Məhkəmə qərarları › İş №2(050)-1592/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1592/2024

28.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1592/2024 28.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız sayılması və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin Masallı Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış R 291159 saylı aktın etibarsız sayılması və hesablanmış 533.69 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonu Çaxırlı kəndində özünə aid evi vardır. Evi Azərişıq ASC tərəfindən qanuni elektrik sayğacı ilə təmin olunmuşdur. O, da hər ay işlətdiyi işığın pulunu tam ödəmişdir. Azərişığa da heç vaxtı borcu olmamışdır. Bu ayın əvvəllərində Masallı işıq idarəsinin işçiləri evinə quraşdırılan sayğacı dəyişərək yeni SMART KART tipli sayğac quraşdırdılar. Lakin yeni sayğacın kartını ona verməmişlər. Səbəbini soruşduqda isə bildirdilər ki, 2023-cü ildə ona cərimə aktı yazılmışdır. Həmin pulu tam ödədiyi halda kartı ona verə biləyəyi bildirilmişdir. Sonda məcbur olub həmin günü də Masallı işıq idarəsinə getmişdir. Oradan ona bildirilmişdir ki, evində 2023-cü ildə kənar xətt olub, ona görə də akt yazılmışdır. Aktı nə zaman və harada yazıldığını soruşduqda ona heç nə deyilmədən sadəcə aktın kserosurətini ona vermişlər. Əvvəla bildirir ki evində heç vaxtı kənar xətt olmamışdır, sayğac da evindən kənarda yəni küçədə quraşdırılmışdır. O, da hər ay işıqdan istifadə etdiyinə görə ödənişlərini etmişdir. Həmin aktın yazılmasından da məlumatı olmamışdır. Bu səbəbdən də aktın etibarsız hesab edilməsi və əsassız yazılmış cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar X1 edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, iddiaçı qeyi-qanuni qoşulmadan istifadə etmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli, R 291159 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Çaxırlı kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar X1 etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Çaxırlı kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 291159) olaraq 533.69 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 04 aprel 2023-cü il tarixdə Masallı rayonu, Çaxırlı kənd sakini İddiaçı yaşadığı evinin elektrik sayğacından kənar X1 etdiyi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkməyə müraciət etmiş və 533.69 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2023-cü il tarixli, R 291159 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 533.69 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar