Məhkəmə qərarları › İş №2(050)-109/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-109/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-109/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X4, X9 və Masallı “Asan Xidmət” Mərkəzi Notariat ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AA№453932 saylı və AD№807620 saylı nəqliyyat vasitələrinin qeydiyyatı şəhadətnamələri ilə X2 adına müvafiq olaraq xx.xx.2004-cü il və xx.xx.2020-ci il tarixlərdə qeydə alınmış VAZ 21063 markalı ** BA *** dövlət nömrə nişanlı və VAZ 21074 markalı ** CF *** dövlət nömrə nişanlı avtomobillər üzərində mərhum Arif Həbibovla onun hər birinin 1/2 paylarının müəyyən edilməsi və xx.xx.2022-ci ildə vəfat etmiş X1 miras qalmış yuxarıda qeyd olunan avtomobillərin hər birinin 1/2-dən ibarət miras əmlakın 3/5-nə, yəni hər bir avtomobilin 8/10-nə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, X10 ilə ailə həyatı quraraq, nikahlarını 17 mart 1977-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə Vüsalə, Şəlalə, Aynurə və Mircəlal adlı uşaqları anadan olmuşdur. Arif Həbibov 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək mülkiyyətlərində VAZ 21063 markalı ** BA *** dövlət nömrə nişanlı və VAZ 21074 markalı ** CF *** dövlət nömrə nişanlı avtomobilləri olmuşdur. Avtomobillərin hər ikisi mərhum ərinin adna qeydiyyatda olsa da, onları birgə nikah dövründə əldə etmişlər. Bu səbəbdən də qeyd olunan avtomobillərin ½ hissəsi onun payına düşür. Qalan ½ hissə isə övladları ilə aralarında bölünməlidir. Şəlalə Rəhimli ilə Vüsalə Seyfullayeva öz paylarından onun xeyrinə imtina etsələr də, qızı Cavabdeh2 özünün payını istəmişdir. Cavabdeh1 isə ümumiyyətlə bu bölgü ilə razılaşmamış və payı ilə bağlı ərizə verməkdən imtina etmişdir. Vərəsələr arasında mübahisə olduğundan Notariat Ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək məhəkəmyə müraciət edilməsini tövsiyyə etmişdir. Odur ki, məhkəmədən iddasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının vəkili-nümayəndəsi Nümayəndə Qubanəli oğlu iddinı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1981-ci ildə ünvan 1 ünvanında yaşayır. Mərhum atası X5 miras qalan avtomobillərdə paylarının müəyyən edilməsinə razıdır. Bu səbəbdən də ona düşən payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul edilməsinə etirazı yoxdur. Üçüncü şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət ibrahimov məhkəməyə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2, üçüncü şəxslər X4 və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş; Nikahın bağlanması haqqında arayışdan görünür ki, X10 ilə X6 arasında olan nikah 17 mart 1977-ci il tarixdə, 10 sayla qeydə alınmış və nikahdan sonra arvada Həbibova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətindən görünür ki, X10 ilə X3 birgə nikahdan 26 sentyabr 1978-ci ildə Həbibova (Seyfullayeva) Vüsalə Arif qızı, 03 avqust 1980-cı ildə Həbibova (Rəhimli) Şəlalə Arif qızı, xx xxxxxx 1981-ci ildə Cavabdeh1 və xx xxxxxx 1987-ci ildə Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. AA 453932 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BA *** qeydiyyat nömrəli, VAZ-21063 minik markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobil X7 adına xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır. AD 807620 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** CF *** qeydiyyat nömrəli, VAZ-21074 minik markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobil X7 adına xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Ölüm haqqında arayışdan görünür ki, X10 23 fevral 2022-ci il tarixdə beyinə qansızma səbəbindən ölmüşdür. Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2619 nömrəli arayışından görünür ki, mərhum X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı şəhəri, Qurtuluş küçəsi ev 169 olmuş, vəfat edərkən onunla-İddiaçı, Cavabdeh1, X4, X13, Cavabdeh2 yaşamış və hazırda qeyd edilən şəxslər vərəsəsi olaraq qalmışdır. X2 qeydiyyatından çıxıb gedən vərəsəsi və qeyd edilən vərəsələrindən başqa digər vərəsələri barədə məlumat yoxdur. X4 və X8 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar paylarına düşən miras əmlakdan anaları İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə iddiaçının, onun vəkil-nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X10 17 mart 1977-ci ildə rəsmi nikaha daxil olub evlənmiş və bu nikahdan Cavabdeh1, Cavabdeh2, X4 və X13 adlı uşaqları anadan olmuşlar. Miras qoyan X10 23 fevral 2022-ci il tarixdə beyinə qansızma səbəbindən vəfat etmişdir. Dövlət qeydiyyatına alınmış miras əmlak ** CF *** dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı avtomobil və ** BA *** dövlət qeydiyyat nişanlı VAZ-21063 minik markalı avtomobildir. Bununla bağlı miras qoyanın adına AD 807620 və AA 453932 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri verilmişdir. Tərəflər miras qoyanın 1-ci növbə vərəsələridir. Qeyd olunan miras əmlak iddiaçı ilə miras qoyanın birgə nikahı dövründə əldə edildiyindən, həmin əmlakın yarısı iddiaçıya, qalan hissəsi isə iddiaçı ilə birlikdə onun uşaqlarına məxsusdur. Hazırda tərəflər arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğundan iddiaçı məcbur olub göstərilən iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah dövründə əldə edilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, X1 miras qalmış ** CF *** dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı avtomobil və ** BA *** dövlət qeydiyyat nişanlı VAZ-21063 minik markalı avtomobil birgə nikah dövründə əldə edilmişdir və bu səbəbdən də həmin əmlak iddiaçı ilə onun ümumi birgə mülkiyyətinə daxildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə X1 miras qalmış ** CF *** dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobil və ** BA *** dövlət qeydiyyat nişanlı VAZ-21063 minik markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobildən ibarət əmlakların İddiaçı, cavabdelər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X4 və X13 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, üçüncü şəxslərin paylarına düşən hissəsini iddiaçının xeyrinə imtina etmələri nəzərə alınmalı və həmin əmlakların 8/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 vərəsə kimi pay hüququ tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış ** CF *** dövlət qeydiyyat nişanlı VAZ-21074 minik markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobilin və ** BA *** dövlət qeydiyyat nişanlı VAZ- 21063 minik markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobilin 8/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 vərəsəsi kimi pay hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar