Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1456/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli, Rl 280584 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1038,41 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu, Boradigah qəsəbəsində mərhum əri X5 məxsus fərdi yaşayış evi X1 qaydalarına uyğun olaraq elektrik enerjisi və istifadə olunan elektrik enerjisinin müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. X7 onun həyat yoldaşı olmuşdur. 2016-cı illdə Faiq Nəzərov vəfat etmiş, həyat yoldaşı rəhmətə gedəndən sonra təsərrüfatı o, idarə etmişdir. O da tarif planına uyğun olaraq X1yə görə müəyyənləşdirilmiş ödənişlər etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin, 27 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Masallı EŞ-nin işçiləri gələrək evinə gedən elektrik xətlərini yoxlamışlar, elektrik xətlərindən hər-hansı problemin olmamasını bildirilmiş, sayğaca baxış keçirilmiş, sayğac onun həyətinin daxilində olmuş, sonra sayğacı onun iştirakı olmadan həyətindən çölə çıxarmışlar. Sayğac həyətində olduğu müddət ərzində mütəmadi olaraq ödənişləri etmişdir. Evdə tək yaşayır. Həyat yoldaşı rəhmətə getmiş, övladları isə Bakı şəhərində yaşayır. O, sayğaca heç vaxt müdaxilə etməmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra görmüşdür ki, sayğac həyətindən kənarda quraşdırılmış, üzərindən bir həftə keçdikdən sonra görmüşdür ki, sayğac işləmir. O, yenədə aylıq ödənişləri etmişdir. Daha sonra öyrənmişdir ki, 27 fevral 2023-cü ildə akt tərtib etmişlər. "xxxx" ASC-nin Masallı EŞ-nin və X8 Xidmət Mərkəzində yerləşən "xxxx" ASC-nin şöbəsində barəsində tərtib olunmuş akt istəsə də, heç bir səbəb göstərilmədən aktı ona verməmiş, aktın ona hansı səbədən yazıldığını bilməmişdir. Akt tam əsassız və otaq şəraitində yazılmışdır. O, sayğaca heç vaxt müdaxilə etməmiş, yazılmış akt əsassız olduğundan etibarsız hesa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş edirəm. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın şəbəkəyə qoşulma sxeminin pozulması aşkar edilmişdir. Belə ki, video görüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, fakt evə elektrik enerjisinin axımı olduğu halda sayağac yükü hiss etməmişdir. Həmçinin abonentin saldosuna baxdıqda, əlavə xəttin aşkar edilməsindən sonrakı dövrdə sərfiyyatın kəskin şəkildə artmış olduğunu görmək olar. Odur ki, iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cənub RETSİ üzrə Enerji Alışı və Balans idarəsinin aparıcı mühəndisi vəzifəsində işləyir. 27 fevral 2023-cü il tarixdə Masallı rayonu ərazisində itirilmiş elektrik enerjisinin bərpa edilməsi (kənar qoşulmalar) ilə bağlı reydlər keçirmişlər. Mollaoba kəndinə olarkən sahə nəzarətçisi Cəbrahil Orucovun məlumatı əsasında mərhum Faiq Nəzərova məxsus evin sayğacına da baxış keçirmişlər. Baxış zamanı sayğacın şəbəkəyə qoşulma sxeminin pozulması aşkar edilmişdir. Belə ki, evə elektrik enerjisinin axımı olduğu halda sayağac yükü hiss etməmişdir. Bu səbəbdən də abonent barəsində qanuna müvafiq qaydada akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı EŞ-nin ESŞ-nin aparıcı mühəndisi X4 və Masallı EŞ-nin ESŞ-nin nəzarətçi mühəndisi X2 ifadələrində Cənub RETSİ üzrə X11 idarəsinin aparıcı mühəndisi X3 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 21 noyabr 2023-cü il tarixli, R280584 nömrəli aktdan görünür ki, EETQ-na uyğun olaraq Masallı rayonu, Mollaoba kənd sakini X5 məxsus evin elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, abonent süni şəkildə sxem pozuntusuna yol vermişdir. Sayğac axan yükü hiss etməmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonent X7nun fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilən zaman hesabat sayğacının şəbəkəyə qoşulma sxeminin pozulması, sayağacın yükü hiss etməməsi aşkar edilmişdir. Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu, Mollaoba kənd sakini X5 “EİQ pozulması” ilə əlaqədar olaraq 1047.17 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının: 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş 27 fevral 2023-cü il tarixli, R 280584 saylı aktın etibarsız hesab edilməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim edillmiş video görüntü ilə müəyyən edilmişdir ki, sayğac yükü hiss etmir və sərfiyyat hesablanmır. Bu isə məhkəmə tərəfindən aktın əsaslı olması qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddianın tərtib edilmiş əsassız aktla əlaqədar dəymiş ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, aktın etibarsız hesab edilməsi hissədə iddia təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından ziyan tələbi hissədə iddianın əsaslı olub-olmaması müzakirə edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 27 fevral 2023-cü il tarixli, Rl 280584 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1038,41 manat pulun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1456/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1456/2023
08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver