Məhkəmə qərarları › İş №2(050)-1292/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1292/2025

12.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1292/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus evdə quraşdırılan **********00182 nömrəli abunə koduna yazılmış 618,94 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. O, 1998-ci ildə yaxın qohumu X1 tərəfindən övladlığa götürülmüşdür. Həmin vaxtan onun evində yaşayır. Yaşadığı evə aid olan elektrik sayğacı da, onun adına qeydə alınmışdır. Lakin "xxxx" ASC-nin qeydiyyatında onu övladlığa götürənin adı səhvən Tərlan yazılmışdır. Soyadının yerində isə onun soyadı Tahirov yazılmışdır. Onu övladlığa götürən şəxs 2015-ci ildə rəhmətə getmişdir. Həmin vaxtdan indiyədək həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Hər bir abonent kimi elektrik enerjisindən sayğac vasitəsi ilə istifadə etmiş və ödənişlər etmişdir. İndiyə kimi də, işığa görə heç bir borcu qalmamışdır. Təxminən 1 həftə əvvəl Masallı elektrik şəbəkəsinin işçiləri həyətə gələrək onun 868 manat borcu olduğunu bildirərək evinə verilən işığını kəsərək çıxıb getmişlər. O, onlara bu məbləğdə borcu ola bilməyəcəyini, ən çoxu 100 manata qədər borc qala biləcəyini bildirmişdir. 06 iyun 2022-ci ildə yazılmış 028301 nömrəli aktın surətini ona verərək həmin akt əsasında cərimə edildiyi bildirilmişdir. Həmin aktda sayğacdan kənar əlavə xəttdən istifadə etməyi barədə qeyd edilmişdir. Onun həmin aktın yazılmasından xəbəri olmamışdır. Onlar hansı kənar xətt barədə akt tərtib ediblər ona məlum deyildir. Onun evində heç vaxtı kənar xətt olmamışdır. Elektrik sayğacı da, həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılmışdır. Kəndin nəzarətçisi də, hər ay sayğacları yoxlayaraq onlara bildiriş təqdim edir. Əgər onun evində sayğacdan kənar xətt olmuş olsaydı nəzarətçi onu çağıraraq həmin kənar xəttin şəklini çəkə bilərdi. Aktı yalnız bir nəfər imza etmiş, nə onun, nə də, hal şahidlərinin imzası yoxdur. O, heç vaxt heç bir kənar xətdən istifadə etmədiyinə görə həmin aktı qanunsuz hesab edilərək hesablanmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları:

3. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, işıq saldosunda adı qeyd olunan mərhum X1 atasının əmisidir və həmin şəxs onu övladlığa götürmüşdür. Həmin şəxs 2015-ci ildə vəfat etmişdir. Lakin işığa dair saldoda onun soyadı və adı səhv olaraq Tahirov Tərlan kimi qeyd olunmuşdur. Adının səhv qeyd olunmasına səbəb isə hamının onu Tərlan kimi tanıması olmuşdur. Soyadının səhv olmasına səbəb isə atası ilə əmi uşağı olsalar da, atasının soyadı Tahirov olmuşdur. İşıq sayğacı həyətdə yerləşir və ona heç bir müdaxilə olmamışdır. Buna baxmayaraq əsassız olaraq akt tərtib olunaraq cərimə yazılmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh "xxxx" ASC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Qızlaküçə kəndində X3 adlı abonentin fərdi evinə 11 iyul 2018-ci il tarixdə Kohler-AEL.MF.07 tipli 77037246M1113652 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00182-dir.

8. Abunə haqqında məlumatdan görünür ki, Masallı rayonu, Qızlaküçə kəndində X3 adlı abonentin 22 iyun 2022-ci il tarixdə cəmi 5665 kvt/s göstərici ilə 618,94 manat məbləğində sərfiyyat göstərilmişdir.

9. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli NDM seriyalı 028301 saylı aktdan görünür ki, EEİQ-nin tələblərinə uyğun olaraq elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, abonent xüsusi açar vasitəsi ilə sayğacın alt qapağının altından giriş faza sıxacından sayğacın faza xəttinin üzərində qoyulmuş qoruyucu avtomatın çıxışına birləşdirməklə sayğacı dövrədən kənarlaşdırmışdır. Naqilin en kəsiyinin ölçüsü 2,5 mis naqildir. Psay=0 kvt Pkənar=1,32 kvt

10. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli aktdan görünür ki, 5665 kvt/s sərfiyyata görə 619 manat məbləğində pul hesablanmışdır.

11. Masallı Regional “ASAN-xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışından surətindən görünür ki, X1 20 aprel 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 aprel 2015-ci il tarixdə 34 nömrəsi ilə qeyd edilmişdir.

12. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü İddiaçı 16 sentyabr 1998-ci il tarixdə X1 tərəfindən övladlığa götürülmüşdür.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Ərkivan qəsəbəsi, Qızlaküçə kəndində fərdi yaşayış evinin küçədə quraşdırılmış sayğacın yoxlanması zamanı məlum olmuşdur ki, abonent xüsusi açar vasitəsi ilə sayğacın alt qapağının altından giriş faza sıxacından sayğacın faza xəttinin üzərində qoyulmuş qoruyucu avtomatın çıxışına birləşdirməklə sayğacı dövrədən kənarlaşdırmışdır. X3 adlı abonentə 22 iyun 2022-ci il tarixdə 5665 kvt/s sərfiyyata görə 618,94 manat məbləğində borc hesablanmışdır. Abonentə 11 iyul 2018-ci il tarixdə Kohler-AEL.MF.07 tipli 77037246M1113652 nömrəli sayğac quraşdırılmışdır. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

14. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

19. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

20. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

21. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06 iyun 2022-ci il tarixli NDM seriyalı 028301 saylı akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndində nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı təmin edilməmiş, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən imzalansa da, istehlakçı tərəfindən imzalanmamış, aktın bir nüsxəsi istehlakçıya təqdim edilməmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmamış və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Həmçinin istehlakçının izahatı və aktın məzmunu barəsində mülahizələri akta əlavə edilməmişdir. Məhkəmə iclasında iddiaçı da, akt tərtib edildiyi zaman məlumatının olmadığını, sonradan xəbəri olduğunu qeyd etmişdir. Bundan başqa aktdan görünür ki, xüsusi açar vasitəsi ilə sayğacın alt qapağının altından giriş faza sıxacından sayğacın faza xəttinin üzərində qoyulmuş qoruyucu avtomatın çıxışına birləşdirməklə sayğacı dövrədən kənarlaşdırmışdır ki, həmin açarın da, iddiaçıda olması mümkün deyildir.

22. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Bundan başqa istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında) quraşdırılmış elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

23. Həmçinin nəzərə alınmalıdır ki, istehlakçının elektrik enerjinin talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə enerjitəchizatı müəssisəsi vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində NDM seriyalı 028301 saylı akt 06 iyun 2022-ci il tarixdə tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün iddiaçının təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir.

24. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış borc silinməlidir. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, akt tərtib edikdikdən sonra 618,94 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən akt əsasında hesablanmış 618,94 manat borc silinməlidir.

Nəticə:

25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Ərkivan qəsəbəsi, Qızlaküçə kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NDM seriyalı 028301 saylı 06 iyun 2022-ci il tarixli akt əsasında **********00182 abonent kodu üzrə X3 adlı abonentə elektrik enerjisindən 5665 kvt/s sərfiyyata görə hesablanmış 618,94 manat məbləğində borc silinməlidir.

26. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Ərkivan qəsəbəsi, Qızlaküçə kəndində yerləşən fərdi yaşayış evinə dair “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş NDM seriyalı 028301 saylı 06 iyun 2022-ci il tarixli akt əsasında **********00182 abonent kodu üzrə X3 adlı abonentə elektrik enerjisindən 5665 kvt/s sərfiyyata görə hesablanmış 618,94 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar