Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-102/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş R351918 saylı aktın ləğv edilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə qarşı təqribən 6-7 ay bundan əvvəl oranın işçi heyətindən Masallı Rayon Polis şöbəsinə şikayətlər etmişdir. Bu səbəbdən də "xxxx" ASC-nin əməkdaşları ona qarşı qərəzlidilər. Təqribən 1 ay bundan əvvəl onunla aralarında heç bir müqavilə, akt tərtib etmədən, ondan xəbərsiz, özbaşına onun yaşadığı ünvanda işıq sayğacını dəyişərək, Smart sms sayğacla əvəz etmişlər. Bir müddət sonra onun iştirakı olmadan, həmçinin heç bir hal şahidlərinin iştirakı və imzası olmadan hətta tərtib edilmiş aktda hansı tarixdə və hansı saat radələrində tərtib olunması göstərilməyən 351918 nömrəli akt tərtib edilmişdir. Avqust ayında tərtib edilmiş aktda hansı tarixdə tərtib olunması göstərilməmişdir. Tərtib olunmuş aktda saat neçədə və hansı dəqiqədə tərtib olunması göstərilməmişdir. Tərtib edilmiş akt onun iştirakı olmadan tərtib edilmişdir. Tərtib edilmiş aktda heç bir hal şahidinin adı, soyadı və imzası qeyd edilməmişdir. Tərtib olunmuş aktda "xxxx" ASC-nin 3 əməkdaşının adı, soyadı qeyd olunsa da "xxxx" ASC-nin əməkdaşı olan X1 həmin akta imza çəkməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh təşkilat tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, təchizatçı orda iştirak etməmişdir. Akt hadisə yerində tərtib edilməmişdir. İki işçi iştirak edir, lakin aktda 3 nəfərin adı qeyd edilib. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Ona təqdim edilmiş aktda tarix göstərilməmişdir. Akta əsasən 580.86 manat ziyan hesablanmışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, təqdim edilmiş videogörüntüdən görünür ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Aktın etibarsız hesab edilməsi üçün iddiaçı heç bir sübut təqdim etməmişdir. Akta əsasən 580.86 manat ziyan hesablanmışdır. 232.43 manat və 320 manat iddiaçının borcundan silinmə aparılmışdır. Hazırda borcu yoxdur. Akt tərtib edilən gün iddiaçı 240 manat ödəniş etmişdir. İddia əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 22 avqust 2024-cü il tarixli, AKT R № 351918 saylı aktdan görünür ki, abonent kodu **********00828 olan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış keçirildi və aşkar olundu ki, abonent sayğacın giriş faza yuvasına əlavə naqil qoşaraq sayğacdan kənar əlavə xəttdən istifadə edir. Naqilin en kəsiyi 1X6mm2dır. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Türkoba kəndində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT R № 351918) 580.66 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş videogörüntüdən məlum olur ki, İddiaçı məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış keçirən şəxs abonentin sayğacın giriş faza yuvasına əlavə naqil qoşaraq sayğacdan kənar əlavə xəttdən istifadə etdiyini bildirir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 22 avqust 2024-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent sayğacın giriş faza yuvasına əlavə naqil qoşaraq sayğacdan kənar əlavə xəttdən istifadə etməsi müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 580.86 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınsa da, abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-nin müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Eyni zamanda sayğacın göstəricilərini əks etdirən cədvəllərə nəzər yetirdikdə müəyyən edilir ki, cavabdeh tərəfindən akt tərtib edildiyi vaxtadək və akt tərtib edildikdən sonrakı vaxtda elektrik enerjisindən istifadəyə görə sərfiyyat qeydə alınmış və təqribən birbirinə yaxın məbləğlərdə sərfiyyat hesablanmışdır. Azərişıq ASC-nin nümayəndələri abonentin iştirakı olmadan akt tətib etdiklərindən, sayğaca müdaxilənin mövcud olubolmamasını, müdaxilə olmuşdursa da, həmin müdaxilə nəticəsində abonent tərəfindən enerjinin talanmasını sübutetmə yükü cavabdehə keçmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsi ilə bağlı akt tərtib edilmiş, lakin cavabdehin nümayəndəsi sayğaca müdaxilə olunmadan normal vəziyyətdə sərfiyyatının nə qədər olması, müdaxilə nəticəsində isə sərfiyyatın hansı dərəcədə azalması ilə bağlı halları əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22 avqust 2024-cü il tarixli, AKT R№ 351918 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 580.86 manat borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 avqust 2024-cü il tarixli, AKT R№ 351918 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 580.86 manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-102/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-102/2025
16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver