Məhkəmə qərarları › İş №2(049)-877/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-877/2024

15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-877/2024 15.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 15 mart 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı saylı aktın əsasında hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Nərimanabad-1 qəsəbəsində mülkiyyət hüququ üzrə ona məxsus olan fədi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlayıblar. xx.xx.2023-cü il tarixdə evdə oduğu zaman qaz idarəsinin işçiləri onların evinə gələrək qaz sayğacına baxış keçiriblər. Onlar bildiriblər ki, bütün sayğaclar yenisi ilə əvəz olunmalıdır, bu səbəbdən onun sayğacını da dəyişdirərək yeni sayğacla əvəz etmiş və bu barədə akt tərtib etmişlər. Onlar köhnə qaz sayğacını özləri ilə aparmşlar. Həmin akt onun iştirakı olmadan tərtib edilmiş və aktda onun guya onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Sonradan bildirişə baxdıqda ona 777.60 manat əlavə qaz pulu yazıldığını görmüş və məsələni aydınlaşdırmaqdan ötrü Qaz idraəsinə getmişdir. Qaz idarəsində təqdim edilən saldodan məlum olmuşdur ki, ona sayğacı yararsız hala saldığına görə 777.60 manat cərimə yazılmışdır. Baxmayaraq ki Qaz sayğacının onun tərəfindən yarasız hala salınması sübuta yetirilməmişdir. Təqdim etdiyi sənədlərdən və saldodan açıq şəkildə görünür ki, sayğac çöldə quraşdırılıb. Ona görə hesab edir ki, o akt qanunsuzdur və həmin akt əsasında hesablanmış 777.60 manat məbləğində cərimə məbləği silinməlidir. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin hazırlıq iclasında ərizə verərək iddia tələbini müdafiə etdiyini və baxış iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının və «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Nərimanabad-1 qəsəbəsində yerləşən evində quraşdırılmış “Elster” tipli G-4 markalı, ******* nömrəli köhnə sayğac, ”Zenner” tipli, G-2,5 markalı **********3 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, “Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plomba aşkar olunmadı, sayğac istismara yararsızdır” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin avqust ayı üçün 777.60 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş, həmçinin sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plomba aşkar olunmamış və sayğac istismara yararsız hesab edilmişdir. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 777.60 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur İddianın qiyməti 777.60 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 777.60 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 777.60 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar