Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-913/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktprotokolun etibarsız sayılması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2025-ci il tarixdə nəzərdən keçirib , müəyyən etdim : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı 2 tələblə məhkəməyə müraciət etmişdir. Onun 1-ci tələbi -347884 saylı protokolun etibarsız hesab edilməsi, 2-ci tələbi isə həmin protokol əsasında hesablanmış məbləğin silinməsidir. Onun birinci tələbinə məhkəmə iclasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin qeyd olunan müddəasının məzmunundan göründüyü kimi, iki halda - pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün məhkəmədə mülki işə başlamaq mümkündür. Hazırkı iş də öz xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın (protokolun) tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edir. Ona görə də, aktın (protokolun) qanuniliyi və əsaslılığı yoxlanılmazdan əvvəl, ümumiyyətlə, həmin aktın (protokolun) mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirmənin mümkünlüyü isə tərtib edilmiş aktın(protokolun) bilavasitə iddiaçının hər hansı ehtimal edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Hazırki iş üzrə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt (protokol) isə özü-özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə olunduğunu müəyyən etmir. Belə ki, həmin akt iddiaçının yaşadığı evə keçirilmiş baxışın nəticəsində aşkar edilən hallara dair cavabdeh təşkilatın əməkdaşlarının mövqeyini əks etdirir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən aktın (protokolun) tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, həmin aktda (protokolda) yalnız cavabdeh təşkilatın əməkdaşlarının aşkar etdikləri hallar əks olunmuş və bununla bağlı tələbnamə göndərilmişdir. Qeyd olunan akt (protokol) əsasında iddiaçıya münasibətdə maddi və hüquqi məsuliyyət yaradan qərar, yəni hesablanmış debitor borcun ödənilməsi ilə bağlı qərar qəbul edilərək borcun ödənilməsi ondan tələb olunduqdan sonra həmin andan etibarən artıq iddiaçının hüquqlarının pozulduğu güman edilir. İddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Çünki aktın (protokolun) tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi tərəflər arasında yaranan mübahisəli hüquq münasibətlərinin ayrı-ayrı mərhələləridir. Belə ki, cavabdeh tərəfindən akt (protokol) tərtib edilməsinə baxmayaraq iddiaçı üçün məsuliyyət yaradan qərar qəbul edilməyə də bilər. Qanunvericiliyin tələbinə əsasən şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilə və bunun nəticəsində güman edilən pozuntu yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında yarana bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Hesab edirəm ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt (protokol) özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması qənaətinə gəlmək də ağlabatan deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta (protokola) əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Bununla yanaşı, hətta borcun akta(protokola) əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın (protokolun) etibarsızlığına (ləğvinə) yox, məhz əsassız və qanunsuz hesablandığını iddia etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın (protokolun) özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağın müəyyən olunması halında ehtiyac yaranır. Beləliklə qeyd edilməlidir ki, iddiaçı aktın (protokolun) özünün deyil, həmin akt (protokol) əsasında hesablanmış məbləğin silinməsinə dair iddia qaldırmalıdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə o, sənədlərin əsillərini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini iddia ərizəsinə əlavə etməki olduğu halda, notarial qaydada təsdiqlənməmiş, oxunulması mümkün olmayan sübutlarını iddia ərizəsinə əlavə etmişdir. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması barədə qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun akt əsasında hesablanmış məbləğinin silinməsinə dair ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akt-protokolun etibarsız sayılması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-913/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-913/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver