Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1143/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, ərizəçi İsrafılova Makhıranın (Ərizəçi) və onun nümayəndəsi Museıbov Elshadın (X5) iştiraklarıı ilə ərizəçi İsrafılova Makhıranın (Ərizəçi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” tələbinə dair xususi icraat qaydasında mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi İsrafılova Makhıra (Ərizəçi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayon XDS İcraiyyə Komitəsi tərəfindən Masallı rayon Həsənli kəndi ərazisindən verilmiş 0.07 ha torpaq sahəsi üzərində onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermə faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşıdır, milliyətcə azərbaycanlıdır. 1991-ci ilədək Azərbaycan SSR-nin vətəndaşı olmuşdur. X1 1986-cı ildə həqiqi hərbi xidmətdə olduğu üçün Masallı rayonu X9 İcraiyyə Komitəsi və Masallı rayon Həsənli sovxozu (16 oktyabr 1992-ci ilədək “Şən Həyat sovxozu”) tərəfindən ona ailə vəziyyətinə görə 0.07 ha torpaq sahəsi verilmişdir. O, öz vəsaiti hesabına orada 1 mərtəbəli fərdi yaşayış evi tikərək 1991-ci ilədək yaşamışdır. Müxtəlif illərdə Azərbaycan Respublikasında olarkən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Ən son 2007-ci ildə o evdən çıxmış və 2024-cü ilədək geri dönməmişdir. 2024-cü ildə qayıdanda evin qalıqlarını tapmışdır. Torpaq sahəsini sənədləşdirmək üçün müraciət etdikdə müvafiq olaraq arxiv sənədlərinin olmadığı bildirilmiş, lakin həmin protokol qonşuların yanında torpaq sahəsi ölçülərkən imzalanmış və qonşuları bunu təsdiq edə bilərlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Masallı rayon şöbəsinə müraciət etdikdə, ona göstərdiyi koordinatda 0.07 ha torpaq sahəsinin olduğu barədə, lakin sahibsiz olduğundan Masallı rayon Həsənli Bələdiyyəsinin (indiki Xırmandalı) balansına verildiyi bildirilmişdir. Bələdiyyənin mülkiyyət hüquqları dövlət qeydiyytına alınmamış, sadəcə balans saxlayıcı olmuşdur. X11 rayon Filialından əldə etdiyi təsərrüfatbaşına kitabların çıxarışlarından onun və X1nun ayrıca təsərrüfat olduğu qeyd olunmuşdur. Azərbaycan SSR Mülki Məcəlləsi ilə müəyyən olunur ki, ayrıca təsərrüfat olmaq üçün ayrı yaşayış evində yaşamaq başlıca şərtdir. Lakin 2020-ci ildə ilk dəfə torpağına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alarkən ona məlum olmuşdur ki, Həsənli sovxozunun Masallı rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində ona torpaq verilməsinə dair 11 dekabr 1987-ci il tarixli 463 nömrəli əmrində X6 yox, X8 yazılmışdır. X8 onun öz qardaşıdır. O, 08 noyabr 1970-ci ildə vaxtsız vəfat etmişdir. Dəfələrlə PHŞ-nin 8 saylı Cəlilabad Ərazi dairəsinə müraciət etsə də, mülkiyyət hüquqlarının qeydiyyat alınmasından imtina edilmişdir. Sənədlərin tapıla bilməməsi onun öz təqsiri səbəbindən baş verməmişdir. Belə olan halda onun mülkiyyət hüquqları birbaşa pozulur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində mülkiyyət hüququ öz təsdiqini tapmışdır. Hər kəsin mülkiyyət hüququ vardır. Burada hər bir vətəndaşın yox, hər kəsin ifadəsi qeyd olunmuşdur. Belə ki, onun Rusiya Federasiya vətəndaşı olduğu buna mane ola bilməz. O cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələbi - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Ona şamil oluna bilməz, çünki onun torpağa mülkiyyət hüququ (sahiblik və istifadə) Azərbaycan Respublikası Torpaq Məcəlləsi qəbul olunmamışdan (25 iyun 1999-cu il tarixli Qanunla təsdiq olunmuşdur) öncə yaranmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi İsrafılova Makhıra (Ərizəçi) ərizənin məzmununa uyğun izahat verərək ona 1986-cı ildə Masallı rayonu X9 İcraiyyə Komitəsi və Masallı rayon Həsənli sovxozu (16 oktyabr 1992-ci ilədək “Şən Həyat sovxozu”) tərəfindən ailə vəziyyətinə görə verilmiş 0.07 ha torpaq sahəsinin sənədlərin bərpa olunmasını, torpaq sahəsində tikilmiş ev və torpaq üzrə sahiblik, ondan istifadə etmə hüquqların bərpa olunmasını və tanınmasını xahiş etdi.
4. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi İsrafılova Makhıranın (Ərizəçi) nümayəndəsi Museıbov Elshad (X5) ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
6. RUS seriyalı P 66№ ******* nömrəli xarici pasportun surətindən görünür ki, 08 mart 1963-cü il təvəllüdlü X7 Federasiyasının vətəndaşıdır.
7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 82225043 nömrəli bildirişdən görünür ki, İsrafılova Makhıra 11 iyun 2025-ci il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanı üzrə qeydiyyata alınmışdır.
8. Masallı Rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivin 08 oktyabr 2024-cü il tarixli arayışının surətindən görünür ki, İsrafılova Makhıranın (əvvəl Ərizəçi) ərizəsi 17 sentyabr 2024-cü il tarixdə elektron qaydada daxil olmuş, araşdırmanın nəticəsində Həsənli, Məmmədxanlı, Köçəkli və Tək Dam kəndlərini əhatə edən keçmiş “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitablarına baxış keçirilmiş, İsrafılova Makhıranın (Ərizəçi) sorğusunda torpaq ayırma ili 1988-ci il göstərilməsinə baxmayaraq, sovxozun 1985-1988-ci illərə aid əmr kitabları araşdırılmış, Ərizəçi və X3 aid torpaq sahəsi verilməsi barədə məlumatlara rast gəlinmədi.
9. Azərbaycan Respublikasının Dövlət Arxivinin 02 oktyabr 2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Masallı rayonu, Həsənli kəndində X4 və İsrafılova Makhıra (əvvəl Ərizəçi) adına torpaq ayrılması barədə heç bir məlumat aşkarlanmamışdır.
10. Masallı rayon Dövlət Arxivinin 08 oktyabr 2024-cü il tarixli cavab məktubun surətindən görünür ki, Həsənli, Məmmədxanlı, Köçəkli və Tək Dam kəndlərini əhatə edən keçmiş “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun 1985-1988-ci illərdə əmr kitablarında İsrafılova Makhıra (əvvəl Ərizəçi) və X3 aid torpaq sahəsi verilməsi barədə məlumat tapılmamış və əlavə olaraq bu barədə çıxarış əlavə edilmişdir.
11. Masallı rayon Dövlət Arxivinin 15 noyabr 2024-cü il tarixli cavab məktubun surətindən görünür ki, İsrafılova Makhıra (əvvəl Ərizəçi) təsərrüfatı ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (əvvəlki Həsənli XDS İK) məxsus 1986-1990, 1991-1995-ci illrə aid 6, 5 saylı təsərrüfatbaşına kitabın, 681, 390-cı təsərrüfatından, 48-49, 174-175-ci səhifələrindən, ibarət xx.xx.2024-cü il tarixli A/Ç-3-48-33RA/2-İ-2xx-xx/2024 və A/Ç-3-48-33RA/2-İ-290, 1- 16/2024 saylı arxiv çıxarışları əlavə olaraq təqdim olunmuşdur.
12. 19 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Makhira İsrafilova məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, İsrafılova Makhıranın (əvvəl Ərizəçi) Masallı rayonu X9 İcraiyyə Komitəsi və Masallı rayon Həsənli sovxozu (16 oktyabr 1992-ci ilədək “Şən Həyat sovxozu”) tərəfindən ailə vəziyyətinə görə 0.07 ha torpaq sahəsi verilməsinə dair sənədlərin təqdim olunması barədə müraciəti Azərbaycan Respublikasının Dövlət Arxivi və Masallı rayon Dövlət Arxivi tərəfindən araşdırılmış və Həsənli, Məmmədxanlı, Köçəkli və Tək Dam kəndlərini əhatə edən keçmiş “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun 1985-1988-ci illərdə əmr kitablarında İsrafılova Makhıra (əvvəl Ərizəçi) torpaq sahəsi verilməsi barədə məlumat tapılmamışdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 7-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktının müəyyən olunması üçün ilk növbədə torpaq sahəsi mülkiyyətdə olmalı, ərizəçi hüquq müəyyənedici sənədləri itirmiş olmalı və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmamalıdır. Lakin iş materiallarından müəyyən olunur ki, ərizəçinin nəinki daşınmaz əmlak olan torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur, ona ümumiyyətlə Masallı rayonu X9 İcraiyyə Komitəsi və Masallı rayon Həsənli sovxozu (16 oktyabr 1992-ci ilədək “Şən Həyat sovxozu”) tərəfindən ailə vəziyyətinə görə 0.07 ha torpaq sahəsi verilməsinə dair “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun 1985-1988-ci illərdə əmr kitablarında barədə məlumat yoxdur.
Məhkəmə xərcləri:
19. Məhkəmə hesab edir ki, ərizə rədd edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
21. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: Ərizəçi İsrafılova Makhıranın (Ərizəçi) Masallı rayon XDS İcraiyyə Komitəsi tərəfindən Masallı rayon Həsənli kəndi ərazisindən verilmiş 0.07 ha torpaq sahəsi üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermə faktının tanınması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov