Məhkəmə qərarları › İş №2(050)-1174/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1174/2023

22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1174/2023 22.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 tərəfindən adına tərtib olunmuş 04 iyul 2022-ci il tarixli, 049262 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2555.52 manat borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyul ayında özlərini X3 Satış İdarəsinin əməkdaşları kimi təqdim edən 2 nəfər Masallı rayon Şıxlar kəndində yerləşən evlərində quraşdırılmış sayğaca baxış keçirməli olduqlarını bildirmişlər. Sayğaca baxış keçirib heç bir söz demədən çıxıb getmişlər. Təxminən 2 saat sonra onlar yenidən qayıdaraq sayğacda kənar xətt olduğunu deyərək cərimə aktı yazacaqlarını bildirmişlər. Onlara sayğacda hər hansı kənar xətt olmadığını bildirərək, bunun mümkün olmadığını demişdir. Əlavə olaraq onlardan əgər kənar xətt varsa onu göstərmələrini tələb etmişdir. Lakin onlar heç bir izah vermədən, kənar xəttin mövcud olduğunu ona göstərmədən yuxarının tapşırığıdır deyərək bu aktı yazmalı olduqlarını qeyd etmişlər. Bu vaxt onlarla gələn daha bir nəfər onu kənara çəkərək onları “yola salmağını” istəmişdir. O, əvvəlcə başa düşməsə də, sonradan həmin şəxsin ona məsələni yerində həll etməyinin yüngül başa gələcəyini, yoxsa akt yazılsa cərimənin daha çox olacağını bildirmişdir. O, heç qanunsuzluq etmədiyi halda onlara nə üçün pul verməli olduğunu deyərək onlarla mübahisə etmişdir. Onlar da maşına əyləşib çıxıb getmişlər. Ayın 23-də elektirik şəbəkəsinin işçiləri gələrək evinə gələn işıq xətini dirəkdən açmışlar. Səbəb kimi də 2555 manat borcu olduğunu qeyd etmişlər. Elə həmin gün işıq idarəsinə müraciət etsə də, rəhbərliyin yerində olmadığını bildirərək onu qəbul edən olmamışdır. Yanlız aktın surətini ona vermişlər. Məlum olmuşdur ki, 049262 nömrəli aktla 2555 manat cərimə hesablanmışdır. Hər nə qədər xahiş etsə də, onu dinləyən olmamışdır. Axırda 1000 manat ödəyəcəyi halda sayğacını yenidən şəbəkəyə qoşacaqlarını bildirmişlər. Məcbur qalaraq həmin gün 1000 manat ödəniş etdikdən sonra, yenidən işığını bərpa etmişlər və ondan qalan pulu da 1 ay ərzində ödəməyini tələb etmişlər. Mən hər ay 40-50 manat bəzən daha çox işıq pulu ödəyir. Odur ki, aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2555.52 manat borcun silinməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac quraşdırılmış fərdi yaşayış evi on a məxsusdur, uzun müddətdir həmin evdə yaşayırlar. Sayğaca heç bir müdaxilə etməmiş, aktın qəbul edilməsindən məlumatı olmamış, sayğacda hər hansı qüsur aşkar edilməmişdir. Hətta bu barədə videçəkiliş aparılmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, videoçəklişin olmadığını, borcun düzgün hesablandığını, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 12 dekabr 2022-ci il tarixli, 280619 saylı aktın surətindən görünür ki, sağyağa baxış keçirilən zaman sayğacın baxış şüşəsində maqnit qoyulması izləri müşahidə olunması əsası ilə köhnə sayğacın labaratoriyaya göndərilməsinə qərar verilmişdir. Akt tərtib edilərkən İddiaçı iştirakı təmin olunmamış, onun adının qarşısında imza yoxdur. İddiaçı adına olan abonent saldosuna baxış keçirilən zaman, sayğacın açılması tarixindən əvvəlki və sonrakı aylar üzrə elektrik enerjisindən istifadəyə görə ödənilən məbləğlər üzrə hansı fərq müşahidə olunmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.33.-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunmuş Qaydaların 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılşamalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən cavabdeh tərəfin aktda qeyd etdiyi hallar sübuta yetmir, hesabladığı ziyana görə iddiaçının təqsirli və qanuna zidd hərəkətləri, səbəbli əlaqə müəyyən olunmur. Belə ki, aktdan belə nəticəyə gəlmək olur ki, abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuşdur. Həmin göstəricilərlə İddiaçı sayğaca müdaxilə edib-etməməsi müəyyən deyil. Bundan başqa İddiaçı iştirakı təmin edilməmiş, hər hansı texniki vasitə ilə baxış keçirilməmişdir. Hətta sayğacın labaratoriya şəraitində yoxlamanın aparıması müəyyyən deyil. Bu hallar da aktın doğru olmasını şübhə altına alır. Həmçinin abonent saldosundan da göründüyü kimi, iddiaçı hər ay elektrik enerjisinin istifadə edilməsinə görə ağlabatan məbləğlərdə ödənişlər etmişdir. Belə olan halda istifadə edilməmiş elektrik enerjisinə görə ziyan hesablanması istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Odur ki, akt əssasız hesab edilməli və hesablanmış ziyan məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1 İddiaçı adına tərtib etdiyi 12 dekabr 2022-ci il tarixli, 280619 nömrəli akt etibarsız hesab edilsin, abonent İddiaçı adına hesablanmış ziyan məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar