Məhkəmə qərarları › İş №2(050)-1426/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1426/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1426/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 noyabr 2022-ci il tarixli, NDM № 029362 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 706.72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Masallı rayonu Kolatan kəndində özünə aid yaşayış evi vardır. 2021 -ci ilin dekabr ayından Bakı şəhərində yaşayır. Son 2 ildə Novruz bayramı ilə əlaqədar olaraq, 2023-cü ilin mart ayında gələrək 1 aylıq orada yaşamışlar. Son olaraq da bu ilin ferval ayından rayona köçərək indiyə qədər həmin evdə yaşayırlar. Yaşadıqları müddətdə də istifadə etdikləri işığa görə yaranmış borcu həmişə ödəmişdir. Kəndə qayıdandan sonra ona məlum olmuşdur ki, işıq idarəsinin işçiləri 2022-ci ilin noyabr ayında evinə aid olan işıq sayğacını dəyişərək yeni sayğac quraşdırıblar. Həmin vaxtı da barəsində akt tərtib edərək onu 706.72 manat cərimələyiblər. Masallı Elektrik şəbəkəsindən aktın surətini alanda məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində onun barəsində kənar xətdən istifadə etməyi ilə bağlı akt yazılmış və cərimə olunmuşdur. Həmin evdə akt yazılan tarixdən təxminən 1 il əvvəldən heç bir yaşayış olmamışdır. Onlar akt yazılandan 4 ay sonra Novruz bayramı ilə əlaqədar kəndə gəlib və 1 aylıq orada yaşamışlar. Ondan sonra yenə də Bakıda olmuşlar. Orada qaldıqları müdətdə də istifadə etdiyi işığın pulunu ödəmişdir. Evində isə sayğacdan kənar heç bir xətt olmayıb. Yaşayış olmayan evdə buna heç ehtiyac da yoxdur. İşıq sayğacı həyətdən kənarda, küçədə yerləşir və idarənin nəzarətçisi də hər ay sayğaclara baxış keçirib və yaşayış olmadığı üçün 0 (sıfır) qeyd edərək çıxıb getmişdir. Abonent dövriyəsində də bunun təsdiqi vardır. Əgər hər hansı kənar xətt olsaydı həmin nəzarətçi bunu görmüş olardı. Amma evdə heç bir yaşayış olmayan vaxtı, heç kimin xəbəri olmadan qanunsuz akt tərtib edilmişdir. Onun aktın yazılmasından xəbəri olmamışdır, ona imza da etməmişdir. Aktın nə vaxtı və harada yazıldığı məlum deyildir. Aktın bir nüsxəsi belə ona verilməyib. Yalnız onun surətini bu yaxınlarda idarədən ala bilmişdir. Bütün bunları qeyd edərək nahaq yerə cərimələndiyi üçün həmin cərimənin silinməsi barədə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqramla müraciət edərək, məhkəmə iclasına iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, bildirmişdir ki, X1 adına sənədləşdirilmiş sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent tərəfindən sayğacın giriş faza və sıfır xəttindən gizli şəkildə əlavə xətt çəkilərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. Bununla bağlı 04 noyabr 2022-ci il tarixli, NDM № 029362 saylı akt tərtib edilmiş və akta əsasən 706.72 manat məbləğində borc hesablanmışdır. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04 noyabr 2022-ci il tarixli, NDM № 029362 saylı aktda göstərilir ki, abonent kodu **********00797 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum oldu ki, “Abonent tərəfindən sayğacın giriş faza və sıfır xəttindən gizli şəkildə əlavə xətt çəkilərək sayğacı dövriyyədən kənarlaşdırmışdır. Naqilin en kəsiyi (kənar xətt) 10X2 aliminium naqildir. Abunə haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Böyük Kolatan kəndində yaşayan, abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (AKT NDM № 029362) 706.72 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarında olan sənədlərə əsasən 04 noyabr 2022-ci il tarixdə Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, aktda göstərilənlərə əsasən baxış keçirilən zaman abonent tərəfindən sayğacın giriş faza və sıfır xəttindən gizli şəkildə əlavə xətt çəkilərək sayğacı dövriyyədən kənarlaşdırması müəyyən olunmuş, bununla bağlı akt tərtib edilmiş və akta əsasən 706.72 manat əlavə sərfiyyat hesablanmışdır. İddiaçı həmin aktın və akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamış, yalnız idarənin əməkdaşları tərəfindən imzalanmış aktla kifayətlənilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-2-ci bəndinin tələbinə ziddir. Belə ki, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması qanunvericiliyin imperativ tələbidir. MPM-in müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 14.2, 76.3). Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin izahatında sayğacın yenisi ilə əvəzləndiyi vaxtadək 2021-ci ilin dekabr ayından etibarən hər hansı həcmdə elektrik enerjisi sərfiyyatının olmaması əsası ilə iddiaçının elektrik xəttinə müdaxilə etməsini təsdiq etdiyini bildirməsi ilə bağlı qeyd edir ki, qeyd edilən müddətdə və sayğac quraşdırıldığı vaxtdan sonra şəxsin yaşayış evində faktiki olaraq daimi yaşamaması işin halları ilə sübut edilmişdir. Belə ki, yeni sayğac quraşdırıldıqdan sonra da abonentin saldosuna əsasən uzun müddət əzində hər hansı həcmdə elektrik enerjisi sərfiyyatının olmaması müəyyən edilmişdir. Bu da onu göstərir ki, iddiaçının izahatında qeyd etdiyi kimi qeyd edilən yaşayış evində mütəmadi qalmamış, arabir həmin evə gedib-gəlmişdir. Göründüyü kimi, cavabdeh sayğacın yoxlanılması nəticəsində kənar xəttin qoşulduğu, sayğacın dövriyyədən kənarlaşdırıldığı və abonentin saldosuna əsasən elektrik enerjisi sərfiyyatının olmaması əsası ilə sayğaca müdaxilə edilməsi qənaətinə gəlmiş, lakin sayğaca müdaxilə edilməsini təsdiq edəcək hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 04 noyabr 2022-ci il tarixli, NDM № 029362 saylı akt etibarsız hesab edilməli və həmin akta əsasən hesablanmış 706.72 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 04 noyabr 2022-ci il tarixli, NDM № 029362 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 706.72 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar