Məhkəmə qərarları › İş №2(050)-1418/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1418/2025

24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1418/2025 24.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Yaşadığı Masallı rayonu Kolatan kəndində yerləşən evinə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay nəzarətçinin verdiyi bildirişə uyğun ödəmişdir. Cari ilin mart ayının 7-də cavabdehin əməkdaşları həyətə gəlib evdən kalonkaya birləşdirilmək üçün çəkilmiş kabeli həyətin yaxınlığında olan elektrik dirəyinin yanına apararaq şəklini çəkib, guya sayğacdankənar elektrik xətti aşkar edilməsi ilə bağlı akt tərtib etmiş və həmin akt əsasında ona 597,87 manat borc hesablanmışdır. Onu da qeyd edir ki, həmin vaxt iştirakları təmin edilməmiş, elektrik xəttinin evdən çıxmaqla elektrik dirəyinə qədər olsa da, dirəkdə olan elektrik xəttinə çatmamasını, elektrik dirəyinin betonlanmış vəziyyətdə olmaqla deşilməməsini nəzərə almamışlar. Sayğacdan kənar xətt olmamışdır. Sonuncu dəfə yoxlamadan 1 həftə əvvəl nəzarətçi sayğaca baxıb bildiriş vermişdir. Həmin vaxt əlavə xətt olsaydı, aşkar edilərdi. Lakin bu aşkar edilməmiş və 1 həftə sonra isə bizə bir neçə ilə istifadə etdikləri elektrik enerji sərfiyyatı hesablanmışdır. 14 mart 2025-ci il tarixdə yoxlama aparmış şəxslər tərəfindən evdə enerji ilə işləyən bütün avadanlıqların bir neçə gün ərzində fasiləsiz işlədiyi halda nə qədər enerji sərf edəcəyi hesablanmış və buna uyğun olaraq 597,87 manat dəyərində elektrik enerjisi istifadə edilməsi qənaətinə gəlinmişdir. Halbuki müxtəlif günlərdə elektrik avadanlıqlarından müxtəlif vaxtlar ərzində istifadə edilmiş, bəzən isə ümumiyyətlə istifadə edilməmişdir. Əvvəlki aylarda, eləcə də yoxlamadan 1 həftə əvvələdək istifadə edilmiş elektrik enerjisinin dəyəri isə nəzarətçinin verdiyi bildirişə uyğun ödənilmişdir. Bu da yoxlamanı aparmış şəxslərin gəldikləri nəticələrin reallığa deyil, fərziyyələrə əsaslanmasını göstərir. Fərziyyələrə əsaslanmış rəqəmlərə görə təyin edilmiş məbləğ isə reallığı əks etdirməməklə ədalətli hesab edilə bilməz. Bundan başqa yoxlamanı aparmış şəxslər elektrik enerjisi ilə işləyən hansı avadanlıqların olub-olmamasını yoxlamadan, sayğacdankənar xətdən istifadə edilib-edilməməsini, həmin xəttin hansı məqsədlə olmasını, qeyd olunan xəttin evdən elektrik dirəyinə qədər çatsa da, həmin dirəkdə olan elektrik xəttinə çatmamasını, elektrik dirəyinin isə betonla örtülməklə hər hansı yerdən deşilməməsini, elektrik dirəyində olan kabelin izolyasiya olunmaqla zədələnməməsini, belə vəziyyyətdə isə həmin xəttdən əlavə xəttin götürülməsinin mümkünsüzlüyünü nəzərə almadan akt tərtib etmişlər. Bunun özü də aktın əsassız olmasını göstərir. İddiaçının tələbi: Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli R № 377053 saylı akt etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 597,87 manat həcmində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2025-ci il tarixli R № 377053 saylı akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli R № 377053 saylı akt əsassız və qanunsuz tərtib edilmişdir. Onun tərəfindən əlavə xəttdən istifadə edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və əlavə xəttin aşkar edilməsinə dair video görüntülərin məhkəməyə təqdim ediləcəyi bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2025-ci il tarixli R № 377053 saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman abonentin həyətyanı sahəsində əlavə sayğacın qeyd etmədiyi xətt çəkilməsi müəyyən edilmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Böyük Kolatan kəndi, ev 0220, mənzil 1357-də yaşayan abonent kodu **********01357 olan İddiaçı 597,87 manat Etais borcu hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəf "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli R № 377053 saylı akt əsasında 597,87 manat cərimə hesablamışlar və bunu qanunsuz qoşulmanın aşkar edilməsi ilə əsaslandırmışlar. Lakin məhkəmə iclasında iddiaçı hər hansı bir qanunsuz qoşulmanın olmadığını, aktın əsassız tərtib edildiyini iddia etmişdir. Həmçinin istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmiş, akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. İddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamış, həmçinin cavabdeh tərəfindən qanunsuz qoyulmaya dair hən hansı video görüntü və digər mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 597,87 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar