Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-85/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və X6, İddiaçı1 vəkili Vəkil və Cavabdeh Şəmməd oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və X3 Cavabdeh Şəmməd oğluna qarşı «qanunsuz istifadə etdiyi gedişgəliş yolun bağlanması və qanunsuz tikdiyi tikilini sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və X6 Cavabdeh Şəmməd oğluna qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən onlara məxsus torpaq sahəsində qanunsuz istifadə etdiyi gediş-gəliş yolun bağlanmasını və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilini sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi yardıma görə ödədiyi 210 manat pulu alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onları şəxsi mülkiyyətlərində 0,17 ha yaşayış məntəqələrinə dair torpaq sahələri vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu, Kərgəlan kəndin ərazisində yerləşir. Torpaq onların mülkiyyətlərində olsa da Cavabdeh Şəmməd oğlu özbaşına hərəkətləri ilə onların faktiki olaraq mülkiyyətlərində olan torpaq sahəsindən razılıqları olmadan gediş-gəliş yolu kimi istifadə edir və torpaqlarına yaxın məsafədə olan su arxın üzərində qanunsuz xırda buynuzlu heyvanların saxlanması üçün tövlə tikmişdir. Həmin tövlənin tikilməsinə razılıq verilməsə də, cavabdeh heç bir orqanın razılığı almadan yaşayış yerinə və su arxına yaxın bir yerdə qanunsuz tövlə tikmişdir. Həmin tövlədə iki yüz başdan çox xırda boynuzlu heyvan saxlayır. Cavabdehin yaşayış evi onların evindən 400-500 metr aralıda yerləşir. Cavabdeh özünə məxsus torpaq sahəsində heç bir toyuq hini də tikməmişdir. Cavabdehin sözü gedən tikilidə qoyun sürüsünün iyindən və mələmə səsindən evlərində yaşamaq mümkün deyildir. Onlar rahat yaşa bilmir, yuyulmuş paltarlar, əgər həyətdə asıldıqda, həmin paltardan qoyun iyi gəlir. Bundan əlavə həyətlərində oturmaq mümkün deyildir və evin pəncərəsini üfünət iyindən aça bilmirlər. Bu səbəbdən ekoloji cəhətdən əziyyət çəkdiylərinə görə nəvəsi və ailəsi əziyyət çəkir. Hətta həkim müayinəsindən də keçmişlər. Cavabdeh iradını bildirən zaman o, onları təhqir etdiyi üçün DİN-nin 102-nin xidmətinə zəng olunmuşdur. Lənkəran rayon polis şöbəsində bu barədə geniş izahat da vermişdir. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciətlər olunmuşdur. Sözü gedən əraziyə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, yaşadığları fərdi həyətyani sahəsinin qarışısında yerləşən tövlədə saxlanılan iri buynuzlu mal-qaradan əmələ gəlmiş ifrazatlar borular ilə gediş gəliş yoluna axıdılması və sözü gedən həyətinin önündəki kənd təsərrüfat təyinatlı paybəli torpaq sahəsində olan tövlədə və ətrafı çəpərlənmiş dəmir torda saxlanılan xırda buynuzlu mal-qaradan yaranan ifrazatlar isə bir neçə kiçik diametrli borularla birbaşa torpağa axıdılması müəyyən olunmuşdur. Hər iki tövlənin ətraflarına heyvan peyini və ifrazatları atıldığından ərazidə antisanitar vəziyyət mövcüddur. Lənkəran rayonu Kərgələn kənd sakini Cavabdeh məxsus iri və xırda buynuzlu mal-qaranın yaşadıqları fərdi həyətyani torpaq sahəsinin qarşısında yerləşən tövlələrdən çıxarılaraq uzaq ərazidə yerləşdirilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Bundan əlavə baxış zamanı qanuna müvafiq qaydada akt tərtib olunmuş və nöqsanları arandan qaldırılması üçün 31,03.2022-ci tarxində icrası müddətli olan Məcburi Göstəriş verilmişdir. Bundan əlavə onlara məxsus heyvan tövləsində və ot damında razılıqları olmandan anasına məxsus heyvanları da saxlayır. Sözü gedən tövlədə heyvan saxlamaması barədə iradını bildirsələr də cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdehin bu qanunsuz və özbaşnalıq hərəkətlərindən onlar müxtəlif orqanlara şikayət etmişdir. Araşdırma apardıqdan sonra onlara yaranmış mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinə müraciət etmələri tövsiyyə olunmuşdur. İndinin özündə də dəfələrlə cavabdehə qanunsuz olaraq zəbt etdiyi tövlədən çıxması və ot damını buraxması barədə iradlar etsələr də cavabdeh öz əməlindən əl çəkməyərək, yəni qanunsuz olaraq istifadə edir. Bundan əlavə cavabdeh onları təhqir və küçə söyüşləri söyməkdən çəkinmir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X6 hər biri ayrı-ayrılıqda iddianı müdafiə edib, iddia ərizələrində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişlər ki, sökülməsini tələb etdikləri tikili, yəni tövlələr 1975-ci ildə ataları tərəfindən inşa edilmişdir. Cavabdeh də həmin tövlələrdən istifadə edərək onların yaşamalarına mane olur. Malqaranın qoxusundan həyətdə yaşamaq mümkün deyildir. Buna görə də həmin tikililər sökülməlidir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmişdir. Məhkəmə iclasında Cavabdeh Şəmməd oğlunun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, iddianın heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, sökülməsi tələb olunan tövlələr 1975-ci ildə iddiaçı və cavabdehin ataları tərəfindən inşa edilmişdir. Həmin tövlələr iddiaçılar tərəfindən müvafiq yaşayış evləri tikilməmişdən əvvəl mövcud olmuşdur. Tövlələrdə mal-qaranın saxlanmasından yaranan qoxular olsa da, cavabdeh həmin halları aradan qaldırmışdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh Şəmməd oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 101,2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsusdur. Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Kərəmov X5 rayonu Kərgəlan kəndində yaşayır və qeydiyyatdadır. Lənkəran ŞİHB-nın Kərgəlan kənd İƏD-də nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Kərgəlan kənd sakini mərhum X8 vəfat etmiş, mərhuma məxsus 3 otaqlı fərdi yaşayış evi, mal-qara üçün tikilmiş tövlə, ot damı və həyətdə olan digər tikililər hal-hazırda oğlu İddiaçı2 məxsusdur. Cavabdeh həmin evdə yaşamır, onun atasının evindən təqribən 500 metr uzaqda şəxsi evi və həyətyanı torpaq sahəsi vardır ki, ailə ilə həmin evdə yaşayır. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan, məcburi göstərişdən və 12 may 2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı1 yaşadığı fərdi həyətyanı sahəsinin qarşısında yerləşən tövlədə saxlanılan iri buynuzlu mal-qaradan əmələ gəlmiş ifrazatlar borular ilə gediş-gəliş yoluna axıdılması və sözügedən həyətin önündəki kənd təsərrüfatı təyinatlı paybəlli torpaq sahəsində olan tövlədə və ətrafı çəpərlənmiş dəmir torda saxlanılan xırda buynuzlu malqaradan yaranan ifrazatların isə bir neçə kiçik diametrli borularla birbaşa torpağa axıdılması müəyyən olunmuşdur. Hər iki tövlənin ətrafına heyvan peyini və ifrazatları atıldığından ərazidə antisanitar vəziyyət yaranmışdır. Araşdırma zamanı akt tərtib edilmiş bə nöqsanları aradan qaldırmaq üçün barəsində şikayət olunan Cavabdeh xx.xx.2022-c il tarixində icrası müddəli olan məcburi-göstəriş verilmişdir. Göstərişdə həmin nöqsanların xx.xx.2022-ci il tarixədək aradan qaldırılması və İdarəyə məlumat verilməsi xahiş olunmuşdur. 12 may 2022-ci il tarixdə keçirilmiş baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırıldığı müəyyən edilmişdir. ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan Lənkəran rayonu Kərgəlan kəndi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı2 mülkiyyətində olan sözügedən 0,17 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olundu. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər İddiaçı1 və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyələrində olan 0,07 ha hyəətyanı torpaq sahəsinin də Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olundu. Araşdırma zamanı mülki işin mübahisə predmeti olan, Cavabdeh tərəfindən istifadə olunan tikilinin (tövlənin) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan sözügedən həyətyanı torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olundu. Eyni zamanda mülki işin digər mübahisə predmeti olan, Cavabdeh tərəfindən gediş gəliş yolu kimi istifadə edilən torpaq sahəsinin də iddiaçıların mülkiyyətlərində olan sözügedən həyətyanı torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olundu. Baza məlumatlarına əsasən Cavabdeh istifadəsində olan həmin tövlənin yerləşdiyi torpaq sahəsinin gediş-gəliş yolunun bələdiyyə mükiyyətinə aid torpaq sahəsi olması müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh sözügedən mübahisəli ərazidə mülkiyyətində 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gediş-gəliş yolunun mübahisə predmeti oaln ərazidən deyil, həmin torpaq sahəsinin cənub istiqamətində olması müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/735 №-li, 07 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-599/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli X1 mülkiyyətində olan Lənkəran rayonu Kərgəlan kəndi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olundu. Eyni zamanda digər İddiaçı1 və ailə üzvlərinin və ailə üzvlərinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsinin də Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən istifadə olunan tikilinin (tövlənin) iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda mülki işin digər mübahisə predmeti olan, Cavabdeh tərəfindən gediş gəliş yolu kimi istifadə ediln torpaq sahəsinin də iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Baza məlumatlarına əsasən Cavabdeh istifadəsində olan həmin tövlənin yerləşdiyi torpaq sahəsinin və gediş gəliş yolunun bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Cavabdeh sözügedən mübahisəli ərazidə mülkiyyətində olan 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gediş gəliş yolunun mübahisə predmeti olan ərazidə deyil, həmin torpaq sahəsinin cənub istiqamətində olması müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd olunan tələbinin, cavabdehin iddiaya qarşı etirazının dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikililər – tövlələr 1975-ci il tarixdə həmin iddiaçıların və cavabdehin atası X8 tərəfindən tikilmişdir. İddiaçıların istifadəsində və sahibliyində olan fərdi yaşayış evləri həmi tövlələrin yaxınlığında, yəni onlara məxsus torpaq sahəsainin sərhəd hüdudlarından kənarda və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi üzərində yerləşir. İddiaçılar cavabdeh tərəfindən həmin tövlərhəmin tövlələrdə mal-qara saxlanılmasından irəli gələn iyi və qoxunun onların mülkiyyət hüquqlarından istifadə etməsinə mane olduğunu iddia edərək həmin tikililərin sökülməsini, həmin tövlələrdə yerləşdirilmiş ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılmasını, cavabdehin tövlələrdən istifadəsinə qadağa qoyulmasını və Cavabdeh tərəfindən onlara qarşı törədilən maneələrin aradan qaldırılmasını, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan halların mövcudluğunu təsdiq edən sübutları təqdim etmək vəzifəsi ilk növbədə iddiaçıların üzərinə düşür. Lakin hazırki işin hallarından da müəyyən olunur ki, Cavabdeh iddiaçılara mülkiyyətlərindən istifadə etməsinə mane olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün yetərli olmamışdır. Digər tərəfindən işin mübahisə doğurmayan hallarından da müəyyən olur ki, sökülməsi tələb olunan tövlələr sonradan deyil, fərdi yaşayış evləri ilə eyni vaxtda mövcud olmuş və iddiaçılar mülkiyyəti qəbul edərkən həmin tövlələrin də mövcudluğunu qəbul etmişlər. Buna görə də həmin tövlələrin tikildiyi vaxtdan 48 il sonra sökülməsi barədə iddiaları əsaslı ola bilməz. Bundan başqa məhkəmə araşdırmasının tamlığı və obyektivliyini təmin etmək məqsədilə mübahisə torpaq sahəsi və tövlələrə baxış keçirilmiş, baxış zamanı hər hansı qoxunun və pis iyinin ətrafa yayılması, mal-qara ifrazatının axıdılması halı müşahidə edilməmişdir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, İddiaçı1 və X3 Cavabdeh Şəmməd oğluna qarşı «qanunsuz tikilmiş tikilinin sökülməsi» tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının əsas tələbi təmin edilmədiyindən hüquqi yardıma görə ödədiyi 210 manat pulun cavabdehdən alınıb iddiaçılara verilməsinin təmin edilməsi də istisna olunur. MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X3 Cavabdeh Şəmməd oğluna qarşı «Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən onlara məxsus torpaq sahəsində Cavabdeh Şəmməd oğlunun qanunsuz istifadə etdiyi gediş-gəliş yolunun bağlanması və qanunsuz su hövzəsində tikdiyi (tövlə) tikilinin sökülməsi və həmin tövlədə yerləşdirdiyi ot və saman bağlamalarının, xırda və iri boynuzlu heyvanlarını çıxarılması, həmin tikililərdən Cavabdeh Şəmməd oğlunun istifadə edilməsinə qadağa qoyulması və Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və hüquqi yardıma görə ödədiyi 210 manat pulu alınıb verilməsinə dair» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat iddiaçılara aid edilməklə iddiaçılar İddiaçı1 və X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-85/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-85/2023
22.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver