Məhkəmə qərarları › İş №2(049)-917/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-917/2024

03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-917/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 03 aprel 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023cü il tarixli, ******* saylı aktın əsasında hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla həmin kəntdə ailə üzvləri ilə birlikdə yaşayır və **********01580 saylı kod üzrə qaz istehlakçısıdır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onun adına evdə çoxdan quraşdırılmış, heç bir problem də olmamışdır. “Azəriqaz” Lənkəran RQİİ-nin əməkdaşları da Həmişə gəlib yoxlayıblar. xx.xx.2023-cü il tarixdə evdə oduğu zaman qaz idarəsinin işçiləri onların evinə gələrək qaz sayğacına baxış keçiriblər. Onlar bildiriblər ki, sayğaclar 5 ildən bir dəyişilməlidir və onun da Elster tipli qaz sayğacı yenisi ilə əvəz dəyişdirilmişdir. Sayğac dəyişdirilərkən Elster tipli sayğacın dəyişdirilməsi barədə yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Son bir ay ərzində ona məlum olmuşdur ki, guya onun Azəriqaz İB-yə 777.60 manat borcu vardır. Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyi Qaz idarəsində ona bildirilmişdir ki, guya sayğacının hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır, sayğac istismara yarasızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixli ******* akt tərtib edilmişdir. Halbuki, onun belə bir aktdan xəbəri olmamış və onu bu aktla heç kim tanış etməmişdir. Sayğac Azəriqaz əməkdaşları tərəfindən açılaraq dəyişdirilmiş və həmin vaxt sayğacda heç bir müdaxilə olmamışdır. Sayğacın qapağındakı plomba hər hansı müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs qrafasında qeyd edilər və burada ona hər hansı bir məlumat verilərdi. Lakin göründüyü kimi həmin aktda belə bir qeyd yoxdur. Bundan başqa qaz sayğacı onun həyətindən kənarda yerləşdiyindən qaz sayğacının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanılmasına o deyil, qaz paylayıcı öhdəlik daşıyır. Göstərilənlərə əsasən hesab edir ki, həmin akt qanunsuzdur və akt əsasında hesablanmış 777.60 manat məbləğində cərimə silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçının yaşadığı Lənkəran rayonu, Veravul kəndində yerləşən fərdi evində quraşdırılmış “Elster” tipli G-4 marakalı, ******* nömrəli köhnə sayğac, ”Honeywell” tipli, G-4 markalı 13727113 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamami ilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə almır, sayğac istimara yarasızdır” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2023-cü ilin noyabr ayı üçün 777.60 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamami ilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə almır və sayğac istimara yarasızdır. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Lakin iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilmədiyi üçün məhkəmə hesab edir ki, iddia təmin edilərək mübahisələndirilən akt əsassında hesablanmış 777.60 manat borc məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumu 30 manat miqdarında tutulur İddianın qiyməti 777.60 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 777.60 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 777.60 manat məbləğində borc silinsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar