Məhkəmə qərarları › İş №2(050)-1486/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1486/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1486/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin nəticə hissəsinin elan edilməsi 04 avqust 2023-cü il, saat 16:00-a təxirə salınmışdır. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, gəlin köçərkən apardığı cehiz əmlaklar - 80 manat dəyərində olan 12 ədəd çəngəl-qaşığın, 50 manat dəyərində olan 1 qutu bıçaq dəstinin, 50 manat dəyərində olan 12 ədəd nəlbəkinin, 168 manat dəyərində olan 56 ədəd boşqabın, 58 manat dəyərində olan 14 ədəd masqurun, 50 manat dəyərində olan 8 ədəd şişin, 36 manat dəyərində olan 3 ədəd göyərti taxtasının, 300 manat dəyərində olan 12 ədəd xurustal razetkanın, 15 manat dəyərində olan 2 ədəd bulud qaşığın, 100 manat dəyərində olan 10 ədəd çaynikin, 150 manat dəyərində olan 12 ədəd konfetqabının, 400 manat dəyərində olan 10 ədəd (çüyün-nikel) qəfədanın, 570 manat dəyərində olan 3 dəst kasturka naborun, 350 manat dəyərində olan sulu tozsovuranın, 200 manat dəyərində olan 1 cüt balaca xrustal mürəbbəqabının, 700 manat dəyərində olan 7 qutu çexolprastinanın, 140 manat dəyərində olan 14 ədəd stolüstüyünün, 120 manat dəyərində olan 4 ədəd süfrənin, 500 manat dəyərində olan 3 ədəd ədyalın, 60 manat dəyərində olan 2 ədəd balışın, 600 manat dəyərində olan 1 ədəd 80 kv.m “Eurolux” firmasına məxsus kondisonerin, cəmi 4697 manat məbləğində olan cehiz əşyalarının və ya həmin əşyaların alınması mümkün olmadığı halda həmin əyşaların dəyərinin; şəxsi əşyaları - 180 manat dəyərində olan 4 ədəd tunikin, 300 manat dəyərində olan 10 ədəd yun köynəyin, 100 manat dəyərində olan kostuyumun, 50 manat dəyərində olan cins pencəyin, 70 manat dəyərində olan jaketin, 50 manat dəyərində olan yaşıl rəngli kurtqanın, 155 manat dəyərində olan 3 komplekt spartivni dəstinin, 100 manat dəyərində olan ağ donun, 70 manat dəyərində olan mavi uzun donun, 50 manat dəyərində olan güllü mavi donun, 35 manat dəyərində rozvu donun, 50 manat dəyərində qara yupkanın, 50 manat dəyərində olan qırmızı uzun donun, 183 manat dəyərində olan 7 ədəd şalvarın, 250 manat dəyərində olan 10 ədəd yay köynəyinin, 105 manat dəyərində olan 4 dəst yay üçün spartivni dəstinin, 60 manat dəyərində olan 2 cüt kablokun, 70 manat dəyərində olan 4 ədəd sumkanın, 65 manat dəyərində olan 3 ədəd ətirin, 140 manat dəyərində olan 2 ədəd böyük ayı mişqanın, cəmi 2133 manat məbləğində olan şəxsi əşyalarının və ya həmin əşyaların alınması mümkün olmadığı halda həmin əyşaların dəyərinin; gəlin köçərkən cavabdehlər və ailəsi tərəfindən hədiyyə alınmış qızıl-zinyət əşyaları - dəyəri 1200 manat olan 585 əyyarlı 15 qramlıq 1 ədəd sepin, dəyəri 500 manat olan 585 əyyarlı 6 qramlıq 1 ədəd qolbağın, dəyəri 700 manat olan 585 əyyarlı 9 qramlıq 1 ədəd komplekt sırğaüzüyün, dəyəri 400 manat olan 585 əyyarlı 5 qramlıq 1 ədəd nişan üzüyünün, dəyəri 500 manat olan 750 əyyarlı 4,8 qramlıq 1 ədəd brilliant qaşlı kişi üzüyünün, dəyəri 1000 manat olan 583 əyyarlı 12 qramlıq 3 ədəd bəzək üzüklərinin, dəyəri 400 manat olan 583 əyyarlı 5 qramlıq 1 ədəd qolbağın, dəyəri 800 manat olan 583 əyyarlı 10 qramlıq 1 ədəd sepin, dəyəri 400 manat olan 583 əyyarlı 5 qramlıq 1 ədəd sepin, dəyəri 1200 manat olan 583 əyyarlı 14 qramlıq 3 cüt müxtəlif sırğanın, dəyəri 300 manat olan 585 əyyarlı 4 qramlıq 1 ədəd klonun, cəmi 7400 manat məbləğində olan əşyaların və ya həmin əşyaların alınması mümkün olmadığı halda həmin əyşaların dəyərinin; birgə nikah dövründə götürülmüş 12783.53 manat kreditin və keçmiş əri Cavabdeh1 tərəfindən ona məxsus əmək haqqı kartından çıxarılmış 20000 manat pulun və ödənilmiş 352 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş əri Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2021-ci ildə rəsmiləşdirmişdilər. Birgə nikahlarından 1 övladları olmuşdur. Övladı xx.xx.2022-ci ildə doğulmuş X2r. Uşaq onun himayəsindədir. Ailədaxili münaqişələr zəmnində münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz-əmlak və toy hədiyyəsi kimi həm valideynləri, qohumları, həm də oğlan evi tərəfindən qızıl-zinət əşyaları verilmişdir. Lakin ailə münasibətləri kəsildiydən və ayrıldıqdan sonra həmin əmlakları cavabdehin evində qalmışdır. Əmlaklarını tələb etsə də, cavabdeh ona verilmiş cehiz əmlakını, toy hədiyyəsi olaraq qızıl-zinət əşyalarını və şəxsi əşyalarını qaytarmamışdır. Birgə nikah dövründə "xxxx" ASC-nin Masallı filialından 17 oktyabr 2022-ci il tarixdə 12783.53 manat kredit götürmüşdür. Məqsədləri isə avtomobil almaq olmuşdur. Lakin keçmiş həyat yoldaşı Cavabdeh1 götürdüyü kreditlə özü üçün yox, atası üçün onun adına “Qazel” və “VAZ 2106” markalı avtomobillər almışdır. Mübahisələrinin yaranma səbəbindən də biri bu hadisə olmuşdur. Qarşı tərəf krediti ödəmir və Bankda onun adına gecikmə yaranmışdır. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə tibb bacısı vəzifəsində işləyir. Karantin vaxtı işlədiyindən yüksək məbləğdə əməkhaqqı almışdır. Xəbəri olmadan keçmiş həyat yoldaşı İmamverdi Hüseynli kartından müxtəlif vaxtlarda 20000 manat pul çəkmiş və həmin pulla valideynlərinin borcunu ödəmişdir. O, pulunu tələb etdikdə onu döymüş, atası ayırmağa gəldikdə isə atasını da döymüşdür. Cavabdeh1 tərəfindən imzalanmış iddiaya dair etiraz xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilən cehiz əmlaklardan müəyyən hissəsini qəbul edir və yaşadığı evdədir. Tələb edilən şəxsi əşyalardan iddiaçıya məxsus olan kosmetika dəsti və fen (saç ütüsü) onlardadır. İddiaçıya məxsus qalan şəxsi əşyaları isə 2023-cü ilin mart ayının əvvəllərində taksi fəaliyyəti ilə məşğul olan X5 vasitəsi ilə iddiaçının yaşadığı evə, yəni Masallı rayonu, İİ Səmidxan kəndinə göndərmişdir. İddiada göstərilən əşyalardan olan 1 ədəd kondisioneri xx.xx.2021-ci il tarixdə nikaha daxil olmamışdan əvvəl Masallı şəhərində yerləşən mağazadan Valeh Nəbiyev adlı şəxsdən almışdır. Həmçinin, atası Cavabdeh3 da xx.xx.2022-ci il tarixdə Masallı şəhərində yerləşən mağazadan Valeh Nəbiyev adlı şəxsdən 1 ədəd kondisioner almışdır. Bir sözlə iddiada göstərilən kondisionerin cehiz əmlaka aidiyyəti yoxdur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarına gəldikdə isə o, 21 dekabr 2022-ci il tarixdə iddiaçıdan qızıl-zinət əşyalarının harada olduğunu soruşduqda sonuncu qızıl-zinət əşyalarının evdə olmadığını və həmin qızıl-zinət əşyalarının hamsının atasıgildə olduğunu bildirmişdir. İddiaçının iddia etdiyi "xxxx" ASC-nin Masallı filialından götürülmüş pula gəldikdə isə iddiaçı qeyd edir ki, güya həmin pulla atası Cavabdeh3 “Qazel“ və “VAZ 2106“ markalı avtomobillər almışdır. “VAZ 2106“ markalı avtomobili atası Cavabdeh3 xx.xx.2021-ci il tarixdə almışdır. “Qazel“ markalı avtomobili isə xx.xx.2022-ci il tarixdə almışdır. Kredit isə xx.xx.2022-ci il tarixdə götürülmüşdür. Göründüyü kimi adları qeyd edilən avtomobillər kredit götürülməmişdən qabaq alınmışdır. Qeyd edilən krediti iddiaçı anasının müalicəsi üçün götürmüşdür. İddiaçı ilə onun və atasının arasında heç bir borc münasibətləri olmamışdır. İddiada göstərilən əməkhaqqı kartından çəkilmiş pul tələbinə gəldikdə isə iddiaçı işlədiyi müddətdə 20000 manat məbləğində əməkhaqqı almamışdır. Aşağı məbləğdə əməkhaqqı alınsa da həmin pul iddiaçı ilə onun ailə münasibətlərində olduqları müddətdə ailənin tələbatı üçün xərclənmişdir. İddiaçı tərəfindən cavabdehlər kimi Cavabdeh3 və Cavabdeh2 Pəncəli qızının göstərilməsi düzgün deyil, həmin şəxslər iddiaya cavab verməli olan şəxslər deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ailələrində tez-tez söz-söhbət olmuş, tərəflər bir-birilərindən hüquq mühafizə orqanlarına şikayət etmişlər. 2022-ci ilin dekabr ayının 26-dan ayrı yaşayırlar. Birgə nikah dövründə tələb etdiyi qızıl-zinət əşyalarının hamsı ər-arvadın otağında daimi onda olmuşdur. 2022-ci ilin dekabr ayının 21-də ailədə söz-söhbət olan zaman keçmiş əri onu ata evinə aparmış, dekabrın 24-ü gəlib onu gəlin köçdüyü evə qaytarmışlar. Qayıdarkən qızılların yerində olmadığını görmüş və onları keçmiş ərindən soruşmuş, sonuncu qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Qızıl-zinət əşyalarından bəzilərinin vaxtı ilə mövcud olması ilə bağlı hər hansı bir sübut yoxdur. 2022-ci ilin dekabr ayının 26sı atası və xalasıqızı onun gəlin köçdüyü evə gəlmişlər. Bu zaman evdə dava baş vermiş, həmin vaxt polisə müraciət edilmiş, o, da övladını götürərək, atasıgil ilə evi tərk etmişdir. Qış ayı olduğundan hava soyuq olmuş, uşağı mövsümə uyğun geyindirmiş, uşağın bankasını, yeməyini, dərmanlarını, uşağın sumkasını götürmüşdür. Bu zaman uşağın dərmanları ər-arvadın otağında mizin üzərində, uşağın yeməyi həmin otaqda stolun üzərində, uşağın sumkası həmin otaqda yatağın yanında olmuşdur. Dəqiq bilmirdi ki, birdəfəlik gedir, yoxsa yox. Bu səbəbdən gedərkən qızılları götürməmişdir. "xxxx" ASC-nin Masallı filialından 12783.53 manat kredit götürüb keçmiş əri İmanverdiyə vermişdir ki, ailələri üçün İmanverdinin adına sənədləşdirilməklə maşın alınsın. Həmin pulu borca vermişdir. Nikah dövründə işlədiyi müəddətdə əmək haqqı plastik kartı keçmiş ərində olmuş, qarşı tərəf əməkhaqqı kartından 20000 manat məbləğində pul çıxartmış və valideynlərinin borclarını ödəmişdir. Telefonunda xüsusi proqram olmuş, hər dəfə kartından pul çıxarılarkən ona məlumat daxil olmuşdur. 80 kv.m “Eurolux” firmasına məxsus kondisoner gəlin köçərkən verilmiş cehiz əmlak olmamış, sonradan nikah dövründə atasının verdiyi pul ilə alınmışdır. Şəxsi əşyaları ata evindən apardığı əşyalardır. Şəxsi əşyalarından bəziləri, həmçinin uşağının paltarları ata evində olarkən sonradan keçmiş əri İmanverdi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan Anar adlı şəxslə göndərilmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, RGTK7146532A161 nömrəli kredit müqaviləsi resturukturizasiya olunan kredit müqaviləsidir. Məhkəmə iclaslarının birində Cavabdeh1 bildirmişdir ki, İddiaçı kartından çıxartdığı pullarını anasının xəstəliyinə sərf etmişdir. Onun anası xərçəng xəstəsi olduğundan pullarını Bakı şəhərində yerləşən onkoloji xəstəxanaya sərf etmiş, dəfələrlə ximya qəbul etmiş və pulları ora xərcləmişdir. Onun fikirinə münasibət bildirilərək, dediyi xəstələrə Dövlət tərəfindən pulsuz xidmət göstərilməsi bildirilmişdir. O, isə buna cavab olaraq həmin xəstəxanaların Birinci vitse-prezident Mehriban xanım Əliyevaya aid olması və pullu xidmətlər göstərilməsini bildirərək, Birinci vitse-prezidenti ağır cinayətdə ittiham etmişdir. Sonda Vəkil2 iddianın təmin edilməsini və Cavabdeh1 əməlində cinayət tərkibi olduğundan barəsində xüsusi qərardad çıxarılaraq, araşdırılması üçün Masallı Rayon Prokurorluğuna göndərilməsini xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, ailələrində tez-tez söz-söhbət olmuş, tərəflər bir-birilərindən hüquq mühafizə orqanlarına şikayət etmişlər. 2022-ci ilin dekabr ayının 26-dan ayrı yaşayırlar. Onlarda iddiaçıya məxsus hər hansı bir cehiz əmlak və şəxsi əşya yoxdur. Cehiz əmlaklar iddiaçı tərəfindən iş məhkəmədə olarkən çıxarılmış, şəxsi əşyaları və övladına aid əşyaları isə iddiaçı ata evində olarkən taksi sürücüsü olan Anar adlı şəxslə göndərmiş və qarşı tərəf onları qəbul etmişdir. İddiaçının idda etdiyi kondisoner əslində 80 kv.m-lik deyil, 60 kv.m-likdir, “Eurolux” firmasına məxsus həmin kondisoneri atası almışdır və bu barədə qəbz var. Tələb edilən qızıl-zinət əşyalarından bəziləri mövcud olmuş, lakin həmin qızıl-zinət əşyaları iddiaçı tərəfindən aparılmış və buna görə də ailədə söz-söhbət olmuşdur. Belə ki, qızıl-zinət əşyalarının hamsı ər-arvadın otağında daimi iddiaçıda olmuşdur. 2022-ci ilin dekabr ayının 21-də görmüşdür ki, qızıl-zinət əşyaları yerində yoxdur. Onların harada olmasını keçmiş arvadı İddiaçı soruşduqda o, bildirmişdir ki, qızıl-zinət əşyalarını atasıgilə aparmışdır. Həmin əşyaların atasıgilə aparılması ilə bağlı ailədə söz-söhbət olmuş və buna görə arvadını atasıgilə aparmışdır. Təxmini dekabr ayının 24-ü atası ilə keçmiş arvadını gətirməyə getmiş, qaynatasına bildirmişdir ki, Sizin qızıllar ona lazım deyil, qalsın Sizə, amma onun ailə məsələlərinə qarışmasın. Ona hədiyyə edilmiş nişan üzüyüdə yoxdur və onu tələb etmir. Halbuki, nişan üzüyü ona hədiyyə edilmişdir və onun əmlakıdır. Bir sözlə qızıl-zinət əşyaları iddiaçıdadır. İddiaçının "xxxx" ASC-nin Masallı filialından 12783.53 manat kreditin götürlməsində əsas məqsəd anasının müalicəsi olmuşdur. İddiaçının anası onkoloji xəstədir. Həmin pulun təxminən 1000-2000 manat məbləğində hissəsi ailənin ehtiyacları üçün ər-arvad tərəfindən xərclənmiş, qalan hissəsi isə iddiaçı tərəfindən ata-anası üçün, anasının xəstəliyi ilə bağlı müalicəsi üçün xərclənmişdir. Atasının aldığı avtomobillər iddiaçı kredit götürməmişdən əvvəl alınmış, atasının özü də kredit götürmüşdür. İddiaçının əməkhaqqı kartı evlilik dövründə ailə başçısı kimi onda olmuşdur. Evin kişisi ola-ola arvadını kartdan pul çıxartmaq üçün göndərməli deyildir. Əməkhaqqı kartından çıxarılmış pulların müəyyən hissəsi onun tərəfindən, müəyyən hissəsi isə iddiaçının atası tərəfindən çıxarılmışdır. Bunu məhkəmə iclasında baxılmış videogörüntülər də təsdiq edir. Hər dəfə əməkhaqqı kartından pul çıxarılarkən iddiaçının telefonuna bununla bağlı məlumat gəlmiş və təbii ki, o, buna etiraz etməmişdir. Çıxarılmış pullar isə ailənin ehtiyaclarına xərclənmişdir. Bütün bunlar iddiaçının razılığı ilə baş vermişdir. Əks halda məsələ elə həmin vaxt indiki kimi olardı. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaçının vəkili və nümayəndəsinin onun barəsində xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə münasibətdə bildirmişdir ki, bildiyinə görə onkoloji xəstələrin müəyyən dərmanları və müalicələri Dövlət tərəfindən qarşılanır, lakin onların bütün müalicələri tam şəkildə pulsuz deyil. Cavabdeh1 vəkili Vəkil1 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçıya məxsus hər hansı bir cehiz əmlak, şəxsi əşya və qızıl-zinət əşyası hüquqlarını müdafiə etdiyi şəxsdə yoxdur. İddiaçı izahatında bildirmişdir ki, 2022-ci ilin dekabr ayının 21-də ailədə söz-söhbət olan zaman keçmiş əri onu ata evinə aparmış, dekabrın 24-ü gəlib onu gəlin köçdüyü evə qaytarmışlar. Qayıdarkən qızılların yerində olmadığını görmüş və onları keçmiş ərindən soruşmuş, sonuncu qızıl-zinət əşyalarını satdığını bildirmişdir. 2022-ci ilin dekabr ayının 26-sı atası və xalasıqızı onun gəlin köçdüyü evə gəlmişlər. Bu zaman evdə dava baş vermiş, həmin vaxt polisə müraciət edilmiş, o, da övladını götürərək, atasıgil ilə evi tərk etmişdir. Gedərkən dəqiq bilmirdi ki, birdəfəlik gedir, yoxsa yox. Bu səbəbdən gedərkən qızılları götürməmişdir. Göründüyü kimi iddiaçının izahatı həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əvvəlcə bildirir ki, qızıl-zinət əşyaları yerində yox idi, onların harada olduğunu ərindən soruşmuş, sonuncu isə satdığını bildirmişdir. Sonradan isə izahatında göstərir ki, dəqiq bilmirdi ki, birdəfəlik gedir, yoxsa yox. Bu səbəbdən gedərkən qızılları götürməmişdir. İddiaçı izahatında bildirmişdir ki, kredit götürdüyü 12783.53 manat pulu cavabdehə borc vermişdir. Qanunvericiliyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında yazılı müqavilə yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin atasının almış olduğu avtomobillər kredit götürülməmişdən əvvəl alınmışdır. xx.xx.2022-ci il tarixli, RGTK7146532A161 nömrəli kredit müqaviləsi resturukturizasiya olunan kredit müqaviləsi olması barədə sübut yoxdur. İddiaçının əməkhaqqı kartından çıxarılmış pul ailənin ehtiyacları üçün xərclənmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsin fikirlərini siyasiləşdirmək lazım deyil. Sonda Vəkil1 iddianın və xüsusi qərardad çıxarılması barədə vəsatətin rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 iddianı qəbul etməyərək, bildirmişdir ki, onlarda iddiaçıya məxsus hər hansı bir cehiz əmlak, şəxsi əşya və qızıl-zinət əşyası yoxdur. Mübahisəli avtomobillərdən birini Bankdan kredit götürərək almış, digər avtomobili isə borc 3000 manata almışdır. Sürmədiyinə və ehtiyacı olduğu üçün sonradan satmışdır. Ona və arvadına 20000 manat pul verilməmişdir. Mübahisəli kondisoner onun tərəfindən alınmışdır. Bunu həmin əşyanı satan şəxs də təsdiq edə bilər. Sonda Cavabdeh3 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, onlarda iddiaçıya məxsus hər hansı bir cehiz əmlak, şəxsi əşya və qızıl-zinət əşyası yoxdur. Qızıl-zinət əşyaları sonuncu davadan əvvəl keçmiş gəlini İddiaçı tərəfindən ata evinə aparılmışdır. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, GTKR4666341A299 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Masallı filialı tərəfindən İddiaçı 35 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 8176.0 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli, GTKR3776194A161 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Masallı filialı tərəfindən İddiaçı 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 6500 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli, RGTK7146532A161 nömrəli kredit müqaviləsi və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Masallı filialı tərəfindən İddiaçı 83 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 12783.53 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. Müqavilənin müddəti (müqavilə üzrə son ödəniş) xx.xx.2029-cu il müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək olan dövr ərzində İddiaçı ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin dövr ərzində müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə mədaxil və məxaric əməliyyatları aparılmışdır. Dövr üzrə məxaric 20232.00 manat, mədaxil 20231.69 manat təşkil edir. Elektron baza məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə “VAZ 21063” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan və nəqliyyat vsasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə “QAZ 2705 YÜK” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli, 277nkLKN/21 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" KB ASC Lənkəran filialı tərəfindən Cavabdeh3 48 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 2236.00 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. Ödəniş cədvəli kredit müqaviləsinin tərkib hissəsidir. Anar Talıbov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəzdə qeyd edilmişdir ki, “X3 xx.xx.2023-cü ildə Masallı şəhər sakini Cavabdeh1 tərəfindən mənə verilmiş geyim əşyalarını Masallı rayonu, İİ Səmidxan kəndində yaşayan X4 təhvil vermişəm. Masallı rayonunda taksi fəaliyyəti ilə məşğul oluram.” Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(050)- 770/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 17 may 2021-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 300 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 3(050)- 554/2023 saylı qərarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında İddiaçı vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döydüyünə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(050)- 97/2023 saylı hökmündən görünür ki, Cavabdeh1 qayınatası X7 aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən onu vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-97/2023 saylı hökmündən görünür ki, X1 Cavabdeh1 aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən onu vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında İddiaçı istifadəsində olan 416974******0241 nömrəli plastik kartla aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntüləri əks etdirən CD diskə baxış keçirilmiş, keçirilmiş baxış nəticəsində qeyd edilən kartla aparılan nağdlaşdırma əməliyyatlarının müəyyən dövrlərdə Cavabdeh1, müəyyən dövrlərdə isə X7 tərəfindən aparılması müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehlərə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə iddia üzrə tələb edilən - cehiz əmlaklara münasibətdə bildirir ki, sübutların bölgüsü baxımından tələb edilən həmin əmlakların cehiz olaraq aparılmasını iddiaçı sübut etməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə bir vəziyyətdə iddianın həmin hissədə əsaslı olması qənaətinə gəlmək, o anlama gələrdi ki, iddiaçı sanki ərizəsində istənilən əmlakı göstərərək tələb etsəydi, bu təmin edilməlidir. Bu isə sübuta əsaslanmayan tələbin təmin edilməsi olardı. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra tələb edilən cehiz əmlakların böyük bir hissəsi cavabdehlər tərəfindən könüllü şəkildə qarşı tərəfə təhvil verilmiş, hətta bununla bağlı cavabdeh tərəf iddiaçının əşyalarının onlar məxsus evdən çıxarılmasını təmin etməyi məhkəmədən xahiş etmiş və iddiaçı tələb etdiyi cehiz əmlakların böyük bir hissəsini cavabdehlərə məxsus evdən çıxarmış, bundan sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin araşdırılması zamanı iddiaçıdan tələb etdiyi cehiz əmlaklar, onların sayı və dəyəri soruşulmuşdur. İddiaçı həmin sualların bəzilərinə düz cavab vermiş, bəzilərinə isə düz cavab verə bilməmişdir. Bundan sonra ondan cehiz apardığını iddia etdiyi əşyaların dəqiq adını, sayını və qiymətini bilmədiyi təqdirdə iddia ərizəsində onları necə qeyd etdiyi soruşulmuş, o, isə cavabında bildirmişdir ki, gəlin gedərkən apardığı əşyaların siyahısı tutulmuş və iddia ərizəsində göstərilənlər həmin siyahı əsasında tərtib edilmişdir. Bundan sonra həmin siyahının məhkəməyə təqdim etməsi ona təklif edilmiş, o, isə cavabında bildirmişdir ki, siyahı itirilmişdir, mövcud deyil. Tərəflər 2021-ci ildə evlənmişlər, hazırki iddia isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçının iddia etdiyi kimi cehiz əmlaka dair qeyd edilən siyahının mövcudluğu, həmin siyahının 2 il müddətində saxlanılması, iddia ərizəsinin cehiz əmlaka münasibətdə siyahıdakı qeydlər əsasında tərtib edilməsi, məhz iddia ərizəsi tərtib edildikdən sonra həmin siyahının itməsi, mövcud olmaması inandırıcı deyil. Hansı ki, belə bir sübutun həqiqətən də mövcudluğu iddiaçı üçün mühüm əhəmiyyət daşıyardı. İddiaçının tələb etdiyi “Eurolux” firmasına məxsus kondisonerin nikah dövründə atasının verdiyi pul ilə alınmasına münasibətdə də sübutetmə yükü iddiaçının üzərindədir və bununla bağlı da onun tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddia üzrə tələb edilən - şəxi əşyalara münasibətdə bildirir ki, yuxarıda qeyd edildiyi kimi həmin əşyaların mövcud olmasını, onların cavabdehlərə məxsus evə aparılmasını, həmin əşyaların cavadehlərin sahibliyində olmasını sübutetmə yükü iddiaçının üzərindədir, lakin bununla bağlı onun tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə iddianın həmin hissədə əsaslı olması qənaətinə gəlmək, o anlama gələrdi ki, iddiaçı sanki ərizəsində istənilən şəxsi əşyanı göstərərək tələb etsəydi, bu təmin edilməlidir. İddiaçı sonradan cehiz əmlaklarını cavabdehlərə məxsus evdən götürərkən də həmin əşyalar olmamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı da izahatında etiraf etmişdir ki, şəxsi əşyalarından bəziləri, həmçinin uşağının paltarları ata evində olarkən sonradan keçmiş əri İmanverdi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan Anar adlı şəxslə göndərilmişdir. İddiaçının şəxsi əşyalarının cavabdehlərdə olduğu zaman onların könüllü şəkildə təhvil verilməsi, bəzilərinin isə iddiaçının mövqeyniə görə verilməməsi (hazırda tələb edilənlərin) inandırıcı deyil. Oda nəzərə alınmalıdır ki, tələb edilən həmin şəxsi əşyalar qadına məxsus əşyalardır və cavabdehlər üçün mühüm əhəmiyyət kəsb etmir. Bir sözlə sübutetmə yükünün bölgüsü baxımından iddia bu hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə iddia üzrə tələb edilən - qızıl-zinət əşyalarına münasibətdə bildirir ki, bununla bağlı ilk növbədə tələb edilən qızıl-zinət əşyalarının vaxtı ilə mövcud olubolmamasına qiymət verilməlidir. İşinin araşdırılması zamanı iddiaçı tərəf də tələb etdiyi qızıl-zinət əşyalarından bəzilərinin mövcudluğu ilə bağlı hər hansı bir sübutun olmamasını etiraf etmiş, cavabdeh keçmiş ər İmanverdi qızıl-zinət əşyalarından bəzilərinin vaxtı ilə mövcud olmasını etiraf etmişdir. Qızıl-zinət əşyalarına münasibətdə tərəflərin mövqeyi ondan ibarətdir ki, iddiaçı iddia edir ki, qızıl-zinət əşyaları cavabdehlərdədir, qarşı tərəf isə iddia edir ki, qızıl-zinət əşyları keçmiş gəlin tərəfindən aparılmışdır. Qızıl-zinət əşyalarına münasibətdə işin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının bildirməsinə görə (bunu cavabdeh də etiraf edir) birgə nikah dövründə tələb etdiyi qızıl-zinət əşyalarının hamsı ər-arvadın otağında daimi onda olmuşdur. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının mövcudluğu hələ birmənalı şəkildə o demək deyil ki, həmin əşyalar cavadehlərdədir. Nəzərə alınmalıdır ki, tərəflərin bildirmələrinə və işin araşdırılması zamanı işdə olan sənədlərlə müəyyən edilir ki, keçmiş ər-arvad arasında ailədə tez-tez söz-söhbət olmuş, həmin söz-söhbət zamanı keçmiş ər arvadını ata evinə aparmış, sonradan yenidən gətirmiş, iddiaçı və atası keçmiş kürəkəni İmanverdidən, İmanverdi isə keçmiş qaynatasından hüquq mühafizə orqanına şikayət etmişlər, həmin şikayətlər ilə bağlı məhkəmədə cinayət işləri, inzibati iş olmuşdur. İş materiallarından görünür ki, sonuncu söz-söbhət zamanı 26 dekabr 2022-ci il tarxdə keçmiş arvad (hazırda iddiaçı) İddiaçı və atası keçmiş ər Cavabdeh1, sonuncu isə keçmiş qaynatasına qarşı Masalılı Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı 26 dekabr 2022-ci il tarixdən ata evinə gəlmiş, xx.xx.2023-cü il tarixdə nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı ər evini tərk edərkən onda ər-arvad münasibətlərinə son qoyulacağı barədə fikir olmuşdur. Bunu sonradan məhz onun tərəfindən nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi də sübut edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “...2022-ci ilin dekabr ayının 26-sı atası və xalasıqızı onun gəlin köçdüyü evə gəlmişlər. Bu zaman evdə dava baş vermiş, həmin vaxt polisə müraciət edilmiş, o, da övladını götürərək, atasıgil ilə evi tərk etmişdir. Qış ayı olduğundan hava soyuq olmuş, uşağı mövsümə uyğun geyindirmiş, uşağın bankasını, yeməyini, dərmanlarını, uşağın sumkasını götürmüşdür. Bu zaman uşağın dərmanları ər-arvadın otağında mizin üzərində, uşağın yeməyi həmin otaqda stolun üzərində, uşağın sumkası həmin otaqda yatağın yanında olmuşdur.” Göründüyü kimi iddiaçı bildirməsinə görə ər evini tərk edərkən uşağını mövsümə uyğun geyindirmiş, uşağın bankasını, yeməyini, dərmanlarını, uşağın sumkasını götürmüşdür. Təbii ki, tərəflərin əvvəldən dava baş verəcəyini bilmələri mümkün deyil, yuxarıda qeyd edilən işlərin icra edilməsi müəyyən zaman tələb edir, həmin vaxt iddiaçı qeyd edilən işləri necə icra edirdisə, onun etiraf etdiyi kimi daima özündə olan qızıl-zinət əşyalarının götürülməsinə də heç bir mane yox idi və təbii ki, əgər həqiqətən də qızıl-zinət əşyaları orada idisə. Bununla bağlı hansı səbəbdən qızıl-zinət əşyalarının həmin vaxt götürülməməsi araşdırılmış, iddiaçı isə cavabında “Dəqiq bilmirdi ki, birdəfəlik gedir, yoxsa yox. Bu səbəbdən gedərkən qızılları götürmədiyini” bildirmişdir. Halbuki, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, “...2022-ci ilin dekabr ayının 21-də ailədə söz-söhbət olan zaman keçmiş əri onu ata evinə aparmış, dekabrın 24-ü gəlib onu gəlin köçdüyü evə qaytarmışlar. Qayıdarkən qızılların yerində olmadığını görmüş və onları keçmiş ərindən soruşmuş, sonuncu qızıl-zinət əşyalarını satdığını bildirmişdir.” Deməli, məntiqi baxımından belə bir nəticə ortaya çıxır - son dava zamanı (2022-ci il dekabrın 26-sı) iddiaçı qızıllarının götürməməsinin səbəbi kimi əgər həqiqətən də qızıllar həmin vaxt orada idisə o, bildirməli idi ki, qızıllar satılmışdır, olmayan əşyanı necə götürə bilər? Axı iddiaçı iddia edir ki, ki, 2022-ci il dekabrın 24-də ər evinə qayıdarkən qızılların yerində olmadığını görmüş və onları keçmiş ərindən soruşmuş, sonuncu qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Bütün bunlar qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını inandırıcı hesab etmir. Bundan başqa, tərəflərin şikayətləri əsasında aparılmış araşdırma materiallarından da görünür ki, iddiaçı tərəf qarşı tərəfdə hər hansı qızıl-zinət əşyasının olmasını bildirməmiş, iddiaçı və atası qızına məxsus maaş kartından ötən müddətdə xeyli miqdarda pul çıxararaq xərclənməsini, lakin ona bir dəst paltar alınmamasını bildirmişlər. Məhkəmə iddia üzrə tələb edilən - birgə nikah dövründə götürülmüş 12783.53 manat kreditin cabdehlərdən alınması barədə tələbə münasibətdə bildirir ki, iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC-nin Masallı filialı arasında xx.xx.2022-ci il tarixdə 8176.00 manat, xx.xx.2021-ci il tarixdə 6500 manat, xx.xx.2022-ci il tarixdə 12783.53 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. Sonuncu müqavilənin müddəti (müqavilə üzrə son ödəniş) xx.xx.2029-cu il müəyyən edilmişdir. Cavabdeh3 ilə "xxxx" KB ASC Lənkəran filialı arasında xx.xx.2021-ci il tarixdə 2236.00 manat kredit verilməsi məqsədi ilə müqavilə bağlanmışdır. Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə “VAZ 21063” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, xx.xx.2022-ci il tarixdə “QAZ 2705 YÜK” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd edilən tələb üzrə tərəflərin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəf iddia edir ki, xx.xx.2022-ci il tarixli, RGTK7146532A161 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixli, GTKR4666341A299 nömrəli və xx.xx.2021-ci il tarixli, GTKR3776194A161 nömrəli kredit müqaviləsinə görə resturukturizasiya olunan kredit müqaviləsidir. "xxxx" ASC-nin Masallı filialından kredit götürüb keçmiş əri İmanverdiyə vermişdir ki, ailələri üçün İmanverdinin adına sənədləşdirilməklə maşın alınsın, həmin pulu borca vermişdir. Cavabdeh1 iddia edir ki, iddiaçının "xxxx" ASC-nin Masallı filialından 12783.53 manat kreditin götürlməsində əsas məqsəd anasının müalicəsi olmuşdur. İddiaçının anası onkoloji xəstədir. Həmin pulun təxminən 1000-2000 manat məbləğində hissəsi ailənin ehtiyacları üçün ər-arvad tərəfindən xərclənmiş, qalan hissəsi isə iddiaçı tərəfindən ata-anası üçün, anasının xəstəliyi ilə bağlı müalicəsi üçün xərclənmişdir. Atasının aldığı avtomobillər iddiaçı kredit götürməmişdən əvvəl alınmış, atasının özü də kredit götürmüşdür. Digər Cavabdeh3 iddia edir ki, mübahisəli avtomobillərdən birini Bankdan kredit götürərək almış, digər avtomobili isə borc 3000 manata almışdır. Məhkəmə qeyd edir ki, sübutların bölgüsü baxımından iddiaçı istinad etdiyi halların doğruluğunu, yəni götürmüş olduğu krediti keçmiş əri İmanverdiyə ailələri üçün İmanverdinin adına sənədləşdirilməklə maşın alınması üçün borca verməsini, alınmış avtomobillərin iddiaçının kredit götürdüyü pul ilə alınmasını sübut etməlidir. Keçmiş arvadın (hazırda iddiaçının) kredit götürməsi hələ birmənalı şəkildə onun istinad etdiyi halların doğruluğunu sübut etmir. Kreditlərin verilməsi ilə avtomobillərin alınması tarixləri arasında yaxın müddətlərin olması da hələ birmənalı şəkildə o demək deyil ki, alınmış avtomobillər məhz həmin kreditlər və ya onların bir hissəsi hesabına əldə edilmişdir. Nəzərə almaq lazımıdır ki, cavabdehin (Cavabdeh3) özü də kredit götürmüşdür. Məhkəmə qeyd edir ki, hətta belə iddiaçı istinad etdiyi halları sübut etmiş olsaydı, onda ortaya başqa bir məsələ çıxardı - verilmiş pulun bağışlanmaması məsələsi. Cavabdeh (keçmiş ər) götürülmüş kreditin təxminən 1000-2000 manat məbləğində hissəsini ailənin ehtiyacları üçün xərclənməsini etiraf edir. Məhkəmə həmin məbləğin ailənin ehtiyacları üçün xəclənməsi səbəbindən keçmiş ər-arvadının ümumi mülkiyyəti kimi qəbul edərək, iddianı həmin hissəyə münasibətdə də əsassız hesab edir. Məhkəmə iddia üzrə tələb edilən - ona məxsus əmək haqqı kartından çıxarılmış 20000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə tələbə münasibətdə bildirir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək olan dövr ərzində İddiaçı ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin dövr ərzində müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə mədaxil və məxaric əməliyyatları aparılmışdır. Dövr üzrə məxaric 20232.00 manat, mədaxil 20231.69 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı istifadəsində olan 416974******0241 nömrəli plastik kartla aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntüləri əks etdirən CD diskə baxış keçirilmiş, keçirilmiş baxış nəticəsində qeyd edilən kartla aparılan nağdlaşdırma əməliyyatlarının müəyyən dövrlərdə Cavabdeh1, müəyyən dövrlərdə isə X7 tərəfindən aparılması müəyyən edilmişdir. Həmin məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək olan dövr ərzində İddiaçı ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin dövrlər üzrə iddiaçının əməkhaqqı plastik kartına dəfələrlə pul mədaxil olmuş və sonradan məxaric olnmuşdur. İddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onun telefonunda xüsusi proqram olmuş, hər dəfə kartından pul çıxarılarkən ona məlumat daxil olmuşdur. Bir sözlə iddiaçının əməkhaqqı plastik kartından hər dəfə pul çıxarılarkən məlumatı olmuşdur. Həmin əməliyyatlar 1-2 dəfə deyil, dəfələrlə təkrarlamışdır. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı (keçmiş arvad) razılığı əsasında əməkhaqqı plastik kartını cavabdehə (keçmiş əri Cavabdeh1) vermiş və hər dəfə də pul çıxarılarkən heç bir etiraz etməmiş, əks təqdirdə pozulmuş hüququnun bərpası üçün vaxtında tədbir görərdi. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, istənilən arvad əməkhaqqı kartını ərə verər, məsələn 30 ildən sonra nikah pozulanda heç bir sübut olmadan idda irəli sürər ki, neçə illərdir ki, qarşı tərəf əməkhaqqı kartından ona məxsus pulu razılığı olmadan çıxarır və bu əsaslı olar. Məhkəmə iddiaçı tərəfin cavabdehin barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanına göndərilməsi barədə vəsatətinə münasibətdə bildirir ki, mülki işin baxışında cavabdehin əməlində cinayət əlamətinin olması ortaya çıxmamışdır. Bununla yanaşı, məhkəmə iddiaçıya izah edir ki, cavabdehin əməlində cinayət olmasını iddia etdiyi halda bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cehiz əmlaklarının, şəxsi əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi, birgə nikah dövründə götürülmüş 12783.53 manat kreditin və əməkhaqqı kartından çıxarılmış 20000 manat pulun verilməsi” barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar