Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1605/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin tərəfindən tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 12960 kub metr borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evlərinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. Torpaq və ev X6ya məxsus olmaqla onun mülkiyyətində olsa da, həmin evdə olan qaz sayğacı qardaşı Allahverən Eynullayevin adında olmuşdur. X6 25 avqust 2003-cü il tarixdə, qardaşı Allahverən Eynullayev isə 23 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan ev və ona aid torpaq vərəsəlik qaydasında onun adına keçirilmiş və həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınaraq bu barədə ona müvafiq Çıxarış verilmişdir. O, Ərkivan qəsəbəsində başqa ünvanda yaşasa da, yuxarıda göstərilən anasına məxsus evə gedibgəlmişdir. Qardaşı Allahverənin də, ayrıca evi olmaqla o, da arabir anasına məxsus evə gedib-gəlmişdir. Çox vaxt da, anasını öz evində saxlamışdır. Bu səbəblərdən də, anasına məxsus evdə qardaşının adına olan sayğac müəyyən dövrlərdə az sərfiyyat qeyd etmiş, müəyyən dövrlərdə isə yaşayış olmadığına görə qazdan istifadə edilmədiyindən sayğac sərfiyyatı qeyd etməmişdir. Lakin qazın işlədilməsi zamanı qeydə alınmış sərfiyyatı həmişə nəzarətçinin bildirişi əsasında ödəmişlər. 2023-cü ilin mart ayının 15-də Qaz İstismar İdarəsinin əməkdaşları gələrək qaz sayğacını növbəti dövlət yoxlaması adı ilə aparmışlar. Bunun sayğacın köhnənilməsi ilə bağlı olmasını bildirmişlər. Sonradan isə məlum olmuşdur ki, 31 mart 2023-cü il tarixli ******* saylı akt tərtib edilərək qaz sərfiyyatı ilə bağlı əsassız borc hesablanmışdır. Lakin bu barədə onlara məlumar bildirilməmişdir. Nəhayət Masallı regional “ASAN Xidmət” mərkəzindən müvafiq sənədləri götürərkən bununla bağlı məlumat əldə etmişdir. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakları təmin edilməmiş, bununla bağlı izahatları dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti onlara göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin verilmiş məlumatından sonra Masallı Regional «Asan Xidmət» mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. 09 aprel 2025-ci il tarilxi çıxarışdan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində 0.0551 ha sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
8. Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın nömrəsi Lənkəran RQİİ-nin möhürlü kağızına əsasən yazıldı. Sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmadı. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x90=12960 m3.
9. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Masallı rayonu, Əkivan qəsəbəsində fərdi evdə quraşdırılmış smart qaz sayğacının dövlət plombu kəsilmişdir.
10. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Masallı rayonu, Əkivan qəsəbəsində fərdi evdə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın nömrəsi Lənkəran RQİİ-nin möhürlü kağızına əsasən yazıldı. Sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar olunmadı. Sayğac istismara yararsızdır. İtirilmiş təbii qazın dəyərinin hesablanması və ödənilməsi tələb olunmuşdur.
11. Abonentin saldosundan görünür ki, Masallı rayonu, Əkivan qəsəbəsində fərdi evində İddiaçı adlı abonentə 26 aprel 2023-cü il tarixdə G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********05720-dir. 2023-cü ilin mart ayında 12961 m3 qaz sərfiyyatına görə 1555,20 manat borc hesablanmışdır.
12. AZ-İ seriyalı 023717 nömrəli 29 avqust 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 avqust 2003-cü il tarixdə Masallı rayonu, Ərkivan kəndində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında kitabında 29 avqust 2003-cü il tarixdə 42 № ilə qeyd edilmişdir.
13. AZ-İİ seriyalı 447434 nömrəli 11 mart 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 23 yanvar 2021-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında kitabında 03 fevral 2021-ci il tarixdə 131 № ilə qeyd edilmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Masallı rayonu, Əkivan qəsəbəsində yerləşən fərdi evində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı abonentin ******* nömrəli sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar edilməmişdir. İddiaçıya 12960 kub/metrə görə 1555,20 manat məbləğində dəymiş ziyan borcu hesablanmışdır. Hesabat müddəti ümumi 90 gün qəbul edilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akta və tələbnamayə əsasən hesablanmış 12960 kub/metr ziyana görə hesablanmış borcun silinməsini xahiş edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
21. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğaca baxış keçirilən zaman sayğacın plastmas qapağının üzərində zavod qurğuşun plombu aşkar edilməmişdir. Müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur.
23. Bundan başqa itirilmiş qaz 90 gün müddətinə hesablanaraq (6x24x90=12960 m3) iddiaçıya 1555,20 manat borc yazılmışdır. Halbuki, mexaniki sayğaclara Cavabdeh nümayəndələri tərəfindən hər ay baxış keçirilir.
24. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 25 fevral 2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İşdən görünür ki, iddiaçı barəsində ******* saylı akt 31 mart 2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə şəxsin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayonu, Əkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********05720 abonent kodu üzrə İddiaçı 12960 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri:
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
27. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Masallı rayonu, Əkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli, həmin akt əsasında **********05720 abonent kodu üzrə İddiaçı 12960 m3 təbii qazdan istifadə ilə bağlı hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir.
28. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Masallı rayonu, Əkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında **********05720 abonent kodu üzrə İddiaçı hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov