Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-914/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli R seriyalı 285206 saylı nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 778.74 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunun Mamusta kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Birinci dərəcəli əlildir. Hazırda yaşadığı mənzil mərhum atası X2 adına olmaqla bütün kommunal ödənişlər onun tərəfindən ödənilir. Atası vəfat etdikdən sonra dəfələrlə işıq idarəsinə gedib işıq sayğacını atasının adından çıxaraq onun adıma verilməsini xahiş etsə də idarənin əməkdaşları və kəndə baxan nəzarətçi səyğacın kimin adına olmasının heç bir əhəmiyyətinin olmadığını və mərhum ərinin adında qalmasını heç bir ziyanının olmayacağını bildirdiklərindən həmin sayğac hazırki vaxta kimi mərhum ərinin adında saxlanılmışdır. Evdə işlətdiyi sayğac uzun illər istifadə edilmiş və hər ay sərf etdiyi işıq pulunu ödəmişdir. 2023-cü ilin yanvar ayının sonlarında elektrik sayğacı qısa qapanma nəticəsində alovlanaraq yanmış və bu barədə tərəfindən dərhal cavabdeh təşklata müraciət etmişdir. Həmin gün idarənin əməkldaşları gələrək videoçəkiliş aparmış və sayğacı söküb aparmamışlar və hazırda onlarda ehtiyat sayğac omadığına görə bir müddət sonra sayğacı yenisi ilə əvəz edəcəklərini bildirmişlər. Eyni zamanda həmin vaxta kimi ailəsinin elektrik enerjisi ilə təmin olunması üçün özləri ana xəttdən sayğaca daxil olan naqili yuxarı hissədən sayğacdan kənar evin elektrik xəttinə qoşaraq evin enerji ilə təmin olunmasını həyata keçirib getmişlər. Həmin vaxt da ona bildirmişlər ki, yeni sayğac quraşdırılana kimi yanmış sayğac yerində qalmalıdır. Bundan sonra 27 mart 2023-cü il tarixdə təkrarən işıq idarəsinin əməkdaşları evə gələrək sayğacın dəyişdiriləcəyini bildirmişlər və həmin gün yanvar ayında qısa qapanma nəticəsində yanan sayğac yenisi ilə əvəz olunmuşdur. Lakin bu barədə onlara heç bir sənəd təqdim etməmişlər, bir neçə müddət sonra onların kəndinə nəzarət edən nəzarətçi həyətə gələrək ona sayğacdan kənar qoşulma ilə bağlı olaraq 800 manat cərimə tətbiq olunduğunu bildirmiş və bundan sonra yüklədiyi hər balansartırmaya 50 faizi 800 manatın ödənişinə yönəldiləcəyini demişdir. Bundan sonra 07 iyul 2023-cü il tarixdə şəxsən cavabdehin Lənkəran rayonunda yerləşən X7 Təchizatı İdarəsinə gedərək ora rəsmi qaydada müraciət etmişdir və onun müraciətinə cavab olaraq barəsində yazılmış aktın kserosurəti ona verilmişdir. Həmin aktla tanış olduqdan sonra ona məlum olmuşdur ki, idarənin öz əməkdaşları yanvar ayında evə əlavə xətti qoşsalar da həmin xəttin qoşulması onların üzərinə qoyulmuş və bunun nəticəsində də 10 mart 2023-cü il tarixdə işıq idarəsinin əməkdaşları Nazim Verdiyev, Yasin Ədilzadə və Ramin Əsədullazadənin iştirakı ilə AKT R № 285206 nömrəli akt tərtib edilmişdir. Həmin aktın özü də qanunvericiliyin tələbinə uyğun tərtib edilməmiş, qanunsuz və əsassız olmaqla həmin akt əsasında yazılmış borc da qanunsuz olduğundan akt ləğv edilməli borc silinməlidir.Bu barədə Cənub RETSİ-yə iradlarını bildirsə də idarə əməkdaşları öz aktlarını özləri ləğv edə bilmədiklərini bildirdilər, ona görə də aktın ləğv edilməsi və yazılmış borcun silinməsi ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən ünvada sayğacdan kənar xəttin çəkilməsinə dair ona elektrik sayğacı yararsız hala düşdüyü üçün "xxxx" ASC-nin nümayəndələri tərəfindən icazə verilmişdir. O, həmin sayğacdan kənar elektrik xəttindən yaşadığı evin elektrik enerjisi ilə təchiz edilməsi üçün istifadə etmişdir. Lakin sonradan həmin idarənin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək həmin xəttdən istifadə etdiyi üçün o, cərimə edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur ki, Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi akt X2 adına tərtib edilmişdir, həmçinin sayğacdan kənar elektrik xətti aşkar edilmiş abonent da həmin şəxsdir. X5 2015-ci ildə vəfat etmişdir və iddiaçı abonent kodunun öz adına rəsmiləşdirilməsi ilə əlaqadar "xxxx" ASC-yə müraciət etmişdir. Elektrik enerjisindən istifadə qaydalarına əsasən, abonent vəfat etdikdən sonra aidiyyəti şəxs şəxsi abonent hesabının öz adına rəsmiləşdirilməsi üçün "xxxx" ASC-yə müraciət etməli idi. Həmçinin iddiaçı öz izahatında yaşadığı evdə elektrik sayğacından kənar xəttdə istifadə etdiyini bildirdi. Həmin sayğacdan kənar xəttin "xxxx" ASC-nin əməkdaşlarının icazə ilə qoşulması həqiqəti əks etdirmir və bu absurd bir fikirdir. Odur ki, qeyd edilən əsaslarla iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş “R” seriyalı 285206 nömrəli 10 mart 2023-cü il tarixli “sayğacdan kənar elektrik xəttinin aşkar edilməsi barədə” aktdan görünür ki, həmin akt “**********00076” şəxsi abonent kodu olan istehlakçı Qurban Cəfərovun adına tərtib edilmişdir. İş materiallarında olan AZ-İseriyalı 753357 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi akt onun mrhum atası X2 adına tərtib edilmişdir. Həmçinin aktda qeyd edilən şəxsi abonent hesabı da hazırda iddiaçının atası Qurban Cəfərovun adınadır. İddiaçı öz iddia ərizəsində və məhkəmədəki izahatında da mübahisələndirdiyi akta dair şəxsi abonent hesabının hələ də mərhum atasının adında olduğunu bildirmişdir və həmin hesabın öz adına rəsmiləşdirilməsi üçün "xxxx" ASC-yə müraciət etməmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Belə ki, mübahisələndirdiyi akt iddiaçının adına tərtib edilmədiyindən və həmin aktda qeyd edilmiş elektrik enerjisindən istifadəyə dair şəxsi abonent hesabı onun adına rəsmiləşdirilmədiyindən məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21. Elektrik enerjisinin alqısatqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 54.1 maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Lakin hazırki mülki iş üzrə aktı mübahisələndirmək hüququ şəxs öldüyündən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi də mümkün deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən aktı mübahisələndirməsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-914/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-914/2024
01.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver