Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-884/2023 14.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olaraq hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu? Boladi kəndində yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və qaz sayğacı ilə təmin olunmuşdur. O, təbii qazdan istifadəyə görə tarif planına uyğun olaraq müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərin icrasından yayınmamışdır. Lakin “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin əməkdaşları 2022-ci ilin oktyabr ayında ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə quraşdırılmış G-4 ******* nömrəli sayğacı onun və ya ailə üzvlərinin iştirakı olmadan xəttdən açmışlar. Sayğacın başqa sayğacla əvəz edilməsinə dair tərtib edilən akt o və ya ailə üzvləri tərəfindən imzalanmamış və açılmış sayğac müayinə üçün “Azəriqaz” İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmişdir. Sayğacların müayinəsi laboratoriyasında həmin sayğacın daxilinə kamera vasitəsi ilə baxış keçirilmiş və sayğacın daxilində çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. Buna görə də xətanın normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi və həmin sayğacın istismara yararsız olması barədə xx.xx.2022-ci il tarixli 29/1710-3967-1 nömrəli akt tərtib edilərək 8640 kub metr qaz sərfiyyatı hesablanmışdır. Lənkəran RQİİ-nin əməkdaşları qaz sayğacını qaz xəttindən açan zaman həmin sayğaca hər hansı kənar müdaxilə aşkar edilməmiş, sayğac üzərində olan plomb zədələnməmiş və bu haqda hər hansı akt tərtib edilməmişdir. Bundan əlavə, laboratoriyanın müəyyən etdiyi qaz sayğacının çıxış plastmas borusundakı deşiyin yaranma səbəbi laboratoriyanın ekspertləri tərəfindən aydınlaşdırılmamışdır. Sayğacın üzərindəki plomb qırılmadan, sayğacın korpusu zədələnmədən və sayğacın üzərindəki hesablayıcı mexanizmdə hər hansı kənar müdaxilə aşkar edilmədən guya onun tərəfindən sayğaca müdaxilə edilməsi əsası ilə 8640 kub metr qaz sərfiyyatı hesablanmasının səbəbi ona məlum deyildir. Həmçinin, ona məxsus fərdi yaşayış evini təbii qazla təmin edən xəttin üzərində quraşdırılmış qaz sayğacı evin həyətyanı sahəsindən kənarda, küçədə yerləşir. Əgər qaz sayğacına hər hansı kənar müdaxilə olunsa belə, o və ailə üzvləri tərəfindən bunu müşahidə etmək çox çətindir. Göründüyü kimi, o və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onların təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, onun hesabına qaz sərfiyyatı kimi dəymiş ziyan həcminə görə əlavə pul hesablanmışdır. Müdaxilə edildiyi iddia edilən sayğacın faktiki olaraq onun mülkiyyətində olan ərazidə deyil, küçədə quraşdırmış olması səbəbindən onun sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür. Sayğaca müdaxilənin məhz o və ya ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən müdaxilə aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə, həmin vaxtdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə, sayğaca müdaxilə olunması “Azəriqaz” İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının aktı əsasında sonradan aşkar olunduğundan və həmin rəy əsasında da maddi ziyan (sərfiyyat) hesablandığından, ancaq sayğaca o və ya ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən onun hesabına işlənmiş borcu qanunsuz və əsassız heab edir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli akt əsasında hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və həmin akt əsasında hesablanmış 1036.80 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. Yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğac onun iştirakı olmadan dəyişdirilmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir və sayğacın çıxış plasmas borusunun deşilməsi barədə hər hansı məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmidir. Onun sayğacda olan nasazlıqdan əvvəlcədən məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixli qərarla heç bir qanuni əsas olmadan ona 8640 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 1036,80 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli aktın və təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətləri və tərtib olunma tarixi xx.xx.2023-cü il olan abonentin saldosu ilə müəyyən edildi ki, “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Boladı kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək Elister tipli G-4T markalı ******* nömrəli sayğac çıxarılaraq yeni sayğacla əvəz edilmiş və Elister tipli G-4T markalı ******* nömrəli sayğac növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi, buna görə də xətanın normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında xx.xx.2022-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 8640 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında onun hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli aktın və təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli akta və tərtib olunma tarixi xx.xx.2023-cü il olan abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1036.80 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının barəsində verilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında onun hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında İddiaçı hesabına işlənmiş 8640 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1036.80 manat debitor borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-884/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-884/2023
14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver