Məhkəmə qərarları › İş №2(050)-1081/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1081/2024

07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1081/2024 07.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «cərimənin azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış ziyan kimi 25920 m3 qaz sərfiyyatının azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o da, taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X5 İdarəsinin əməkdaşları həmin evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması cümləsi yazılmışdır. xx.xx.2023-cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 25920 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Həmin akt qeydi etibarsız hesab olunmalı və 25920 m3 qaz sərfiyyatı silinməlidir. O, təxminən iki ildən artıq idiki təbii qazdan istifadə etməmişdir. Buna səbəb isə maddi imkanının təbii qazın dəyərini ödəməyə imkan verməməsi olmuşdur. Evində yemək bişirmək, çay qaynatmaq və digər lazımı tələbatlarını elektrik enerjisindən istifadə olunaraq qarşılamışlar (Bunu elektrik enerjisindən istifadə ilə bağlı verilmiş ABUNƏ HAQQİNDA məlumatdan da görünür). Qış aylarında isə evini isitmək üçün odundan istifadə etmişdir. Lakin ötən 2023-cü ilin sonunda odun tədarükü edə bilmədiyi üçün məcbur olub evini isitmək üçün təbii qazdan kənar xətt çəkməklə istifadə etməyə başlamışdır. Bu isə 2023-cü ilin noyabr ayından olmuşdur. Çünki ötən il havalar isti olduğu üçün təbii qazdanda istifadəyə oktyabr deyil noyabr ayından başlamışdır. Lakin buna baxmayaraq qaz idarəsinin əməkdaşları onun təbii qazdan 360 gün müddətində qeyri-qanuni istifadə etdiyini qeyd edirlər. O, isə vicdanlı bir vətəndaş olaraq etiraf edir ki, təbii qazdan təxminən iki aya yaxın istifadə etmişdir (bunu Azəriqaz İB-nin əməkdaşlarınada bildirmişdir). Buna səbəbdə maddi imkanının olmaması ucbatından olmuşdur. O, təbii qazdan il boyu, yəni 360 gün deyil cəmi 2 aya yaxın müddətdə istifadə etmişdir. Odur ki, o, həmin iki ay üçün nəzərdə tutulmuş cəriməni ödəməyə razıdır. Lakin 360 gün böyük bir müddətdir. Ona görə də, cərimə olaraq qeyd edilmiş 25920 m3 qaz sərfiyyatının azaldılması (təxminən 6840 m3 olması) barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, İddiaçı qanunsuz olaraq sayğacdan kənar qeyri qanuni birləşmə yolu ilə qazdan istifadə etmişdir. İddiaçının qazdan qanunsuz olaraq istifadə etməsi özünün səmimi etirafı, idarənin əməkdaşlarının və şahidlərin iştirakı ilə aşkar edilmiş və buna dair çəkiliş aparılmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Cavabdeh Lənkəran X5 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən təsdiq edilmiş 25 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 5.2ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Qaydaların 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qaydaların 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh təşkilat iddiaçının hesabına sayğacdan kənar qanunsuz qoşulma halının mövcud olmasına görə hesabat apararkən orta günlük iş rejimini 24 saat müəyyən etməklə yanlışlığa yol vermişdir. Halbuki, Qaydaların qeyd edilən müddəalarından görünür ki, məişət abonentlərinə münasibətdə hesabat sutkanın 12 saatı nəzərə alınmaqla aparılmalı idi. Bundan başqa, cavabdeh təşkilat hesabat müddətini 360 gün (12 ay) qəbul etməklə cəriməni hesablamışdır. Halbuki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayağacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Məhkəmə iddianın 25920 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun azaldılmasına münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 25 dekabr 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2023-cü ilin yanvar-dekabr ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin dekabr ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 360 gün (12 ay) hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün (3 ay) hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır. Cavabdeh təşkilat hesabat müddətini 360 gün (12) ay qəbul etməklə cəriməni hesablamışdır. Halbu ki, bu cür hesabat sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək aparıla bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 3.1.10-cu maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci ve 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 3.1.11-ci maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunvericilik məişət abonentlərinin qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirilməsi vəzifəsini qaz paylayıcısı olan cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə bildirir ki, bu hal məişət abonenti olan iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi çıxış edə bilməz. Ona görə də məhkəmə hesabat müddətinin 360 gün qəbul edilməsini əsassız sayır və bildirir ki, iddiaçının abonent hesabına cərimə borcu 90 gün (3 ay) hesabat müddəti nəzərə alınmaqla hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, həqiqətən də, ******* nömrəli, 25 dekabr 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında ona əsassız yerə yüksək həddə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı Əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m³/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ iddiaçının abonent hesabına cərimə borcu olaraq əlavə edilməlidir. İş materillarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1069/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh İB-nə qarşı «borcun azaldılması» tələbinə dair mülki iş üzrə Masallı rayon məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-1138/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Masallı rayon məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(050)-1138/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilərək iddiaçı X3 abonent hesabına ******* nömrəli, 13 yanvar 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış cərimə məbləği 4204,80 manatdan (35040 kub metrdən) 924 manata (4320 kub metrə) azaldılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı abonent hesabına 25 dekabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış ziyan 25920 kub metrdən 6480 kub metrə azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı abonent hesabına 25 dekabr 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən ziyan qismində hesablanmış cərimə məbləği 25920 kub metrdən 6480 kub metrə azaldılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar