Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-980/2024 09.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 İstismar İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, dəymiş ziyanın bərpasına dair xx.xx.2023- cü il tarixli tələbnamə üzrə 6480 kub metr qazın 777.60 manat haqqının istehlakçı tərəfindən ödənilməsi barədə qərarının ləğv olunması və həmin qərar əsasında hesablanmış 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Veravul kəndində yaşayır. Yaşadığı evdə elektrik enerjisi və təbii qazdan istifadə edirlər. 2023-ci ilin oktyabr ayında qaz idarəsinin işçiləri istifadə etdikləri qaz sayğacını dəyişmişlər. Qaz idarəsinin ona təqdim etdiyi "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı aktın surətində aktın tərtib olunma tarixi 20 oktyabr 2023cü il göstərilmişdir. Bu ilin yanvar ayında 777,60 manat cərimə olunduğu ona məlum olmuşdur. X1 İdarəsinə müraciət etmişdir. 26 yanvar 2024-cü il tarixdə həmin idarədən sənədlərin surətini ona təqdim etmişlər. Qərar və ona əlavə edilmiş sənədlərdən belə məlum oldu ki, evindən götürülmüş sayğac götürüləndən bir ay sonra xx.xx.2023-cü il tarixdə laboratoriyada yoxlanılmağa göndərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, sayğaca ümumi baxış keçirilmişdir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, itirilmiş qazın bərpa olunması, ziyanın hesablanması, abonentin ödənişə cəlb edilməsi tələb olunur. X1 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş "dəymiş ziyanın bərpasına dair tələbnamə"də sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması sayğaca müdaxilə hesab edilmiş, istehlakçının müqavilə üzrə müəyyən edilmiş öz vəzifələrini icra etməməsi qeyd edilmiş, qaz itkisi 6480 kub metr müəyyən edilmiş, abonentin saldosu adlı sənəddə həmin qaza görə 777, 60 manat məbləğin istehlakçı tərəfindən ödənilməsi göstərilmişdir. O, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacı qapısında, küçə tərəfdə quraşdırılmışdır. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Sayğaca həmişə qaz idarəsinin işçiləri baxıblar, bildiriş verərək nə qədər ödəməli olduğunu bildirmişlər. Həmin bildirişlər əsasında da o, sərf etdiyi qazın haqqını ödəmişdir. O, X1 İstismar İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktı qanunsuz və etibarsız hesab edir. Ona görə də həmin akt əsasında onun hesabına yazılmış 777.60 manat qaz borcunun silinməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq Cavabdeh İB tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək cavabdeh tərəfindən onun hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 21494 nömrəli müqavilənin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə aid çıxarışlarla müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Veravul kəndində yaşayır. Cavabdeh İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli akt tərtib edilərək G-4 markalı ******* nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6480 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında onun hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 777.60 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 21494 nömrəli müqaviləyə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydaların 5.4-cü, 6.5ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.7-ci bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamaq, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 777.60 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində əhəmiyyətli artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 6480 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 777.60 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-980/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-980/2024
09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver