Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1026/2025 28.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız sayılması və cərimənin silinməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız sayılması və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona yazılmış 13 avqust 2024-cü il tarixli 005760 nömrəli aktın etibarsız hesab edilərək, həmin akt əsasında hesablanmış 802 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Sığdaş kəndində yaşayır. Özünə aid təzə ev tam hazır olmadığı üçün bu vaxta qədər orada heç bir yaşayış olmamışdır. Bu ilin avqust ayında təzə evə işıq çəkdirmək məqsədilə Masallı elektrik şəbəkəsinə müraciət etmiş, yerində baxış keçirəcəklərini və 1 ay ərzində evi sayğacla təmin edəcəklərini bildirmişlər. Bundan sonra 13 avqust 2024-cü il tarixində özlərini işıq idarəsinin işçiləri kimi təqdim edən 2 nəfər əməkdaş gəlib ona məxsus tikilməkdə olan təzə evin yaxınlığından keçən elektrik xətlərinə baxış keçirmişlər. Sayğacın qoyulmasından ötrü ondan şəxsiyyət vəsiqənin surətini istəmişlər. Sonra dayaqdan evə qədər olan məsafəni ölçərək çıxıb getmişlər. 11 sentyabr 2024-cü il tarixində isə əməkdaşlar elektrik sayğacını gətirərək quraşdırmışlar. Sayğac quraşdırılandan sonra məlum olmuşdur ki, "xxxx" ASCnin əməkdaşları həmin vaxtı heç bir yaşayış olmayan evə görə akt yazaraq onu 802 manat məbləğində cərimə etmişlər. Buna görə Masallı elektrik şəbəkəsinə gedərək orada yaşayış olmadığını və heç bir kənar xəttin olmadığını bildirsə də, heç bir nəticəsi olmamışdır. Sadəcə 005760 nömrəli aktın surətini ona verərək cəriməni ödəməsini tələb etmişlər. Onun müraciətindən sonra təzə evinə baxış keçirənlər hər-hansı kənar xətt və ya akt barədə heç bir söz deməmişlər. Orada heç bir akt həmçinin yazılmamışdır. Aktın surətini bu yaxınlarda idarədən ona vermişlər. Əməkdaşlar yerində belə bir akt tərtib etməmişlər, iddia etdikləri kənar xətt isə ümumiyyətlə heç vaxt həmin yerdə olmamışdır. Bu səbəblərə görə hesb edir ki, həmin akt etibarsız hesab edilməli və onun əsasında yazılmış cərimə məbləği silinməlidir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:
3. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iştirakları olmadan tərtib olunmuş aktın etibarsız hesab edilməsini və əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir.
5. Cavabdeh "xxxx" ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 17 mart 2025-ci il və 10 aprel 2025-ci il tarixlərdə "xxxx" ASC-nin nümayəndəsi Ləzimzadə Arif paşa oğlu “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Sığdaş kəndində İddiaçı adlı abonentin fərdi evinə 11 sentyabr 2024-cü il tarixdə PAUD-MP106 tipli **********9M2631996 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********65760-dır, abonentə 14 sentyabr 2024-cü il tarixdə 10025 kvt/s sərfiyyata görə 802 manat məbləğində borc hesablanmışdır.
9. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 avqust 2024-cü il tarixli NİM seriyalı 005760 nömrəli aktdan görünür ki, EEİQ-nin tələblərinə uyğun olaraq abonentin fərdi evinə baxış keçirən zaman məlum oldu ki, abonent elektrik enerjisindən sayğacsız qeydiyyatsız istifadə edir, ölçmə zamanı yük Psak= 0.5 kvt/s, abonentə sayğac quraşdırılması kod açılı barədə qeyd olunmuşdur.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 13 avqust 2024-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Sığdaş kəndində fərdi yaşayış evin sayğac quraşdırılması zamanı məlum olmuşdur ki, abonentin elektrik enerjisindən sayğacsız və qeydiyyatsız istifadə edir. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətin əməkdaşları bu barədə akt tərtib etmişlər. İddiaçı adlı abonentə 11 sentyabr 2024-cü il tarixdə, PAUD-MP106 tipli **********9M2631996 nömrəli sayğac quraşdırılmış və abonent kodu **********65760 kimi qeydiyyata alınmışdır. İddiaçı adlı abonentə 14 sentyabr 2024-cü il tarixdə 10025 kvt/s sərfiyyata görə 802 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aktın etibarsız sayılması və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
11. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
16. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.
17. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 13 avqust 2024-cü il tarixli NİM seriyalı 005760 nömrəli akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-2-ci bəndində nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı təmin edilməmiş, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən imzalansa da, istehlakçı tərəfindən imzalanmamış, aktın bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Həmçinin istehlakçının izahatı və aktın məzmunu barəsində mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də, akt tərtib edildiyi zaman idiaçının məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir.
19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir.
20. Həmçinin nəzərə alınmalıdır ki, istehlakçının elektrik enerjinin talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə enerjitəchizatı müəssisəsi vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində NİM seriyalı 005760 nömrəli akt 13 avqust 2024-cü il tarixdə tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün iddiaçının təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir.
21. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NİM seriyalı 005760 nömrəli 13 avqust 2024-cü il tarixli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra 802 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 802 manat borc silinməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Sığdaş kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NİM seriyalı 005760 nömrəli 13 avqust 2024-cü il tarixli akt etibarsız hesab edilməli, həmin akt əsasında **********65760 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən 10025 kvt/s sərfiyyata görə hesablanmış 802 manat məbləğində borc silinməlidir.
23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Masallı rayonu, Sığdaş kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları” nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NİM seriyalı 005760 nömrəli 13 avqust 2024-cü il tarixli akt etibarsız hesab edilsin və həmin akt əsasında **********65760 abonent kodu üzrə İddiaçı elektrik enerjisindən 10025 kvt/s sərfiyyata görə hesablanmış 802 (səkkiz yüz iki) manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov