Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-108/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və "xxxx" ASC-yə qarşı qanunsuz elektrik dirəklərinin, qaz xətlərinin və onların sayğaclarının sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Boradigah qəsəbsəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarı ilə verilmiş 0.83 hektar paybəlli torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz çəkilmiş qaz və işıq xəttlərinin, elektrik dirəklərinin, qaz və işıq sayğaclarının cavabdehlərin hesabına sökülməsi və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Masallı rayonu, Boradigah qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Boradigah qəsəbə sakinləri müxtəlif ölçülərdə qanunsuz olaraq zəbt etmişlər. Onlar həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan cavabdehlər tərəfindən təbii qaz və elektrik enerjisi çəkilmiş və bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Qaz xəttini, işıq dirəklərini onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evlərinə yol, qaz və işıq çəkmişlər. Onların paybəlli torpaqlarının təqribən bir sotunu zəbt etmiş, daş hasar çəkmiş, işıq və qaz sayğacları onun paybəlli torpağında basdırılmış dirəklərdən asılmışdır. Onların paybəlli torpaqlarında iki qaz xətti torpağın altı ilə keçir. Bunlardan biri, X7 tikdirdiyi evə, digər qaz xətti isə X6 tikdirdiyi evə gedir. Onlara dövlət tərəfindən verilmiş 0.83 ha torpaq sahəsindən 20 ildən artıqdır ki, istifadə edə bilmirlər. O, bununla bağlı dövlət başçısına və müxtəlif aidiyyatı orqanlara müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclas zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Masallı rayonu, Boradigah qəsəbəsində İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən işıq dirəkləri və xətləri, eyni zamanda X10 və X6 fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacları “Asan xidmət” tərəfindən verilmiş texniki şərtlər əsasında çəkilmişdir. Hesab edir ki, işıq dirəkləri və xətləri qanuna uyğun qaydada çəkilmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdeh “Azəriqaz” İstehsalat Birliyi və üçüncü şəxslər X10 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh təşkilatın nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; JN-1019 kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə İddiaçı, X1, X2, X4, X5 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üşün 0.83 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli, 3-16-16/2-10/2996 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 04 aprel 2024-cü il tarixli, 3- 21-3-44/2-1653/2024 №-li mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1019 nömrəli 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 04 aprel 2024-cü il tarixli, 3-21-3-44/2-1653/2024 №-li mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu, Boradigah qəsəbəsi ərazisində X10 və X6 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xəttinin, həm də X10 və X6 müvafiq olaraq fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttinin İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1019 nömrəli 0,83 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən iddiaçı və ailə üzvlərinə Masallı rayonu, Boradigah qəsəbəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində Boradigah qəsəbə sakinləri tərəfindən özbaşına evlər tikilmiş və həmin evlərə cavabdehlər tərəfindən təbii qaz və elektrik enerjisi çəkilmişdir. İddiaçı tərəfindən cavabdeh təşkilatlara dəfələrlə qaz və işıq xətlərini ona məsus torpaq sahəsindən çıxarılması barədə müraciətlər olunmuş, lakin bunun bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı işin faktiki halları və iş üzrə verilmiş ekspert rəyi ilə cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılqlarının pozulması faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Göstərilənlərə əsasən mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh "xxxx" ASC tərəfindən X10 və X6 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xətti və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən X10 və X6 fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttləri cavabdehlərin hesabına sökülərək çıxarılmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər “Azəriqaz” İstehsalat Birliyindən və "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat, cəmi 195 manat tutulub İddiaçı verilməli, həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər “Azəriqaz” İstehsalat Birliyindən və "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Masallı rayonu Aqrar İslahat Komissiyasının 24 iyul 1997-ci il tarixli, 34 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən 0.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh "xxxx" ASC tərəfindən X10 və X6 fərdi yaşayış evlərinə gedən iki ədəd basdırılmış dirəkdən ibarət 79,5 metr uzunluğunda hava elektrik ötürücü xətti və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən X10 və X6 fərdi yaşayış evlərinə çəkilmiş 71,1 metr və 59,1 metr uzunluğunda qaz xəttləri cavabdehlərin hesabına sökülərək çıxarılsın və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək İddiaçı təhvil verilsin. Əlavə olaraq cavabdehlər “Azəriqaz” İstehsalat Birliyindən və "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat, cəmi 195 (bir yüz doxsan beş) manat tutulub İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər “Azəriqaz” İstehsalat Birliyindən və "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-108/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-108/2024
13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver