Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1446/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 416.34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır və fərdi yaşayış evi müqavilə əsasında sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun dəyər ilə ödəmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin əməkdaşları 2015 və 2022-ci ildə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik enerjisi sayğacını dəyişiblər. Lakin həmin vaxt ona hər hansı bir akt tərtib olunmamışdır və ya onun belə bir aktlardan xəbəri olmamışdır. Çünki sayğac dəyişmiş olsa da, ona hər hansı bir borcun yazılmasından xəbəri olmayıb. Lakin son dövrlərdə ona bildirilmişdir ki, onun elektrik enerjisi ilə bağlı borcu vardır. Yaranmış borcun hansı səbəbə olduğunu araşdırmaq məqsədi ilə cavabdeh təşkilatın yerli qrumlarına müraciət etmişdir. Ona iki ədəd Abonent haqqında məlumat vərəqi verilmişdir. Həmin Saldoya nəzər saldığı zaman istifadə etdiyi elektrik enerjisini və ona uyğun elektrik enerjisinin dəyərini görmüşdür ki, o, həmin məbləğləri vaxtı vaxtında ödəmişdir. Lakin ona verilmiş bir Abonent haqqında məlumat vərəqində olan bağlanan aktlar qrafasına nəzər saldığı zaman 2015-ci ildə sayğac dəyişdirilən zaman ona 416.34 manat borc yazıldığının şahidi olmuşdur. Lakin digər ikinci Abonent haqqında məlumat vərəqinə baxdığı zaman isə həmin 416.34 manat məbləğində borcun aktlar qrafasında yazıldığının şahidi olmuşdur. Lakin apardığı araşdırma zamanı onun adına elektrik enerjisindən qanunsuz istifadə və ya sayğaca hər hansı müdaxilə ilə bağlı hər hansı bir aktın tərtib olunmasını aşkar etməmişdir. Həmin borcun isə haradan yarandığını bilməmişdir. Onun elektrik enerjisi ilə bağlı heç bir borcu yoxdur. Əgər ona elektrik enerjisi ilə bağlı 2015-ci ildə hər hansı borc yazılmışdısa nə səbəbə ötən müddət ərzində (təxminən 9 ilə yaxındır) tələb olunmamışdır. Bununla bağlı cavabdeh təşkilat nə üçün bu günə kimi məhkəmə qarşısında iddia qaldırmamışdır. Ona görə də, bu məsələnin məhkəmə qaydasında araşdırılmasını xahiş edir və hesab edir ki, yazılmış borc qanunsuzdur və silinməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2022-ci ildən onun evinə gələn elektrik enerjisi idarənin əməkdaşları tərəfindən kəsilmişdir. Ondan sonra o, qardaşı oğlunun işığından istifadə edib, aybaay işlətdiyi elektrik enerjisinin dəyərini ona ödəmişdir. Hesab edir ki, onun borcu yoxdur. Ona cərimə yazılmış, lakin həmin cərimə ilə bağlı akt yoxdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının cərimə hesab etdiyi 416.34 manat borc debitor borcudur. Uzun müddətdir ki işlətdiyi elektrik enerjisinin dəyərini ödəməmiş və ya tələb ediləndən az ödəmişdir. İddiaçı barədə idarədə araşdırma ap armış və onun barəsində hər hansı bir cərimə olunması barədə aktın olmadığı məlum olmuşdur. Saldoda göstərilən 416.34 manat borc isə 2015-ci ildə inteqrasiya dövründə yeni sayğaclara keçid edilərkən iddiaçının ödənilməmiş borcu olan həmin məbləğ yeni sayğaca keçirilmişdir. Həmin borc da bu günə kimi ödənilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Abunə haqqında məlumatdan görünür ki, istehlakçının elektrik sərfiyyatının məbləği xx.xx.2015-ci il tarixdə inteqrasiya dövrü üçün olan borcu 416.32 manat təşkil edir. Həmçinin xx.xx.2022-ci il tarixdə onun sayğacı dəyişdirilmiş və həmin dövrdə onun barəsində hər hansı bir akt tərtib edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir. Məhkəmə qeyd edir ki, həm iddia ərizəsindən, həm də iddiaçının məhkəmə iclaslarında verdiyi müəyyən izahatlardan (məhkəmə hazırlıq iclaslarında vermiş izahatlar, məhkəmə baxış iclasında verdiyi müəyyən izahatlar) görünür ki, iddiaçı ona cərimə yazılmasını bildirsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Mübahisələndirilən 416.32 manat borc isə istehlakçının xx.xx.2015-ci il tarixdə inteqrasiya dövrü üçün olan borcudur. Göründüyü kimi iddiaçının borcu onun elektrik enerjisindən istifadə etməsi nəticəsində yaranmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarının 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İşin araşdırılması zamanı cavabdeh tərəf abonentin elektrik enerjisindən istifadə etməsini təqdim edilmiş sübutlarla sübuta yetirmişdir. İddiaçı isə ona qeyd etdiyi məbləğin cərimə kimi yazıldığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə 416.34 manat borcun silinməsi barədə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1446/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1446/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver