Məhkəmə qərarları › İş №2(049)-846/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-846/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-846/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X5 İstismar İdarəsinin 27 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğvi edilməsi və 8640 kub dəyərində cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X2 X6 İdarəsinin əməkdaşları tərəfindən 27 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında hesablanmış 8640 kub dəyərində qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o hazırda yuxarıda qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ev mülkiyyət hüquq üzrə ona məxsusdur. Həmin evin öz xətti və sayğacı vardır. O, mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onun evinə çoxdan qoyulmuş və heç bir narazılıq olmamışdır. Həmişə də gəlib yoxlamışlar. xx.xx.2022-ci il tarixdə o evdə olduğu zaman qaz idarəsinin işçiləri ona məxsus sayğacı dəyişərək onu yenisi ilə əvəz etmişlər. Bildirmişlər ki, sayğac nasazdır. Amma onu da bildirib ki, onun sayğacdan anlayışı yoxdur. Həmişə gəlib yoxlamışlar. Heç bir narazılıq olmamışdır. Qaz idarəsinin işçiləri sayğacı yenisi ilə əvəz etdikdən sonra akt tərtib etmişlər. Lakin nasazlığın nədən ibarət olduğunu ona deməmişlər, köhnə sayğacı isə özləri ilə aparmışlar. 7 aydan sonra, yəni 27 dekabr 2022-ci il tarixdə akt tərtib etmişlər. Guya sayğaca müdaxilə olunub. Bu akt onun iştirakı olmadan tərtib edilmişdir. Aktda qeyd olunub ki, güya o aktı imzalamaqdan imtina etmişdir. O, həmin aktları sonradan qaz idarəsinə müraciət etdikdən sonra əldə etmişdir. Və aktla tanış olanda görmüş ki, onun üçün əlavə qaz pulu hesablanmışdır. O bundan təəccüblənərək qaz idarəsinə getmiş ki, bütün bunlara aydınlıq gətirsin. Orada ona abonentin saldosunu təqdim etmişlər. O saldoya baxdıqda görmüş ki, sayğaca görə onun üçün 8640 kub dəyərində cərimə hesablamışlar. Baxmayaraq ki, qaz sayğacının onun tərəfimdən yararsız hala salınması sübut olunmamışdır. Çünki qaz sayğacı küçədə quraşdırıldığı üçün ona cavabdeh deyil. Ona görə də o hesab edir ki, X5 İstismarı İdarəsinin tərtib etdikləri akt qanunsuzdur və həmin akt ləğv olunmalıdır. Ona görə də hazırkı İddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddianı təmin edilərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran şəhəri, Vidadi küşəsində yaşayan İddiaçı istifadəsində olan sayğac dəyişdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X5 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 dekabr 2022-ci il tarixli, ******* saylı Aktın surətindən görünür ki, Lənkəran şəhəri, Vidadi küçəsində yaşayan İddiaçı məxsus sayğacın hesablanma mexanizminin qoruyucu qapağına vurulan zavud qurğuşun plombu kəsilib sonra yapışqan maddə ilə yapışdırılması aşkar edilib. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı 27 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 8640m3 itirilmiş qaza görə cərimə hesablanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış **********00540 nömrəli abonentin saldosundan görünür ki,İddiaçı 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, , qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, bununla bağlı bildirir ki, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri 27 dekabr 2022-ci il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz “ İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılması və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X4) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, cavabdeh “Azəriqaz” X2 X6 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 27 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış cərimə silinməlidir. MPm-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” X2 X6 İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 27 dekabr 2022-ci il tarixli, ******* saylı aktı etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı hesablanmış cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar