Məhkəmə qərarları › İş №2(050)-130/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-130/2025

27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-130/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, 26 iyun 2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 iyun 2006-cı il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X4 26 iyun 2006-cı ildə anadan olmuş və hazırda onunla birgə yaşayır. X6 digər ensefalit, mielit və ensefalomielit, keçirilmiş ensefalit, mielit və ensefalomielitin davamlı qalıq əlamətləri. Epileptik status, Generalizə olunmuş epileptik status. Somnolentik, stupor və koma, Soropoz vəziyyət. Epilepsiya xəstəliyi, generalizə olunmuş forma, tez-tez təkrarlanan tutmalarla (ayda 6-8 dəfə) diaqnozu qoyulmuş və həmin xəstəlikdən əziyyət çəkir. Oğlu birinci dərəcəli əlildir və pensiya alır. Oğlu hazırda tam fəaliyyət qabiliyyətsizdir, onun gündəlik tələbatı ilə özü məşğul olur, onun əqli geriliyi vardır və hərəkətlərini başa düşmür. Oğlu hazırda hərəkətlərini dərk etmir və hər hansı hərəkət edə bilmir. Oğlunun fəaliyyət qabiliyyəti olmadığı üçün müəyyən sənədləşmə işlərinin həyata keçirilməsindən məhrum olmuşdur. Onun üzərində qəyyum olaraq təyin olunmadığı üçün onun adından hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir. Dövlət tərəfindən verilən müavinətlərdən istifadə edə bilmir. Onun üzərində qəyyum təyin olunmağı barədə İcra Hakimiyyətinə də müraciət etmiş, onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunduğu halda, qəyyum təyin oluna biləcəyi göstərilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Nicat Zamanlı müddətsiz İ dərəcəli əlildir. Ekspert tərəfindən də onun fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Nümayəndə1 ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Buna görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 26 iyun 2006-cı il təvəllüdlü X1 atası X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 26 iyun 2006-cı il təvəllüdlü X4 “digər ensefalit, mielit və ensefalomielit, Keçirilmiş ensefalit, mielit və ensefalomielitin davamlı qalıq əlamətləri. Epileptik status, Generalizə olunmuş epileptik status. Somnolentik, stupor və koma, Soropoz vəziyyət. Epilepsiya xəstəliyi, generalizə olunmuş forma, tez-tez təkrarlanan tutmalarla (ayda 6-8 dəfə)” diaqnozu ilə müddətsiz İ dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 3733 saylı rəyindən görünür ki, 26 iyun 2006-cı il təvəllüdlü X4 “Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) vegetativ vəziyyət” formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz 1-ci qrup əlillik təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2006-cı il təvəllüdlü X4 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir, ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 26 iyun 2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 iyun 2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar