Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-131/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Masallı elektrik şəbəkəsi tərəfindən 10 avqust 2022-ci ildə yazılmış 268010 saylı aktın ləğv edilərək 778 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonu, Kolatan kəndində fərdi yaşayış evi vardır. Həyətlərində öz evindən əlavə atası X2 da evi vardır. Atası yaşlı olduğu üçün həm tək qalmaması, həm də ona qulluq etmək məqsədilə 2022-ci ilin əvvəlindən o, və ailə üzvləri atasının evinə köçmüşlər. Öz evində isə ümumiyyətlə yaşayış yoxdur. Lakin, axşamlar həyətdə 1 ədəd 12 vatt gücündə ekonom elektrik lampası yanır. Bu ilin avqust ayında Masallı elektrik şəbəkəsinin əməkdaşları həmin sayğaca baxış keçirərək ondan sərfiyyatın niyə az olmasını soruşmuşlar. O, qeyd edilən özünə məxsus evdə yaşamadığını bildirərək idarənin əməkdaşlarını həyətə dəvət emiş, hətta evin daxili şəraitini də göstərmişdir. İdarə əməkdaşları heç bir söz demədən çıxıb getmişlər. Səhəri günü kəndin nəzarətçi mütəxəssisi ona bildirmişdir ki, seriyyatın az olması məsələsinin idarədə danışıldığı, rəisin razılaşmadığı və tapşırıq əsasənda ona cərimə yazılmasını bildirmişdir. O, bundan sonra Masallı elektrik şəbəkəsinə getmiş, orada barəsində hər hansı cərimə aktı olmadığını bildirdikdən sonra evə qayıtmışdır. Lakin, 1 ay sonra ona işıq qəbzi veriləndə 778 manat cərimə olduğunu görmüşdür. O da bu haqsızlıqlar qarşısında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun evində 9 aydır ki, yaşayış yoxdur və heç vaxt kənar xətt olmamışdır. Elektrik sayğacı küçədə yerləşir. Həmçinin atasının adına olan sayğac üzrə də, hər istifadə etdikləri işığın pulunu ödəmişlər. Əgər həqiqətən də həmin evdə kənar xətt olmuşdursa, aktı yerində yazılmamış, ona da akta imza etdirməmişlər. Sonradan idarəyə gedərək kiminsə göstərişi ilə ona cərimə yazıldığı üçün bunu qanunsuz hesab edir və aktın Masallı elektrik şəbəkəsinin əməkdaşları tərəfindən qanunsuz şəkildə yazıldığından və onun kənar xətdən istifadə etməyinə dair hər hansı sübut, dəlilləri olmadığından məhkəmədən həmin aktın ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddasının təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 avqust 2022-ci il tarixli, R №268010 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu, Kolatan kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına EEİQ-nin qaydalarına uyğun olaraq baxış keçirilərkən abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Kolatan kənd sakini İddiaçı “EİQ pozulması” ilə əlaqədar olaraq 778 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 10 avqust 2022-ci il tarixdə Masallı rayonu, Kolatan kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmin akt əsasında 778 manat məbləğində sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab olunması üçün məhkməyə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, akt etibarsızdır və bu səbəbdən həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, iş materiallarına əlavə olunmuş “Abunə Haqqında” məlumat cədvəlindən görünür ki, akt tərtib olunmuş tarixdən əvvəlki, həmçinin ondan sonrakı aylarda abonentin elektrik sərfiyyatı ilə bağlı borcları yaxın məbləğlərdə olmuş və borc məbləğləri mütəmadi olaraq ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd edib-etmədiyi hazırda qeyrimüəyyəndir. Həmçinin əgər sayğaca müdaxilə olunmuş olsa idi belə, həmin müdaxilədə istehlakçının təqsirinin olub-olmaması da müəyyən edilməmişdir. Eyni zamanda aktın tərtib olunmasına səbəb olmuş abonentin elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi göstərilsə də, bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut (video, foto çəkliş və s.) təqdim olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, həmin akt ehtimallara əsasən tərtib edilmişdir və həqiqiliyi şübhə doğurur. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli, R №268010 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 778 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-131/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-131/2023
02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver