Məhkəmə qərarları › İş №2(050)-1376/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1376/2024

25.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1376/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2023-cü il tarixli, AKT NDM № 035284 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1074.84 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayır və həmin qəsəbədə fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuş və hər ay istifadəyə görə pulu ödəmiş, ödəniş qəbzləri vardır və abonentin saldosunda ödənişlər təsdiqini tapır. Evdə o və yoldaşı iki nəfər yaşayırlar və artıq iki ildən çoxdur ki, onların evində elektrik enerjisi smart kart tipli sayğacla təchiz olunmuşdur. O, hər ay kartına pul vuraraq elektrik enerjisindən istifadə etmişdir. Əgər elektrik enerjisindən sayğacdan kənar istifadə edirdisə, o zaman hər ay pul ödəməzdi. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun fərdi yaşayış evində olan sayğaca baxış keçirərək sayğacın axan yükü qeyd etmədiyini, sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyini müəyyən etmişlər və atk tərtib olunmuşdur. Daha sonra 1.074 manat ziyan hesablanmış və ondan tələb olunmuşdur. Sözügedən aktla razı deyil və qanunsuz olmasını hesab edir. Belə ki, o, sayğaca hər hansı müdaxilə etməmiş, sayğacdan kənar xəttdən istifadə etməmişdir, sayğac smart tipli olmuş, ancaq ödədiyi pula görə elektrikdən istifadə etmiş, öhdəliklərinin icrasından yayınmamışdır. Saldodan göründüyü kimi o, akt yazılan vaxtadək hər ay ödənişlər etmiş, ümumiyyətlə onların evində iki nəfər yaşadıqları üçün işığa çoxda ehtiyac olmur, saldoya nəzər yetirilsə görülür ki, iyunda 5 manat, iyulda 5 manat, avqustda 5 manat, sentyabrda 10 manat, xx.xx.2023-cü il tarixədək 34 manat ödənişlər etmişdir. Sayğaca müdaxilə etmiş olsaydı və sayğac axan yükün həcmini qeyd etməmiş olsaydı bu zaman hər ay işığa görə karta pul köçürməzdi və pulsuz istifadə edərdi. Onun sexi yoxdur, obyekti yoxdur, iki qoca insan bir evdə yaşayır və bir işıq yanır, o, da ayda təxminən 5-10 manat, qışda 20 manat işıq pulu sərf edir. Sayğaca müdaxilə etmək fikri olsaydı, bu zaman pul ödəməzdi. Ümumiyyətlə smart tipli sayğaca müdaxilə edilməsi mümkün deyildir. Sayğac labaratoriyaya aparılır və ona baxış keçirilir, guya müdaxilə olunması göstərilir, bəlkə həmin müdaxiləni və qüsuru qəsdən həmin əməkdaşlar özləri yaradacaqlar, aktı tərtib edən şəxslər maraqları olduğu üçün sayğaca müdaxilədə edə bilərlər. Onda şübhələr yaranır ki, bəlkə sayğacı qəsdən həmin şəxslər zədələmişlər, şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmçinin, sayğacın içərisində hər hansı hissə xarab da ola bilər, bu onun yox, onu düzəldənin səhvidir, sayğacın içində hansısa hissənin xarab olmasına görə məsuliyyət daşımır. Əgər kənar xətt çəkmiş olsa, bu zaman məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə etməmiş və sayğacın içərisindən xəbəri yoxdur. Dəymiş ziyanın ondan tələb olunması üçün əvvəlcə hadisənin baş verməsində onun təqsiri müəyyən olunmalı, daha sonra təqsirə görə ziyan tutulmalıdır. Onun təqsirinin olması barədə hər hansı sübut yoxdur. Həmçinin, akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, foto və ya video çəkiliş aparılmamışdır. Lakin "xxxx" ASC-nin əməkdaşları qanunsuz olaraq sözügedən aktı tərtib etmişlər. Odur ki, həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı onun əridir. İki ildir ki, özü Bakı şəhərində yaşayır. Əri həmin evdə tək yaşayır. Bundan başqa əri xəstədir, o, nəinki sayğaca müdaxilə edə bilər, hətta elektrik enerjisinin pulunu belə özü ödəyə bilməmiş, onun üçün pulu yaxınları gedib ödəyir. Aktın yazımasından məlumatları olmamışdır. Sayğaca heç bir müdaxilə edilməmişdir. Sonda Nümayəndə2 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğac xəttdən axan yükü qeyd etmir. Həmçinin sayğacın dövlət alt örtük qapağına vurulan möhür müdaxiləlidir. Bundan əlavə sayğacın faktiki göstəricisi kompyuter məlumat bazası ilə uyğun deyil. Ölçmə zamanı xəttdən axan yük P tak=1.21 kvt, P say= 0kvt təşkil edir. Bununla bağlı 03 oktyabr 2023-cü il tarixli, AKT NDM № 035284 saylı akt tərtib edilmiş və akta əsasən 1074.84 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə1 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İşin materialları araşdırılarkən müəyyən edilmişdir ki, 03 oktyabr 2023-cü il tarixli, AKT NDM № 035284 saylı akt tərtib edilmiş, həmin aktda sayğac nömrəsi ********* olan istehlakçıya məxsus elektrik sayğacında “sayğac xəttdən axan yükü qeyd etmir. Həmçinin sayğacın dövlət alt örtük qapağına vurulan möhür müdaxiləlidir. Bundan əlavə sayğacın faktiki göstəricisi kompyuter məlumat bazası ilə uyğun deyil. Ölçmə zamanı xəttdən axan yük P tak=1.21 kvt, P say= 0kvt təşkil edir kimi qeydlər aparmışdır. Sayğaca videoçəkiliş vasitəsi ilə yoxlanıldığı zaman həqiqətən də sayğacın axan yükü qeyd etmədiyi müəyyən edilmişdir. İddiaçı aktda qeyd edilən qüsurların olub-olmadığını dəqiq bilmir, həmin qüsurlar varsa da onun təqsiri üzündən baş vermədiyini, sayğacın onun iştirakı olmadan dəyişdirildiyini bildirərək tərtib edilmiş aktla razılaşmamışdır. İş materiallarında olan: Araşdırma zamanı müəyyən edilmişdir ki, 03 oktyabr 2023-cü il tarixli, AKT NDM № 035284 saylı aktda göstərilir ki, sayğac nömrəsi ********* olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “sayğac xəttdən axan yükü qeyd etmir. Həmçinin sayğacın dövlət alt örtük qapağına vurulan möhür müdaxiləlidir. Bundan əlavə sayğacın faktiki göstəricisi kompyuter məlumat bazası ilə uyğun deyil. Ölçmə zamanı xəttdən axan yük P tak=1.21 kvt, P say= 0kvt təşkil edir. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT NDM № 035284) 1074.84 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.6-cı maddəsinin tələbinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlaşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 03 oktyabr 2023-cü il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda sayğac xəttdən axan yükü qeyd etmədiyi, sayğacın dövlət alt örtük qapağına vurulan möhür müdaxiləli olması və sayğacın faktiki göstəricisi kompyuter məlumat bazası ilə uyğun olmaması əsası ilə cavabdehin hesabına borc hesablamışdılar. Akt tərtib edildiyi zaman xəttdən axan yük P tak=1.21 kvt, P say= 0kvt olduğu qeyd edilmişdir. Cavabdehin nümayəndəsi izahatında yaşayış sahəsində elektrik enerjisindən istifadə edilən avadanlıqlara əsasən sayğacdan axan yükün ayrı-ayrı vaxtlarda fərqli vəziyyətdə ola biləcəyini qeyd etmiş, bu fikrinə münasibətdə qeyd edilən aktın tərtib edildiyi zaman sayğacın axan yükü qeyd etmədiyini göstərsə də, sayğacın axan yükü qeyd etməməsinə səbəb olan qüsurun istehlakçının təqsiri ucbatından baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınsa da, abnentin iştirakı təmin edilməmiş, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələblərinə əsasən aktın tərtib edilməsi zamanı istehlakçının və məişət abonentinin iştirakı təmin edilməli, onlar iştirak etməkdən imtina etdikdə, aktda bunun səbəbləri göstərilməklə yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. Tərtib edilmiş akta nəzər yetirdikdə görünür ki, aktda abonentin nümayəndəsi qrafasının qarşısında “xanım özünü təqdim etmədi” yazılmış, aktın sonunda abonentin nümayəndəsi qrafasının qarşısında “özünü təqdim etmədi” sözləri yazılmış və akt abonentin nümayəndəsi tərəfindən imzalanmamışdır. İstehsalçı şirkətin nümayəndələri həmin xanımın şəxsiyyətini müəyyən etməmiş, həmin şəxsin istehlakçı ilə nə kimi əlaqələrinin olduğunu müəyyən etmədən abonentin aktın tərtib edilməsindən iştirakdan imtina etməsi qənaətinə gələrək birbaşa sayğaca videoçəkiliş vasitəsi ilə baxış keçirmişdilər. Halbuki istehlakçı izahatında ona məxsus sayğacın çıxarılaraq aparılmasından heç bir məlumatının olmadığını qeyd etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, abonentin saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, sayğac çıxarılarkən kompyuter baza məlumatlarına əsasən üzərindəki göstərici 5610 olmuş, lakin sayğacın çıxarılması ilə bağlı protokolda sayğacın faktiki göstəricisinin 1928 olduğu göstərilmişdir. Buradan görünür ki, sayğacın elektron sistemində problem olmuş, qeyd edilən qüsurla bağlı abonentin təqsirli olması ilə bağlı aktda hər hansı qeydlər aparılmamışdır. Belə olan halda, sayğacdan axan yükün hesablanmamasının sayğacın elektron sistemi ilə bağlı olması ehtimalı vardır. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsindən sayğacın labaratoriya şəraitində yoxlanılmasını, aşkar edilmiş nöqsanlarla bağlı abonentin məsuliyyətə cəlb edilməsi üçün tərtib edilmiş aktın surəti tələb edilmiş, lakin cavabdehin nümayəndəsi həmin sənədi təqdim edə bilməmişdir. İş materiallarında sayğacın çıxarılmasını əks etdirən akt mövcud olduğu halda, həmin akt əsasında qəbul edilmiş şəxsin məsuliyyətə cəlb edilməsini əks etdirən yekun qərar məhkəməyə təqdim edilmədiyindən məhkəmə şəxsin təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlir. Əks təqdirdə istehlakçı şirkət labaratoriyanın nəticələrinə əsasən aşkar edilmiş qüsurları əks etdirən yekun qərarını məhkəməyə təqdim edə bilərdi, lakin bunu edə bilməmişdir. Bununla da sayğacın göstəricilərinin hansı səbəbdən uyğun gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda abunə haqqında cədvəlin ödənişlər hissəsinə nəzər yetirdikdə görünür ki, sayğac çıxarıldığı vaxtadək və sayğac çıxarıldıqdan sonra iddiaçı tərəfindən bir-birinə yaxın məbləğlərdə hər ay, hətta bəzən ayda bir neçə dəfə smart tipli sayğaca ödənişlər edilmişdir. Buradan da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sayğaca qəsdən müdaxilə edərək sayğacdan axan yükün qeyd edilməsinin qarşısını almış olsa idi, heç bir ödəniş etməzdi. Əksinə iddiaçı mütəmadi ödənişlər etməklə yaşadığı evi elektrik enerjisi ilə təmin etmək niyyətini ifadə etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçının sayğacdan axan yükü qeyd etməməsi ilə bağlı məlumatı olmamış, bunun əksini isə, yəni sayğacda qeyd edilən qüsurun istehlakçının təqsiri üzündən baş verdiyini istehlakçı şirkət sübut edə bilməmişdir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 03 oktyabr 2023-cü il tarixli, AKT NDM № 035284 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 1074.84 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu Boradigah qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 1074.84 (bir min yetmiş dörd manat səksən dörd qəpik) manat borc pul İddiaçı (abunə kodu **********00412 olan) abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar