Məhkəmə qərarları › İş №2(050)-1060/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1060/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1060/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Bədəlan kəndində fərdi yaşayış evi vardır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuş, o, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. ‘‘Azəriqaz" İB Lənkəran X2 İdarəsinin əməkdaşları yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı çıxarıb yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib cümləsi yazılmışdır. Halbuki, həmin akt sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. Dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfıyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Aktda qeyd olunan qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi onun təqsirindən baş verməmiş, nədə sayağca cavabdeh şəxs deyil. Qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilibsə hər ay 15 gündən bir bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) bunu dərhal məlumat verməli idi. Bu sahə nəzarətçilərinin birbaşa vəzifəsidir. Qaz sayağacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayağacı həyətdə yox, evdən aralıda küçədə olması və üzəri qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayağacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi sayağaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edilyini qeyd edir (90 gün). Halbuki, qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayağacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödənilir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Mülki Məcəllənin 560-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları" nın müvafiq maddələrinə istinad etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğac növbəti Dövlət yoxlaması üçün çıxarılmış, sayğac labaratoriya şəraitində yoxlanılmış, müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Baş vermiş problem (qaz itkisi, müdaxilə) kimi qiymətləndirilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2022-ciil tarixli, ******* saylı aktda texniki səhv nəticəsində sayğacın həyətdən kənarda olduğu göstərilmişdir. Əslində mübahisəli sayğac həyət daxilində yerləşir. Bununla bağlı videoçəkiliş mövcuddur. Hər bir şəxs sərf etdiyi təbii qazın dəyərini ödəməli və sayğaca müdaxilə etməməlidir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı aid ******* nömrəli qaz sayğacı növbəti Dövlət yoxlanması üçün çıxarılmışdır. Həmin akt, aktı tərtib etmiş cavabdeh təşkilatın nümayəndələrinin, o cümlədən istehlakçı imzası ilə təsdiq edilmişdir. Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” MSK-14-2-2/3-5-484-1 saylı aktda göstərilir ki, zavod nömrəsi ******* olan qaz sayğacına ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Qaz-itkisi müdaxilə. 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi göstərilmiş, baş vermiş nöqsan qaz itkisi, müdaxilə kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Məhkəməyə təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı mübahisəli sayğacın istehlakçının fərdi yaşayış evinin həyətinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, yeni sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Mübahisəli sayğac dəyişdirildiyi 06/2022 ayda qaz sərfiyyatının dəyəri 5.4 manat, sayğac dəyişdirildikdən sonrakı ay qaz sərfiyyatını dəyəri 07/2022-ci ildə 11.64 manat (əvvəlki aydan 2 dəfə də artıq) olmuşdur. Yeni sayğac 12/2022-ci il üçün sərf edilmiş qazın dəyəri kimi 70.60 manat, mübahisəli sayğac isə 12/2020-ci ildə 21.10, 12/2021-ci ildə 28.20 manat sərfiyyat qeydə almışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.

1. Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” MSK-14-2-2/3-5-484-1 saylı aktda göstərilir ki, zavod nömrəsi ******* olan qaz sayğacına ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Qaz-itkisi müdaxilə.

2. 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktda göstərilir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib.

3. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi göstərilmiş, baş vermiş nöqsan qaz itkisi, müdaxilə kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır.

4. Məhkəməyə təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı mübahisəli sayğacın istehlakçının fərdi yaşayış evinin həyətinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzrəinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca kənar müdaxilə olmadan işləməsi zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət kimi sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o, anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, Cavabdeh İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. Cavabdeh İB-nin isə belə bir öhdəliyi yoxdur.

5. Məhkəmə iddiaçının - qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilibsə qaz idarəsinin işçisinin (sahə nəzarətçisinin) bunu dərhal görərək, məlumat verməli olması barədə mövqeyinə münasibətdə bildirir ki, sayğaca daxildən edilmiş sayğacın işləmə prinsipini pozan hər hansı hərəkət ilkin baxışdan gözlə görülə bilməz. Bunun üçün sayğacın xüsusi yoxlamadan keçməsi zəruridir.

6. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsənin qanunauyğun həyata keçirilməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxsin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində müəyyən nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir.

6. Yekun olaraq abonentin saldosuna baxmaq və istifadə edilmiş qaz sərfiyyatlarının dəyərinin müqayisəli təhlilini aparmaq lazımdır. Yeni sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Mübahisəli sayğac dəyişdirildiyi 06/2022 ayda qaz sərfiyyatının dəyəri 5.4 manat, sayğac dəyişdirildikdən sonrakı ay qaz sərfiyyatını dəyəri 07/2022-ci ildə 11.64 manat (əvvəlki aydan 2 dəfən də artıq) olmuşdur. Halbuki, ölkə üzrə iyul ayı iyun ayına nisbətən daha isti olur. Havalar istiləşdikcə iddiaçı daha çox qaz sərf edir. Bu dəyişdirilmiş yeni sayğacda baş verir. Mübahisəli sayğac isə əksinə nisbətən soyuq ayda daha az (2 dəfəndən artıq az) qaz sərfini qeydə alır. Bundan başqa, yeni sayğac 12/2022-ci il üçün sərf edilmiş qazın dəyəri kimi 70.60 manat qeydə aldığı halda, mübahisəli sayğac isə əvvəlki illərin analoji aylarında 12/2020-ci ildə 21.10, 12/2021-ci ildə 28.20 manat sərfiyyat qeydə almışdır. Göründüyü kimi mübahisəli sayğacın göstəriciləri ilə yeni sayğacın qeyd edilən analoji dövrləri üzrə göstəriciləri arasında 3 dəfəndən də artıq fərq var. Bütün bunların qanunauyğun şəkildə baş verməsi iddiaçı tərəfindən sübut edilməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması adlanan 79-1-ci maddəsində göstərilir ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4749/2021 saylı qərarının 34-cü bəndinə göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması real sərfiyyatı əhatə etməməsi ilə bağlıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar