Məhkəmə qərarları › İş №2(050)-1260/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1260/2024

05.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1260/2024 05.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən adına tərtib olunmuş 23 dekabr 2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 19656 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı şəhəri, Dadva-2 ünvanında özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq, təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Ona xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 19656 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun iddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. Qeyd edilmişdir ki, onun həyətindən keçən qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Lakin o, heç bir qeyri-qanuni xəttdən istifadə etməmişdir. Cavabdeh təşkilatın ona yazdıqları cərimə əsassızdır. Onun heç xəbəri olmadan yazılan cərimə ona aid deyildir. Nəyə istinad edərək cəriməni hesablamışlar onu da bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdeh təşkilat isə 90 günün cəriməsini yazmışdır. Heç onların öz təlimatlarında belə cərimə yazmağa ixtiyarları yoxdur. Cərimənin silinməsindən ötrü məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İşdə olan xx.xx.2019-cu il tarixli, 29736 saylı müqavilədən görünür ki, tərəflər arasında iddiaçıya tabe qurum olan Cavabdeh İB Lənkəran RQİİ ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi bağlanmışdır. 23 dekabr 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, 11455023 saylı sayğacın açılaraq, yerinə mənşəyi bəlli olmayan sayğacın bağlanması əsası ilə itirilmiş qazın bərpası tələb olunur. 30 dekabr 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 23 dekabr 2020-ci il tarixli, ******* saylı akta əsasən 19656 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564-İİQ saylı Qanununa əsasən mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında məişət qaz sayğacları yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfində ölkəyə idxalına icazə verilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli , ******* saylı akta göstərilən qüsurun yəni 11455023 saylı sayğacın açılaraq, yerinə zavod nömrəsi 11458023 saylı sayğacın həqiqətən də istehlakçı tərəfindən qoyulması barədə heç bir araşdırma aparılmamış, yalnız aktı tərtib etməklə kifayətlənmişlər. Halbuki,həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, 11455023 saylı sayğacın açılaraq yerinə mənşəyi bəlli olmayan sayğacın bağlanması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa, onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 30 dekabr 2020-ci il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin İddiaçı adına tərtib etdiyi 23 dekabr 2020-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 19656 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar