Məhkəmə qərarları › İş №2(050)-1211/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1211/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1211/2023 28.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı X1, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-yə və X4 Təhcizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-yə və X4 Təhcizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, R 280488 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 583,52 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini taarif planına uyğun ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun evində quraşdırılımış sayğaca baxış keçirmişlər, baxış zamanı guya sayğacın gövdə möhrünə müdaxilə edilmiş, elektrik sayğacı yükü hiss etmədiyi aşkar edilmişdir. Həmin tarixdə barəsində R 280488 saylı akt tərtib edilmiş, aktda sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi qeyd edilmişdir. İşıq idarəsinin işçiləri evə gələn elektrik xətlərini yoxlamamışlar. Heç bir əsas olmadan qanunsuz olaraq əlavə 583.52 manat sərfiyyat hesablanmışdır. Halbuki, həmin məbləğdə işıq sərf etməmişdir. Bir ayda heç 100 manat elektrik enerjisindən istifadə etmir. Qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasını qeyd etmişdir. Evinin elektrik enerjisindən istifadə yükü ampermaj cihazı ilə yoxlanılmadan əsassız olaraq sərfiyyat hesablanmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 560.1, 560.2, 337.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.1, 8.2, 8.13 və 8.14-cü bəndlərinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, evində daimi yaşayış olmuşdur. Sayğaca müdaxiləni "xxxx" ASC-nin əməkdaşları etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, R 280488 saylı aktın yazılmasına səbəb sayğaca müdaxilənin olmasıdır. Bunu təsdiq edəcək video görüntü var. Mübahisəli sayğac laboratoriya şəraitində yoxlanılmış və yoxlanılma nəticəsində müəyyən edilmişdir ki, sayğacın azs. möhürü və alt qapaq möhürü pozulub. Faza xəttinin giriş və çıxışına şunt vasitəsi ilə müdaxilə olunmuşdur. Bu səbəbdən sayğac xəta ilə işləyir. Sayğac istismara yarasızdır. Akta tərtib edilərkən axan yük xüsusi cihazla ölçülmüşdür. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, R 280488 saylı aktda göstərilir ki, elektrik sayağacın gövdə möhürünə müdaxilə olunub, sayğacdan 11,12 amper yük axsa da, elektrik sayğacı yükü hiss etmir. Sayğacın çıxış xətti 2x10 mm2-dir. Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 008594 saylı akt-protokoldan görünür ki, sayğacın azs. möhürü və alt qapaq möhürü pozulub. Faza xəttinin giriş və çıxışına şunt vasitəsi ilə müdaxilə olunmuşdur. Bu səbəbdən sayğac xəta ilə işləyir. Sayğac istismara yararsızdır. Təsdiq edilmiş hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R 280488 saylı akta əsasən 583,52 manat əlavə sərfiyyat hesablanmışdır. Təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, sayağacın gövdə möhürünə müdaxilə olunub, sayğacdan 11,12 amper yük axsa da, elektrik sayğacı sərfiyyatı qeyd etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən aktın və həmin akta əsasən hesablanmış borcun əsassızlığı işin araşdırılması zamanı təsdiqini tapmamışdır. İşdə olan sübutlar, o cümlədən təqdim edilmiş CD-yə baxış keçirilərkən "xxxx" ASC-nin nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı abonentin elektrik sayağacından kənar (sayğac sərfiyyatı qeydə almadan) elektrik enerjisindən istifadə etməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək sübut təqdim edilməmiş və ya işin araşdırılması zamanı sübuta yetirilməmişdir. İddiaçı birbaşa olmasa da qeyd edilən edilən nöqsanı dolayı yolla təsdiq edərək, elektrik sayğacına müdaxilənin onun tərəfindən deyil, "xxxx" ASC-nin əməkdaşları tərəfindən edildiyini bildirsədə, bunu sübut edə bilməmişdir. İddiaçının iddia etdiyi kimi onun iradəsinə zidd hər hansı bir şəxsin abonentin xeyrinə sayğaca müdaxilə etməsi qəbul edilən deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-yə və X4 Təhcizatı və Satışı İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, R 280488 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 583,52 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar