Məhkəmə qərarları › İş №2(050)-1542/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1542/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1542/2023 27.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş Masallı rayonun Stansiya Təklə kəndində yerləşən 1 ha torpaq sahəsinin 0,54 ha hissəsindən çıxarılması və maddi ziyana görə cavabdehdən 500 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh zəbt edilmiş Masallı rayonun Stansiya Təklə kəndində yerləşən 1 ha torpaq sahəsinin 0,54 ha hissəsindən çıxmasını və maddi ziyana görə ona 500 manat pul ödənilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyun ayının 13-də Masallı rayonunun Stansiya Təklə kənd sakini X3 Masallı rayonu ərazisində Cəlilabad rayonun torpaq sərhəddi ilə paralel olan torpaq sahəsindən 1 hektar torpaq sahəsini rəsmi alğı-satqı yolu ilə 2000 manata Masallı Regional “ASAN” xidmət mərkəzində notariat kontorunda alğı-satqı müqaviləsi bağlamaqla rəsmi qaydada almışdır. Aldığı torpaq sahəsində arpa məhsulu əkmişdir. Hal-hazırda aldığı 1 hektar torpaq sahəsinin 0.54 ha hissəsini cavabdeh zəbt etmişdir, o, aldığı torpaq sahəsindən lazımi qaydada istifadə edə bilmir, aldığı 1 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.54 ha hissəsini cavabdehdən tələb edir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 500 manat maddı ziyan dəymişdir. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq sahəsindən çıxmalıdır. Lakin hazırda cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə onlara etdiyi müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdehlər qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadəsinə maneə yaranmışdır. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona məxsus 1 hektar torpaq sahəsinin 0,54 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. İki ildir ki həmin sahəyə görə cavabdehlə aralarında mübahisə yaranmışdır. Cavabdehin hüquqazidd tərəfkətləri səbəbindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməmişdir. İddia edilən 0,54 ha torpaq sahəsi ona məxsusdur. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2019-cu il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcılar X6, X5 və qeyriləri Masallı rayonun Stansiya Təklə kəndində yerləşən ümumi sahəsi 2,369 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən 1 ha torpaq sahəsini İddiaçı satmışdır. Torpaq sahəsinə görə İddiaçı satıcılara 2000 manat məbləğində pul ödəmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Təklə kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 31 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, 1) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Təklə kəndi ərazisində İddiaçı mülkiyyətində olan **********85 reyestr nömrəli 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. 2) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Təklə kəndi ərazisində İddiaçı Allahşükür oğlunun mülkiyyətinə verilmiş **********85 reyestr nömrəli 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,45 hektaradək hissəsi iddiaçının faktiki istifadəsində, qalan 0,5471 hektaradək hissəsinin isə Cavabdeh şimal-qərb istiqamətində faktiki istifadə kimi plana alınmış 1,4294 hektaradək torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirilmişdir. . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7110 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4500/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Təklə kəndi ərazisində İddiaçı Allahşükür oğlunun mülkiyyətində olan **********85 reyestr nömrəli 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,45 hektaradək hissəsi iddiaçının faktiki istifadəsində, qalan 0,5471 hektaradək hissəsinin isə Cavabdeh Bulud oğlunun şimal-qərb istiqamətində faktiki istifadə kimi plana alınmış 1,4294 hektaradək torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyənləşdirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, İddiaçı Masallı rayonun Stansiya Təklə kəndində yerləşən 1 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixdə 2000 manata Masallı rayonunun Stansiya Təklə kənd sakini X5 və digərlərindən satın almışdır. Qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış alınmış, çıxarışda İddiaçı həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iş üzrə iddiaçı qeyd edilən torpaq sahəsinin 0,54 ha hissəsinin cavabdehin qanunsuz sahibliyində olmasını və cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini və ona 500 manat məbləğində maddi zərər vurulduğunu iddia edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı mülkiyyətində olan 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,45 hektaradək hissəsi iddiaçının faktiki istifadəsində, qalan 0,5471 hektaradək hissəsinin isə Cavabdeh şimal-qərb istiqamətində faktiki istifadə kimi plana alınmış 1,4294 hektaradək torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsində ona məxsus torpaq sahəsinin zəbt edilməsinə dair göstərilmiş hallar sübuta yetirilmiş, bunun əksi olaraq cavabdehin həmin torpaq sahəsinin ona məxsus olması, iddiaçıların onun torpaq sahəsini zəbt etmiş olması kimi fikirləri öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi daxilində yerləşdiyi göstərilmişdir. Cavabdeh iddiaçını mülkiyyətlərində olan torpaq sahəsinə buraxmamaqla, mülkiyyətçi kimi iddiaçıların torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur Bütün qeyd olunanlar məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı Cabbarov X1 Eldar Bulut oğnun torpaq sahəsindən çıxarılmasına dair iddia tələbində haqlı hesab olunmalıdır. İddiaçının digər tələbi ona dəymiş 500 manat maddi zərərin Cavabdeh alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya ziyanın vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarını əsas götürərək məhkəmə iddia tələbini maddi zərərin ödənilməsi hissəsində əsassız hesab edərək qeyd edir ki, iddia edilən 500 manat zərərin iddiaçıya hansı şəkildə vurulması və həmin zərərin qiymətləndirilməsi meyarı qeyri-müəyyəndir. İddiaçı tərəfindən ona vurulmuş zərərə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində subuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı ödənilməli, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Allahşükür oğlunun mülkiyyətində olan 1 ha torpaq sahəsinin zəbt olunmuş 0,54 ha hissəsindən Cavabdeh çıxarılsın. İddia 500 manat maddi ziyan tələbinə münasibətdə təmin olunmasın. Cavabdeh torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar