Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-972/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin işçiləri tərəfindən yazılmış 007509, 017157 və 147946 saylı aktları ləğv edərək, həmin aktlar əsasında yazılmış ümumilikdə 1933 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. Özü də "xxxx" ASC-nin abonentidir. Həmişə də istifadə etdiyi işıq pulunu vaxtında ödəmişdir. Özü yaşlı tək qadın olduğu üçün oğlunun evində yaşayır. Öz evində isə yaşayış yoxdur. Yalnız gecələr qapıda 1 ədəd işıq lampası yandırır. "xxxx" ASC-nin işçiləri həmin evdə heç kimin olmadığına baxmayaraq, heç bir məlumat vermədən müxtəlif vaxtlarda özbaşına barəsində 3 ədəd qanunsuz akt tərtib edərək onu ümumilikdə 1037 manat cərimə ediblər. Belə ki, 2016-cı ilin dekabr ayında ondan xəbərsiz, həm də hal şahidləri olmadan barəsində 007509 nömrəli akt tərtib edərək onu 463 manat, xx.xx.2019-cu il tarixində yenə də ******* nömrəli akt tərtib edərək onu 439 manat, 2 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə 147946 nömrəli akt ilə onu 135 manat cərimə ediblər. Həmin aktların hansı səbəbə yazılmasını öyrənmək üçün Lənkəran işıq idarəsinə müraciət etmişdir. Onlar aylıq işıq sərfiyatının 3-5 manat olduğunu əsas gətirərək onu kənar xətt istifadə etməklə günahlandırdılar. Bildirmişdir ki, həmin evdə heç kim yaşamır, elektrik sayğacına hər hansı müdaxilə etməmiş, onu zədələməmiş, möhürünü qırmamış, nə də ki hər hansı kənar xətdən istifadə etməmişdir. Əgər o, kənar xətdən istifadə etsəydi onlar akt tərtib edərkən onu iştirakm və 2 nəfər hal şahidlərinin iştirakı ilə tərtib etməli idilər. Bu səbəbindən də həmin aktlar qanunsuz tərtib edildiyi, heç bir sübuta əsaslanmadığı üçün onun ləğvi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, qeyd olunan aktlar qanuni və əsaslı tərtib edilmişdir. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: "xxxx" ASC-nin Cənub RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 017157 №-li Aktdan görünür ki, X1 yaşadığı Lənkəran rayonu, Qumbaşı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacdan 1,5 mm aliminium naqillə elektrik sayğacının dövrəsini qapayaraq elektrik enerjisindən istifadə edir. "xxxx" ASC-nin Cənub RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 147946 №-li Aktdan görünür ki, X1 yaşadığı Lənkəran rayonu, Qumbaşı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğaca kənar xətt daxil olur. Kənar xətt alt qapağın altından giriş faz xəttinin yuvasından çəkilmiş və çıxış faza xətti üzərindəki avtomat ayırıcının çıxışına bağlanılmışdır. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, "xxxx" ASC tərəfindən abonent kodu **********00048 olan İddiaçı elektrik sayğacında EEİQ-nin pozulması faktı müəyyən edildiyindən onun barəsində xx.xx.2016-cı il tarixdə NDM 007509 saylı akt tərtib edilərək itirilmiş enerjinin bərpası məqsədi ilə 463.37 AZN borc hesablanmışdır. Qeyd edilən akt saxlama müddəti ilə əlaqədar qanunvericiliyə uyğun olaraq arxivə təhvil verildiyindən onun təqdim edilməsi mümkün olmamışdır. Abonent hesabından çıxarışdan görünür ki, NDM 007509 saylı akt əsasında İddiaçı 463,47 manat, NDM 017157 saylı akt əsasında ümumilikdə 439,85 manat, NDM 147946 saylı akt əsasında ümumilikdə 179,1 manat olmaqla cəmi 1038,86 manat cərimə hesablanmışdır. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 325 №-li arayışdan görünür ki, X2 ilə X1 nikahı 22 yanvar 1987-ci il tarixdə Lənkəran rayonu, Port- İliç (indiki Liman) şəhəri icra nümayəndəliyində 18 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eynullayev, arvada Eynullayeva soyadı verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan Qaydalardan görünür ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Hazırki iş üzrə tərtib edilmiş aktlardan görünür ki, “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə zidd olaraq tərtib edilmiş, aktlar istehlakçı İddiaçı iştirakı ilə tərtib edilməmiş, onun iştirakı ilə tərtib edilməsə belə, akta yol verilmiş pozuntu ilə əlaqədar texniki vasitələrdən (foto və ya videoçəkiliş əlavə edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, R 017157 №-li, xx.xx.2019-cu il tarixli, R 147946 №-li və xx.xx.2016-cı il tarixli 007509 saylı aktlar “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə uyğun şəkildə tərtib edilməsinin sübuta yetirilməsi vəzifəsi iddiaçının deyil, onu tərtib edən cavabdeh "xxxx" ASC-nin üzərinə düşdüyündən, cavabdeh tərəfindən isə bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən qeyd olunan aktın qanunveriliciyin tələblərinə uyğun tərtib edlmiş akt kimi tanınması istisna olunur. Buna görə də iddiaçı 1933 manat manat cərimənin silinməsini tələb etsə də, NDM 007509 saylı akt 463,47 manat, NDM 017157 saylı akt əsasında ümumilikdə 439,85 manat, NDM 147946 saylı akt əsasında ümumilikdə 179,1 manat olmaqla, cəmi 1038,86 manat cərimə yazıldığından iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib olunmuş 007509, 017157 və 147946 saylı aktlar ləğv edilməli həmin aktlar əsasında hesablanmış 1038,86 manat cərimə silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 007509, 017157 və 147946 saylı aktlar ləğv edilsin və həmin akta əsasən hesablanmış 1038,86 manat cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-972/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-972/2023
25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver