Məhkəmə qərarları › İş №2(049)-908/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-908/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-908/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh 9100 manat pul, ödənilmiş 111 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ildə özünə məxsus evi on beş min manata satdığını demiş və o da Tahirə on beş min manat pul ödəmişdir. Cavabdeh evi xx.xx.2014 ci il tarixdə alsa da, 2020-ci ilə kimi evin çıxarışı olmamışdır. Əliyev X2 yaşadığına görə evdən istifadə etməmişdir. xx.xx.2020-ci il tarixdə DƏDRX-də evi qeydiyata salıb çıxarış almışdır. O, Cavabdehlə verdiyi 15000 manat pul müqabilində onun evini notariat qaydada alqı-satqı etmək istəyəndə isə Tahirin atası Əzizağa Əliyev və qayınatası Şakir Babayev ona evi satmağa icazə verməmişlər. Buna görə Cavabdeh onunla evin ona satılmasıyla bağlı notariat qaydada alqı-satqı müqaviləsi bağlamamış və ondan aldığı on beş min manat pulu hansısa xərclərini ödədiyinə görə ona qaytarmamışdır. Ona pula ehtiyyacı olduğuna görə evi satdığını, valideynləri icazə vermədikləri üçün sonra da evi satmadığını, ondan aldığı pulu isə borcu olduğu üçün həmin borcunu qaytardığını demişdir. Ondan aldığı on beş min manatı birdəfəlik qaytarmağa pulu olmadığı üçün yeganə yolunun hər ay əmək haqqı alanda beş yüz manat olmaqla ona verə biləcəyi ilə aralarında razılaşmışlar və bu barədə borc müqaviləsi bağlamışlar. Girov olaraq Cavabdeh özünə məxsus evə dair alqı-satqı müqaviləsini və evin qeydiyyat çıxarışını, ödəniş qəbizlərini, şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətin ona vermişdir. Cavabdeh bir müddət borcundan fərqli məbləğlər ödəmiş, tədricən də həmin ödənişləri azaltmış, üçüncü ildən borcunu verməmiş, o da telefonla əlaqə saxlayıb ondan borcunu tələb etməyə məcbur olmuşdur. Tahir borcunu verəcəyinə söz versə də, onu aldatmış, borcunu razılaşdıqları kimi verməmiş , o, borcundan.2020-ci ildə 900 manat, 2021-ci ildə 1700 manat, 2022-ci ildə 800 mana, 2023-cü ildə 900 manat, 2024-cü ildə 1600 manat olmaqla, cəmi 5900 manat ödəmiş, qalan 9100 manat borclu isə ödəməkdən hər dəfə bəhanələr gətirərək yayınmışdır. Aralarında olan razılaşmaya əsasən iki ilə on beş min manat borcu ödəməli olduğu halda 4 ildə cəmi 5900 manat qaytarmışdır. Onun atası və qardaşına da bu barədə şikayətlənmiş, lakin nəticə olmadığından məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq Cavabdeh 8000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ondan 2020-ci ildə evini satmaq adı ilə 15000 manat pul almış və o, həmin pulu Tahirə öz evində, ailə üzvlərinin iştirakı ilə vermişdir. Sonradan Tahir evini satmadığı üçün həmin 15000 manat pulu aralarında olan razılığa əsasən borc məbləği kimi hər ay 500 manat qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyinə tam əməl etməmişdir. Bu barədə Tahirlə, atası və qardaşı ilə də söhbət etmiş, nəticəsi olmamış və Cavabdeh hər dəfə müxtəlif bəhanələr, yalanlar danışaraq borcunu qaytarmaqdan yayınmışdır. Hazırda cavabdeh 15000 manat borc puldan cəmi 9100 manat pulu ona qaytarmamışdır. Onun cavabdehdən şikayət etmək məqsədi olmasa da, saymamazlıq etdiyi və yalan vədlər verərək ona olan borcunu bu günə kimi könüllü olaraq qaytarmadığı üçün o da məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin ona 9100 manat ödənilməmiş borcu olsa da, ondan 8000 manat pul tutulmasını istəyir. Çünki o, cavabdehin ailə və maddi vəziyyətindən xəbərdardır, həyat yoldaşının ağır xəstə olduğunu bilir və himayəsində də üç uşağı var. Bütün bunları nəzərə alıb cavabdehdən 8000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin onunla məhkəmə iclaslarının gedişi zamanı telefon əlaqəsi saxlanılan vaxtlarda iddia tələbini tam qəbul etdiyini, İddiaçı 15000 manat pul alıb ona 9100 manat borclu qaldığını etiraf etmiş və bu barədə məhkəməyə ərizə göndərdiyini, həmçinin İddiaçı iddia tələbini azaltmasına da münasibət bildirərək onu qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2020-ci ilin təxminən may ayının sonu, iyun ayının əvvəlində İddiaçı onun və digər ailə üzvlərinin iştirakı ilə Cavabdeh 15000 manat pul vermişdir. O, Cavabdeh 2020-ci ildə İddiaçı 15000 manat pul aldığını təsdiq edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, iddiaçının oğludur. Tarixi dəqiq xatırlamasa da 2020 ilin təxminən yaz fəslində evlərində Cavabdeh atası İddiaçı 15000 manat pul aldığını təsdiq edir. Həmin vaxt Cavabdeh onlara tək gəlmiş, atası İmanverdi isə Tahirə pulu anası ilə onun iştirakı ilə vermişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: AN-İ ******* nömrəli evin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və 145 nömrəli fərdi yaşayış evini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. DƏDRX-nin HDQ haqqında DƏDR-dən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.07 ha torpaq sahəsi və 145 nömrəli fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh ərizəsindən görünür ki, 2020-ci il tarixdə İddiaçı iki il müddətinə qaytarmaq şərtilə 15000 manat pul almış və əvəzində girov olaraq evinin sənədlərini ona vermişdir. O, maddi vəziyyəti yaxşı olmadığı üçün müəyyən olunmuş müddətdə borcunu tam qaytara bilməmiş, borcundan 5900 manat qaytarmış, 9100 manat qaytara bilməmiş və İddiaçı da məhkəməyə müraciət etmişdir. İddia tələbilə tam razıdır, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi üçün iştirakı olmadan işə baxılmasına etiraz etmir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 111 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə münasibətini nəzərə alıb, həmçinin şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 2020-ci ildə aldığı 15000 manat borc puldan cəmi 5900 manatı qaytarmış və onun hazırda 9100 manat borcu qalmışdır. Cavabdeh həmin borcu könüllü qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuş, hazırda iddiaçı cavabdehdən 8000 manat pulun tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizəsində, həmçinin məhkəmə iclaslarının gedişatı zamanı onunla telefon əlaqəsi saxlanılarkən iddia tələbini tam qəbul etdiyini və iddiaçıya olan borcunu etiraf edərək tələbdə göstərilən məbləğə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 111 manat dövlət rüsumu iş üzrə cavabdeh olan Cavabdeh aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat məbləğində borc pul və ödənilmiş 111 manat dövlət rüsumu, cəmi 8111 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8000 manat məbləğində borc pul və ödənilmiş 111 manat dövlət rüsumu, cəmi 8111 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar