Məhkəmə qərarları › İş №2(050)-1446/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1446/2025

26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1446/2025 26.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 2484 m3 qaz sərfiyyatı kimi hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini vaxtı-vaxtında edir. Qeyd edir ki, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları yaşadığı evi təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı yenisi ilə əvəz etmişlər. Lakin sonradan ona məlum oldu ki, sayğac dəyişdirildikdən sonra, o, cərimə olunmuşdur. O, bununla bağlı Masallı regional “ASAN-xidmət” mərkəzinə müraciət etmiş, ona akt, tələbnamə və abonent haqqında saldo verilmişdir. Həmin 04 sentyabr 2024-cü il tarixli ******* saylı akta əsasən guya sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsilmiş, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunmuş və həmin aktı əsasında 30 oktyabr 2024-cü il tarixdə dəymiş ziyanla bağlı tələbnamə (qərar) qəbul edilmiş və itirilmiş qazın bərpası kimi 2484 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 2484 m3 qazın sərfiyyatı silinməlidir. Belə ki, 04 sentyabr 2024-cü il tarixli aktda qeyd olunan qüsur onun səhvi ucbatından baş verməmişdir, nədə ki, sayğaca cavabdeh şəxs o deyildir. Həmçinin o qaz sayğacına hərhansı bir müdaxilə etməmişdir. Qaz idarəsi guya sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edilyini qeyd edir (90 gün). Lakin qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ay qaz sayğaçına baxaraq işlətmiş olduğu qazın bildirişini verir və bildiriş əsasında da, qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər-hansı bir müdaxiləni və ya problemin olduğunu görmədiyi halda nə səbəbdən onun sayğaca müdaxilə etdiyi və artıq qaz sərfiyyatı etdiyi qeyd etmişlər. Əgər sayğaca müdaxilə olmuşdursa, sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Ona görədə, hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. Dəymiş ziyanın bərpasına dair 30 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, 04 sentyabr 2024-cü il tarixli, ******* nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca saat 15:18-də vizual olaraq baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. Qaz işlədicilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılmış 0.8x12x90=864 m3, 1.5x12x90=1620 m3.

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Kolatan kəndində fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb fiziki təsir nəticəsində kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.

9. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 iyul 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Masallı rayonu, Kolatan kəndində fərdi evdə quraşdırılmış Elester G-4 markalı, ******* nömrəli qaz sayğacın dövlət plombuna müdaxilə aşkarlanmış və yeni Honeywell G-2.5 markalı, 13773006 nömrəli sayğacla əvəz edilmişdir.

10. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Kolatan kəndində fərdi evində İddiaçı adlı abonentə 08 avqust 2024-cü il tarixdə Honeywell G-2.5 markalı, 13773006 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********01490-dir. 2024-cü ilin oktyabr ayında 2594 m3 qaz sərfiyyatına görə 298,08 manat borc hesablanmışdır.

İşin faktiki halları:

11. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Kolatan kəndində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin ******* nömrəli sayğacın dövlət plombuna müdaxilə aşkarlanmışdır. İddiaçıya 2484 m3 görə 298,08 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 90 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 2484 m3 ziyana görə hesablanmış borcun silinməsini xahiş edir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

18. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac onun iştirakı olmadan, smart tipli qaz sayğacı mexaniki qaz sayğacına dəyişdirilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın dövlət plombuna müdaxilə aşkarlanmışdır. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.

20. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (0.8x12x90=864 m3 1.5x12x90=1620 m3 cəmi: 2484 m3) iddiaçıya 298,08 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.

21. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, cavabdeh barəsində ******* saylı akt 04 sentyabr 2024-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün şəxsin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Kolatan kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 04 sentyabr 2024cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01490 abonent kodu üzrə İddiaçı 2484 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 298,08 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

24. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Kolatan kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********01490 abonent kodu üzrə İddiaçı 2484 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 298,08 manat məbləğində borc silinməlidir.

25. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi təmin edilsin. Masallı rayonu, Kolatan kəndində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında **********01490 abonent kodu üzrə İddiaçı hesablanmış 298,08 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar