövlət nömrə nişanlı avtomobilə onlar hər ikisi bərabər pay hüquqlu vərəsələr sayılır. «Fame Pro» tərəfindən avtomobilin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli hesabatı ilə razıdır. Hərracda satılarkən avtomobilin ilkin satış qiyməti 12000 manat kimi müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. «Fame Pro» tərəfindən avtomobilin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli hesabatı ilə razıdır. Belə ki, hərracda satılarkən avtomobilin ilkin satış qiymətinin 12000 manat olması ilə razılaşır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə nümayəndə ilə təmsil olunmalarını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Nikahın haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 və X11 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikah 939 saylı akt qeydi ilə qeydə alınmışdır. AZ-İİ № 020064 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Lənkəran rayon notarial kontorundan verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 23 iyun 2021-ci il tarixli şəhadətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri Cavabdeh, İddiaçı1 və İddiaçı2dır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Miras əmlak DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC 239816 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Lənkəran ŞİHB-nın Şıxakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində Lənkəran rayonu Şıxəkəran kəndində vəfat etmiş həyat yoldaşı X10 yaşayış yeri Lənkəran rayonu Şıxəkəran kəndi olmuş və ölümündən sonra vərəsələri oğlu İddiaçı1, qızı İddiaçı2 və ikinci nikahdan vərəsəsi həyat yoldaşı Cavabdehdır. «Fame Pro» tərəfindən avtomobilin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, X12 məxsus olan, 2014-cü il buraxılışlı, “MİTSUBİSHİ ATTRAGE” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin bazar dəyəri 12.000 manat, likvid dəyəri 10.000 manat təşkil edir. AC seriyalı 239816 №-li nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, AC 239816 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə X10 mülkiyyəti kimi qeydə alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisələndirilməyən hallarından görünür ki, 2014-cü il buraxılışlı, “MİTSUBİSHİ ATTRAGE” minik markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ½ hissəsi birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh, digər ½ hissəsi isə məhrum X10 mülkiyyətindədir. X15 xx.xx.2020-ci il tarixdə ölmüş, onun İddiaçı1, İddiaçı2 və Cavabdeh adlı vəsərələri qalmışdır. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən həmin vərəsələrin qeyd olunan nəqliyyat vasitəsinin X10 ½ hissə payı üzərində 1/3 hissə payı müəyyən olunmuşdur. Qeyd olunan hallar işin tərəflərcə mübahisələndirilməyən hallarıdır. Tərəflər qeyd olunan avtomobilin açıq hərracdan satılmasını, satşdan əldə ediləcək vəsaitin tərəflərin paylarına uyğun bölünməsini tələb edirlər. İddiaçılar 2014-cü il buraxılışlı, “MİTSUBİSHİ ATTRAGE” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ½ hissəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh məxsus olmasına etiraz etmirlər. Avtomobilin hazırki bazar dəyəri 12.000(on iki) min manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 + (1/2x1/3) 4/6 hissə payı, İddiaçı1 (1/2x1/3) 1/6 hissə payı və İddiaçı2 (1/2x1/3) 1/6 hissə payı vardr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırki işin hallarından müəyyən olunur ki, ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi naturada bölünməsi tələb edilsə də, həmin nəqliyyat vasitəsinin tənasübsüz zərər vurmadan naturada bölüməsinin mümkünsüzlüyü hamıya bəlli olan haldır, tərəflər özlərinə məxsus payların kompensasiya yolu ilə ödənilməsində də razılığı gəlməmişlər. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbi baxmından tərəflərin ümumi paylı mülkiyyətində olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılmalı, həmin avtomobilin satışından əldə edilmiş vəsait tərəflərin paylarına uyğun bölünməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin Cavabdeh ümumi paylı mülkiyyətində olan ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün olmadığından həmin nəqliyyat vasitəsi açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsait Cavabdeh 4/6 hissə, İddiaçı1 1/6 hissə və İddiaçı2 1/6 hissə payına uyğun bölüşdürülməli, avtomobilin ilkin satış qiyməti 12000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin Cavabdeh ümumi paylı mülkiyyətində olan ban nömrəsi MMBSTA13AEH017127, mühərrikin nömrəsi 3A92UBM5907 və buraxılış ili 2014-cü il olan MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul vəsaiti Cavabdeh 4/6 hissə, İddiaçı1 1/6 hissə və İddiaçı2 1/6 hissə payına uyğun bölüşdürülsün. MİTSUBİSHİ minik markalı 99HX792 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 12.000 manat müəyyən edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar