Məhkəmə qərarları › İş №2(105)-121/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-121/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-121/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı mülkiyyətinə verilib. İddiaçı xx.xx.1970-ci il tarixində anadan olmuş, şəhadətnamənin atası qrafasında X13, anası qrafasında X16 qeyd edilmişdir. X5 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2008-ci il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X16 (vəfat edib), X15 (vəfat edib), X10 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. X3 rayonu Hacıqaib kəndində yaşamış, xx.xx.2010-cu il tarixində vəfat etmiş və aşağıdakı vərəsələri, X16 (vəfat edib), X15 (vəfat edib), X10 (vəfat edib), İddiaçı (1970-ci il təvəllüdlü) qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Torpağa mülkiyyət hüququna dair 1.40 ha torpaq sahəsindən çıxarılması, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən iddiaçıya, onun atası X7 və anası X2 təsərrüfatı məqsədi ilə 1,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində meyvə ağacları vardır. Anası və atası yaşlı olduğundan bağ sahəsinə iddiaçı baxaraq oradan gəlir əldə edir. İddiaçı 2004-2005-cı illərdə ailə vəziyyəti ilə bağlı bağa baxa bilməmişdir. Bağa baxa bilmədiyi üçün onu satmaq qərarına gəlmiş, lakin bağ baxımsız vəziyyətdə olduğundan onu satmaq üçün dirçəltmək lazım olmuşdur. Həmkəndlisi olan Cavabdeh həmin bağı 2006-cı ildə ona satmağı istəyib. Lakin bağ çox baxımsız olduğundan Cavabdeh həmin bağa 2-3 il baxıb, qulluq edib, gəlir əldə edərsə, həmin bağı 6000 (altı min) dollara alaraq alqı-satqı edəcəyini bildirib. Beh olaraq cavabdeh iddiaçıya 800 manat pul vermişdir. Razılaşdıqları kimi Cavabdeh bir neçə il bağa qulluq etmiş, ağaclar meyvə vermişdir. Sonra alqı-satqı etməyi bildirsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək nə bağın pulun vermiş, nə də bağı öz adına rəsmiləşdirmişdir. 09 mart 2008-ci ildə anası X16, 05 iyun 2010-cu ildə atası X13 vəfat etdiyindən valideyn itkisinin verdiyi dərd səbəbindən bir neçə il iddiaçı cavabdehdən nə pulunu tələb edə bilmiş, nə də o bağı sənədləşdirmək istəmişdir. Lakin 2006-cı ildən bəri Cavabdeh həmin bağın meyvəsini sataraq gəlir əldə etsə də, 6000(altı min) dollar pulu verəcəyini deyərək alqı-satqını etmir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 21 və 1097.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və İddiaçı, onun atası X6 və anası X11 adlarında olan 0,50 ha torpaq sahəsinin İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, Quba rayonu Hacıqayıb kənd sakinləri cavabdeh İddiaçı, onun atası X13 və anası X4 Aktına əsasən özlərinin birgə mülkiyyətlərində olan 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsini satmaq istəyirlər. Həmin torpaq sahəsinə baxıb, torpaq sahəsini bəyəndiyi üçün İddiaçı, onun atası X13 və anası X16 ilə qiymətdə razılaşıb 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) manata almışdır. Razılaşdıqları puldan 200 (iki yüz) manat dərhal İddiaçı nəğd ödəmiş, qalan 900 (doqquz yüz) manatı pulu isə öz bağındakı alma məhsulunu satıb onlara çatdıracağı barədə razılaşmışlar. 2008-ci ilin mart ayında İddiaçı anasının vəfat etdiyini və buna görə də qalan 900 manatın onlara təcili lazım olduğunu bildirdi. Borclu qaldığı 900 (doqquz yüz) manat pulu İddiaçı yanında atasına ödəmişdir. Namiq qohum olduğu üçün onlara inanıb torpaq sahəsinə görə onlara pulu alqı-satqı müqaviləsi notariatda təsdiqlənməmiş vermişdir. Sonra məlum olmuşdur ki, İddiaçı hansısa bankdan kredit götürmüş və həmin torpaq sahəsini ipoteka qoymuşdur. Beləliklə həmin vaxt alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi mümkün olmamışdır. 2007-ci ildə həmin 0,50 ha torpaq sahəsini aldığı zaman həmin sahədə bir neçə köhnə meyvə (alma) ağacları və bir qədər də təzə əkilmiş meyvə tingləri olmuşdur. Həmin köhnə ağacaları çıxarıb, oradakı meyvə tinglərindən əlavə, təzə alma tinglərini əkib, həmin 0,50 ha torpaq sahəsinə bütünlüklə yeni alma bağı salmışdır. Ötən 14 il müddətində həmin ağaclara aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə hər il azı 1000 (min) manat, 14 il müddətində azı 14000 (on dörd min) manat həmin bağa xərc qoymuşdur. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu müddət ərzində İddiaçı, onun atası və anasının həmin torpaqla əlaqədar ona qarşı heç bir tələbləri olmamışdır. Namiq Yusifonun valideynlərinin vəfatından sonra həmin torpaq sahəsi cavabdehin istifadəsində qalmış və İddiaçı həmin torpaqla əlaqədar ona heç bir tələbi, etirazı olmamışdır. Meyvə bağı təxminən axırıncı 1-2 ildir ki, məhsula çatmışdır və faktiki olaraq ötən 14 il ərzində həmin bağa hər il azı 1000 (min) manat xərc qoymuş, lakin hər hansı gəlir əldə etməmişdir. 2019-cu ildə İddiaçı Bakı şəhərinə xəstəxanaya gedib ayağından əməliyyat olunması zəruriyyəti yaranmış, pulu olmadığı üçün qohum kimi ona müraciət etmişdir. İddiaçı müalicəsi ilə əlaqədar cavabdeh 800 (səkkiz yüz) manat xərc çəkmişdir. İddiaçı sağalıb kəndə qayıtdıqdan sonra yenidən onunla söhbət edib onlardan aldığı torpaq sahəsinin alqı-satqı müqaviləsini notariatda təsdiqlənməsini xahiş etmişdir. Namiq alqısatqı müqaviləsini notariatda təsdiqləməyə razı olduğunu, lakin torpaq sahəsinə aid X21 kənd sakini X8 olduğunu bildirmişdir. Onlar birlikdə Kamal Abumüslümovun yanına getdikdə məlum olmuşdur ki, X28 üzrə cavabdehə 0,50 ha torpaq satdıqdan sonra mülkiyyətlərində qalmış 0,90 ha torpaq sahəsini də qeyri-rəsmi olaraq Hacıqayıb kənd sakini Kamal Abumüslümova satmışdır. Onlar üçü birlikdə məsləhət edib cavabdehə və X1 torpaq sahələri barədə alqı-satqı müqavilələrini notariatda təsdiqləmək barədə razılığa gəliblər. Lakin bir müddətdən sonra İddiaçı Dövlət Aktını vərəsəliyi qəbul etmək üçün lazım olduğunu bildirərək Kamal Abumüslümovdan geri götürmüş, nə onunla nə də ki, Kamal Abumüslümovla torpağın alqı-satqı müqavilələrini notariatda təsdiqləməmiş, torpaq sahəsinin alqı-satqısını notariatda təsdiqləməkdən imtina etmişdir. Cavabdeh ona qarşı ilkin iddia ilə əlaqədar qeyd etmişdir ki, 1,40 ha torpaq sahəsindən yalnız 0,50 ha onun qanuni istifadəsindədir. Lakin İddiaçı cavabdehə qarşı əsassız olaraq 1,40 ha torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmışdır. O İddiaçı və ailə üzvlərindən aldığı həmin 0,50 ha torpaq sahəsini boşaltmağa o şərtlə razıdır ki, Namiq ona dəymiş zərəri tam olaraq ödəsin. İddiaçı ona qarşı ilkin iddiasının ikinci hissəsinə gəldikdə isə, həmin hissədə iddianı, ümumiyyətlə, qəbul etmir. Çünki əvvəla, həmin torpaq sahəsindən hər hansı xeyir əldə etməyib. Xərc qoyub həmin torpaq sahəsində alma bağı salıb. Alma ağacları indi-indi məhsula gəlir və o bundan sonra həmin bağdan xeyir götürmək niyyətində olub. Digər tərəfdən də o, həmin torpaq sahəsini İddiaçı və ailə üzvlərindən satın alıb və həmin torpaq sahəsindən hər hansı xeyir əldə etsə də qanunla torpağı qaytarmalı deyil. Buna görə də ondan hər hansı məbləğdə əldən çıxmış gəlir və ya ziyan tələb edilməsi əsassızdır. O, Namiqdən, atasından və anasından 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) manata alsa da, hazırda torpaq sahələrinin qiymətləri dəfələrlə bahalaşmışdır. Quba rayonunun Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 10.000-12.000 manat təşkil edir. Buna görə də o, həmin 0,50 ha torpaq sahəsinin dəyəri olaraq Namiqdən 12.000 (on iki min) manat tələb edir. 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacının aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə yetişdirilməsinə qoyduğu 14000 (on dörd min) manat xərclərini İddiaçı geri tələb edir. Bundan əlavə, İddiaçı Bakı şəhərində ayağından əməliyyat olunarkən onun çəkdiyi 800 (səkkiz yüz) manat müalicə xərcini də geri istəyir. İddiaçı qarşılıqlı iddiya etiraz vermişdir. Etirazın dəlilləri: - bağ sahəsini alqı-satqısını 1100 manat deyil, 6000 ABŞ dollarına razılşaıblar. Cavabdeh həmin puldan beh olaraq 800 manat verib, qalan pulları isə bu vaxta kimi hələ də ödəməyib; - bağ sahəsini cavabdehin istifadəsinə verib, cavabdeh 2006-cı ildən 2021-ci il tarixədək külli miqdarda gəlir əldə edib.; - 0,50 ha torpaq sahəsində köhnə ağaclar olmuş, həmin ağacları iddiaçı özü bağa baxdığı zaman çıxarıb, meyvə tingləri alıb bağda əkib. Başqa sözlə, bağdakı meyvələrin tinglərini cavabdeh deyil, iddiaçı özü əkib; - bundan əlavə, cavabdeh 0,50 ha torpağa 14000 manat xərc qoymasını sübut etməlidir. Həm də bağ sahəsinin pulunu ödəmədiyi halda, cavabdehin qoyduğu xərcin iddiaçıya aidiyatı yoxdur. İddiaçı həmçinin qarşılıqlı iddia təlblərinə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. İddiaçının sifarişi ilə verilmiş Meyvəçilik və X27 İnstitutunun 07 dekabr 2021-cil tarixli rəyinə əsasən bağda olan 300 ədəd məhsuladar alma ağaclarından (“Simirenko reneti” sortu) 10 il istismar müddəti ərzində 60 ton meyvə məhsulu əldə etmək mümkündür “Aynur” kiçik müəssisəsinin 08 dekabr 2021-ci il tarixli arayışına əsasən 1 kq simirenko almasının topdansatış qiyməti 0,40 manat, pərakəndə satış qiyməti 0,50-0,60 manatdır. Cavabdehin sifarişi ilə verilmiş Meyvəçilik və X27 İnstitutunun 10 dekabr 2021-cil tarixli rəyinə əsasən Cavabdeh tərəfindən 0,50 ha meyvə bağının salınmasına 1835 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 17532 manat, məhsulun yığılması və daşınmasına isə 984 manat, cəmi 20351 manat maliyyə vəsaiti xərclənə bilər. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-iqtisad və əmtəəşünaslıq ekspertizasi təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/510; 9/3584 nömrəli ekspert rəyinə görə: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunun Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X22 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X22 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №-li məktubu ilə verilən mütəxəssis rəyinə (səhifə 80-82) əsasən Quba rayonu Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0,50 ha hissəsində 2008-ci ildə 5x4 m əkin sxemi ilə alma bağı əkilmişdir. Həmin alma bağında 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça bitkiləri əkilmişdir. Həmin sahədə cəmi 172 ədəd alma ağacının 147 ədədi “Simirenko reneti”, 11 ədədi “Qolden Delişes”, 2 ədədi “Qızıl Əhmədi”, 3 ədədi “Qrani Smit”, 6 ədədi “Cırhacı” və 3 ədədi “Şampan reneti” ağaclarıdır; - bağ sahəsində 2016-cı ildə sıxlaşdırılma yolu ilə əkilmiş gavalı və alça bitkilərindən cəmi 190 ədəd olduğu müəyyən edilib. Bağda sortlar üzrə 108 ədəd “Xurmayı Vengerka” və 44 ədəd “Adi Vengerka” gavalı, həmçinin 38 ədəd “Rəcəbli” alça sortlarının ağacları vardır. Həmin sahədə şumlama, diskləmə, malalama, hamarlanma, cərgə və ağac yerlərinin nişanlanması, çalaların qazılması (400 ədəd), tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması, tinglərin bağlanması, əkilimiş bağın suvarılması, tinglərin düzəldilməsi kimi aqrotexniki qulluq işləri görülmüşdür; - Quba rayonu, Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində yeni meyvə bağının əkilməsi xərcləri aşağıdakı kimi müəyyən edillib: sahənin şumlanması, disklənməsi, malalanması, hamarlanması, cərgə və ağac yetərinin nişanlanması-265 manat; çalaların qazılması (400 ədəd), tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması və tınglərin bağlanması-560 manat, əkilmiş bağın suvarılması və tinglərin düzəldilməsi-10 manat, meyvə tinglərinin qiyməti (400 x 2,5 manat)-1000 manat olmaqla cəmi 1835,0 manat. - məhsula düşənə kimi cavan alma bağına aqrotexniki becərmə tədbirləri və xərcləri, 5 ildə cəmi 4900 manat. Məhsuldar alma bağına aqrotexniki becərmə tədbirləri xərcləri 8 ildə cəmi 12632 manat. 0,50 ha sahədə alma və gavalı bağlarının salınması, həmin bağlara 13 il ərzində aqrotexniki qulluq işlərinin yerinə yetirilməsi üçün təxmini olaraq cəmi 19367 manat maliyyə vəsaiti xərclənə bilər; - 0,50 ha bağda olan 170 ədəd məhsuldar alma ağaclarından, onların ilkin məhsuldarlıq dövrü olan 8 il ərzində orta hesabla bir ağacdan təxmini olaraq 18,0 kq meyvə məhsulu yığmaq mümkündür; - bunu əsas götürərək 172 ədəd ağacdan bir ildə 3096 kq, 8 ildə isə 3096x 8 il = 24768 kq meyvə məhsulu istehsal etmək olar, alma məhsulunun bir kiloqramının orta satış qiyməti 0,30 manat olmaqla, 8 il ərzində istehsal edilmiş 24768 kq məhsuldan cəmi 24768 kq x 0.30= 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etmək mümkündür; - sıxlaşdırılmada əkilmiş gavalı və alça ağacları cavan yaşda olduğuna görə məhsula düşməmiş və onlardan təsərrüfat əhəmiyyətli məhsul istehsal edilməmişdir. 8 il ərzində istehsal edilmiş 24768 kq meyvə məhsulunun yığılmasına 594,5 manat, yüklənməsi, boşaldılması və nəqliyyata daşınmasına 402,0 manat, cəmi 996,5 manat maliyyə vəsaiti xərclənə bilər; - ümumiyyətlə, 0,50 ha meyvə bağının salınmasına-1835,0 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) - 17532,0 manat, məhsulun yığılması və daşınmasına isə -996,5 manat, cəmi 20363,5 manat maliyyə vəsaiti xərclənə bilər, bağda olan 300 ədəd məhsuladar alma ağaclarından (“Simirenko reneti” sortu) 10 il istismar müddəti ərzində 60 ton meyvə məhsulu əldə etmək mümkündür. Birinci instansiya məhkməsində şahid qismində iştirak edən, meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri dosent Şahid bildirmişdir ki, hazırki iş üzrə iki rəyin verilməsində iştirak etmiş, ilkin rəyin verilməsində İddiaçı müraciəti ilə əlaqədar, özünün iştirakı ilə birgə bağa baxış keçirilmiş və bağ sahəsində gördüklərini qeyd edərək, rəy verilmişdir. İkinci dəfə hazırki iş üzrə tərəflərin və meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi Babakişi Quliyevin iştirakı ilə bağ sahəsində olmuş və orda məlum omuşdur ki, birinci dəfə ona İddiaçı tərəfindən göstərilən bağ sahəsilə ikinci dəfə baxdıqları ərazi tamamilə fərqli sahələrdir. Aydın olmuşdur ki, İddiaçı ona başqa ərazini göstərmişdir. Onlar ikinci dəfə ərazidə baxış keçirərkən 1.40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində əkilmiş meyvə ağaclarının əkilmə vaxtı, sayı, növü, əkmə xərcləri, ümumi xərcləri və əldə olunmuş gəlirləri, bir sözlə meyvə bağının salınması üçün bütün prosseslərin aparılmasında çəkilən xərclər bazar qiymətinə uyğun hesablanaraq rəy verilmişdir. Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsinin 0,50 ha hissəsindən çıxarılması, 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin Cavabdeh tutulub İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub Cavabdeh verilməsi qət edilmişdir (hakim İlqar Məmmədov) Birinci instansiya məhkəməsi ilkin iddia üzrə müəyyən etmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu, Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı mülkiyyətinə verilib. X13, X16 vəfat etmişdir. İddiaçı bağ baxımsız olduğundan, bağa baxa bilmədiyindən 2006-cı ildə bağı satmaq adıyla həmin sahəni Cavabdeh istifadəsinə vermiş, lakin aralarında heç bir rəsmi sənədləşmə, alqı-satqı işləri aparılmamışdır və bu günə kimi də həmin sahədən Cavabdeh istifadə edir. Qarşılığlı iddia üzrə isə birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh 2006-cı ildən Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı məxsus 1.40 ha torpaq sahəsindən 0.50 ha hissəsini mülkiyyətçilərlə razılaşaraq alıb istifadə edir. 1.40 ha alma bağının mübahisə edilən 0,50 ha hissəsində 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça qələmləri əkib, bağ görkəminə salıb. Aralarında şifahi razılaşmaya baxmayaraq, həmin sahəni öz adına rəsmləşdirməyib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci, Mülki Məcəllənin 21.1, 152.1, 157.4ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin ziyan hissəsi və qarşılıqlı iddia tələbinin pul vəsaitinin tutulması hissəsində gəldiyi nəticə əsassızdır. Ona görə ki, cavabdeh onun 2006-cı ildən hazıra kimi bağ sahəsini isitifadə edib, oradan meyvə məhsulu dərib, orada heç bir alma qələmi əkməyib, orada alma qələmini əkməsinə dair sübut yoxdur. Yalnız alma ağaclarının arasında gavalı qələmi əkmiş, həmin gavalı qələmlərindən şəkillərdən də göründüyü kimi məhsul almışdır; - məhkəməyə hər bir alma ağacının təxmini olaraq 20 kiloqram meyvə məhsulu gətirməsi barədə mütəxəssis rəyini təqdim etmişdir. Halbuki hər alma ağacı orta hesabla 20-100 kiloqram arasında meyvə məhsulu gətirir. Bundan başqa, almanın kiloqramının topdan satış qiymətinin 0,40 manat, pərakəndə satış qiymətinin isə 0,50-0,60 manat olması barədə Quba bazarında fəaliyət göstərən “Aynur" Kiçik müəssisəsindən arayış almışdır. Beləliklə məhkəmə heç bir əsas və sübut olmadan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institunun verdiyi rəyə əsasən qətnamə qəbul etmişdir. Halbuki həmin rəy verilərkən həqiqətən alma ağacının hər il 18 kiloqram meyvə gətirməsi və onun 2006-ci ildən bu vaxta kimi kiloqramının 0,30 manata satılmasına dair heç bir mötəbər sübuta istinad olunmamışdır; - 17 iyun 2022-ci il tarixli ekspert rəyi də həmin mütəxəssis rəyinə əsaslanmış, özü müstəqil olaraq araşdırma aparmamışdır. Yalnız onlara daxil olan mütəxəssis rəyini təsdiqləməklə işi bitmiş hesab etmişdir. Haradan müəyyən olunmuşdur ki, alma ağacının hər il 18 kiloqram meyvə gətirir və onun 2006-ci ildən bu vaxta kimi kiloqramı 0,30 manata satılır; bundan əlavə, alma ağaclarının arasında əkilən artıq iki ildən çoxdur ki, meyvə gətirən 190 ədəd alça və gavalı ağaclarının gətirdiyi meyvələrə görə əldə ediləcək gəlirlər hesablanmamışdır. Halbuki məhkəməyə təqdim etdiyi fotoşəkildən də görünür ki, gavalı ağaclarında kifayət qədər meyvə vardır və onların 3 kiloqramı ən azından 0,40-1 manat aralığında satılır; - məhkəməyə mütəxəssis rəyində göstərilənlərin əksinə olaraq alma və gavalı meyvəsinin hektara nə qədər məhsul gətirməsi, onların qiymətləri barədə internet resurslarından çap etdiyi məqalələr və elmi araşdırmaları təqdim etsə də, məhkəmə buna əhəmiyyət verməmiş, mütəxəssis rəyinin həmin bu araşdırmalar fonunda nə qədər əsaslı olmasına qiymət verməmişdir; - məhkəmə tərəfindən iddiaçının 2006-cı ildən bu vaxta kimi əldən çıxmış fayda kimi çox az miqdarda ziyan dəydiyini hesablamaqla qətnamə qəbul etmiş, cavabdehin onun hesabına əsasız varlanmasına göz yummuşdur; - qarşılıqlı iddia da tamamilə əsassızdır və rədd olunmalıdır. Cavabdeh ondan heç bir pul məbləği tələb edə bilməz. Ona görə ki, qarşılıqlı iddia tələbinin əksinə olaraq cavabdehin həmin bağ sahəsində 170 ədəd meyvə ağacı əkməsi heç nə ilə sübut olunmur. Hansı ki, həmin ağaclar bağ sahəsini cavabdehə satmamışdan qabaq və ondan əvvəl əkdikləri ağaclardır, cavabdehin bağ sahəsinə ağacların əkməsinə dair heç bir sübutu yoxdur, iş üzrə verilmiş mütəxəssis rəyində də, ağacların cavabdeh tərəfindən əkilməsi ilə bağlı heç bir sübut yoxdur və ola da bilməz. Çünki bağ sahəsindəki alma ağaclarını cavabdeh əkməmişdir; əkilməmiş alma ağaclarına görə ağacların əkilmə xərclərini hər hansı sübut olmadan müəyyən edilməsi əsassızdır. Heç bir əsas olmadan alma və digər meyvə ağaclarına qulluq etməyə görə 20363,5 manat pul xərclənməsinin qeyd edilməsi əsassızdır. Həmin pulun xərclənməsi ilə bağlı heç bir sübut yoxdur və ekspert rəyinə də xərclənib deyil, xərclənə bilər yazılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-221/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilmiş İddiaçı 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub Cavabdeh verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Ayaz Mahmudov). Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2434/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-221/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Abbasov Aqil, hakimlər Əliyev Zaur və Məmmədov Vidadi). Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən gəldiyi nəticəni Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən onunla əsaslandırıb ki, həmin maddənin tələbi baxımından Cavabdeh ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malikdir. Gəlinən nəticədən belə qənaət hasil olur ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə Cavabdeh Mülki Məcəllənin 157.7-ci maddəsinə yaxşılaşdırmaları özündə saxlaya bilməsi nəticəsinə gəlibsə, demək məhkəmə onun vicdanlı sahib olmasını və meyvə ağacı əkməklə torpaq sahəsində yaxşılaşdırma işlər aparmasını da qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini (qarşılıqlı iddiaçının ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malik olması) Mülki Məcəllənin 135.4-cü maddəsi baxımından əsaslı hesab etmir. Qeyd edilən normaya görə torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İşin müəyyən edilmiş hallarına görə cavabdeh 0,50 ha torpaq sahəsində çoxillik əkmələr olan meyvə ağacları əkmişdir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 135.4-cü maddəsi çoxillik əkmələri də torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt kimi daşınmaz əşya hesab edir, belə olan halda, apellyasiya instansiyası məhkəməsi Cavabdeh ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malik olmasını qeyd etməklə həmin normanın tələblərin pozmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsini mümkün sayarkən gəldiyi bu nəticəni də qətnamədə əsaslandırmamış, çoxlu sayda meyvə ağaclarının onlara zərər vurulmadan bir yerdən çıxarılıb başqa yerə əkilməsinin müvafiq torpaq sahəsi və sonrakı yetişdirilmə imkanı baxımından mümkünlüyünü və ağlabatan olub-olmamasını müəyyən etməmiş, üstəlik, ağacların uzun müddətdən sonra çıxarılaraq yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsinin qeyri-mümkün olacağı halını da qeyd etməklə, özü də bu yaxşılaşdırmanın ayrıla bilən yaxşılaşdırma olmasına şübhə ilə yanaşmışdır. Həmçinin işdən ağacların sayı və növü, onların (və ya onlardan hansının) kim tərəfindən əkilməsinin müəyyən edilməsi görünmür. Qarşılıqlı iddiaçı 0,50 ha torpaq sahəsində 360 ədəd alma ağacı əkdiyni bildirmiş, qarşılıqlı cavabdeh buna etiraz kimi torpağı təhvil verdiyi vaxt oradakı ağacları özününü əkdiyini, qarşılıqlı iddiaçının onun əkdiyi 200 ağacı kəsib yerində gavalı ağacı əkdiyini demiş, ekspert rəyində isə ağacların sayı və növü başqa şəkildə qeyd edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilən mübahisəli məqamlara prosessual qaydaların imkan verdiyi çərçivədə hər hansı aydınlıq gətirilməmişdir (MPM 14.1-ci maddə). Halbuki qarşılıqlı iddianın həlli həmin həmin məsələləri aydınlıq gətirilməklə mümkün idi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, analoji iddialarda yaxşılaşdırmanın dəyəri ağacların sayı, növü, onların əkilməsi və aqrotexniki qaydada qulluluğuna çəkilən xərclə deyil, eyni və ya oxşar sayda və növdə olan meyvə ağacı əkilmiş müvafiq ölçüdə torpaq sahələrinin qiyməti ilə boş torpaq sahəsinin qiyməti arasındakı fərqlə müəyyən edilməli, eyni zamanda iddia tələbi həddindən çıxış edərək yaxşılaşdırmanın dəyərinin əmlakın dəyərindən artıq olmaması da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia tələbi üzrə iddia qismən təmin edilməli, İddiaçı 1000 (min) manat alınaraq Cavabdeh verilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar işə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(105)-1563/2023 nömrəli qərardadı ilə məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/8446-7/15xx-xx/8667 nömrəli ekspert rəyi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin olunarkən ekspertin qarşısında Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1.40 ha torpaq sahəsinin mübahisəli 0,50 ha sahəsinin ağaclar olmadan boş halda, eləcə də ağaclarla bir yerdə qiymətinin nə qədər təşkil etməsi və əkilən ağacların neçə illik ağaclar olması sualları qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Hüseyn Məmmədov və Elvin Qəhrəmanov tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasında yalnız müqayisə yanaşmasının tətbiq edilməsi məqsədəuyğun hesab edilərək belə nəticəyə gəlinmişdir ki, aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Quba rayonu, Hacıqayıb kəndində yerləşən, tədqiq olunan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji boş torpaq sahələrinin 1 sotunun hazırda mövcud olan orta bazar qiyməti təqribən 584,0 manat müəyyən edilmişdir. Buna görə tədqiq olunan torpaq sahəsinin ümumi sahəsinin 0.50 ha təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin boş vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 29000.0 manat (584 x 50.0 sot) məbləğində müəyyən edilir. Qeyd edilən Quba rayonu, Hacıqayıb kəndində yerləşən, tədqiq olunan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji ağac olduğu halda torpaq sahələrinin 1 sotunun hazırda mövcud olan orta bazar qiyməti təqribən 594,0 manat müəyyən edilmişdir. Buna görə tədqiq olunan torpaq sahəsinin ümumi sahəsinin 0.50 ha təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin ağaclar olan vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000.0 manat (594 x 50.0 sot) məbləğində müəyyən edilir. Həmçinin həmin ekspert rəyində “Bitki mənşəli maddələrin tədqiqi” ixtisası üzrə ekspert Pərvanə Rüstəmova tərəfindən aparılmış bioloji tədqiqata dair ekspertiza nəticəsində hər bir ağacın tumurcuq halqaları sayılaraq diametri və hündürlüyü ölçülərək müəyyən edilmişdir ki, həmin sahədə 379 ağac var, həmin ağaclardan 167-si alma, 209-u gavalı, 2-si alça, 1-i göyəm ağaclarıdır. 167 ədəd alma ağaclarından 09-u cırhacı cinsli alma ağacları olub 28-29 illik, 01 ədəd simirenko cinsli alma ağacı 3 illikdir. Qalan rəyin tədqiqi hissəsində cinsləri və diametrləri göstərilən 157 ədəd alma ağacları 25-26 illikdir. 209 ədəd gavalı ağaclarından 29 ədədi 16-17 illik, 180 ədədi 8-9 illik, 02 ədəd göyəm və 01 ədəd alça ağacları isə 16-17 illikdir. Yuxarıda qeyd olunmuş ekspert rəyinə əsasən müəyyən olunur ki, Quba rayonu, Hacıqayıb kəndində yerləşən boş torpaq sahəsi ilə ağaclarla birlikdə təxmini qiymətləri arasında 1.000 (min) manat fərq vardır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə əsasən cavabdeh iddiaçıya məxsus 0,50 ha torpaq sahəsindən çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia tələbi üzrə iddia qismən təmin edilməli, İddiaçı 1000 (min) manat alınaraq Cavabdeh verilməlidir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatdan 130 (yüz otuz) manat pul vəsaiti Cavabdeh, 20 (iyirmi) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X9, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia tələbi üzrə iddia qismən təmin edilsin. İddiaçı 1000 (min) manat alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatdan 130 (yüz otuz) manat pul vəsaiti Cavabdeh, 20 (iyirmi) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X9, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar